Şuranın dəstəyilə mobil anbar platforması yaradılacaq

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə “İDRAK” Elmin İnkişafına Dəstək İctimai Birliyi “Yerli fermerlər, kənd təsərrüfatı və aqrar müəssisələri üçün vahid elektron və mobil anbar platformasının (sisteminin) yaradılması və istifadəyə verilməsi” adlı layihəni icra etməyə başlayıb. 
 
Layihədə müasir texnoloji tələblərə cavab verən, xüsusi imkanlara və üstünlüklərə malik olan, davamlı işləyən, yerli istehsalçıların və fermerlərin məhsullarını yerli və xarici bazara daha tez çıxarmaq və səmərəli şəkildə satmaq üçün elektron və mobil anbar platformasının (sisteminin) hazırlanması nəzərdə tutulub.
 
Son illər ölkəmizdə müasir texnologiyalardan istifadənin hüdudlarının genişlənməsi,və ilk növbədə ağıllı mobil qurğuların (smartfonların, planşetlərin) əhali və iş adamları arasında populyarlaşması bir çox xidmətlər kimi elektron ticarətin bir qolu olan mobil ticarətə də tələbatın artması və bu sahədə müsbət dinamikanın olması müşahidə olunur. Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunun bütün sahələrində - maliyyə, ticarət, biznes və s. informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. 
Beləliklə hazırlanması nəzərdə tutulan platformada yerli mağazalara (supermarket və yaşıl marketlərə, meyvə-tərəvəz satış nöqtələrinə), emal və istehsalla məşğul olan aqrosənaye şirkətlərinə,yerli sahibkar və fermerlər tərəfindən istehsal olunan məhsullar və onların qiymətləri haqqında operativ məlumat əldə etmək imkanı yaranacaq, məhsulların bir başa onlara çatdırılması təmin ediləcək, istənilən məhsula öncədən sifariş qəbul etmək imkanı yaradılacaq. Mağazalar və müəssisələr istənilən vaxt, istənilən yerdən smartfon və planşet vasitəsilə anbardan müxtəlif məhsullar sifariş edə biləcəklər.
 
Layihədən kənd təsərrüfat məhsullarının istehsalçıları, kənd-ailə təsərrüfatları (AMAL, AFAQ və ABAD layihələrin iştirakçıları), kənd təsərrüfat məhsullarının emalı,qida məhsullarının istehsalı və ya istehlakı ilə məşğul olan sahibkarlar, şirkətlər, aqroparklar və aqromüəssisələr, texnika, toxum və gübrə istehsalçıları və satıcıları, kooperativlər, assosiasiyalar və onların üzvlərinin faydalanması nəzərdə tutulub.