Yeni reallıqda reproduktiv sağlamlığın qorunması mövzusunda milli müzakirə təşkil edilib

qhtxeber.az  BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi 11 iyul – Ümumdünya Əhali Günü münasibətilə tərəfdaşları ilə yeni reallıqda reproduktiv sağlamlığın qorunması mövzusunda milli müzakirə təşkil edib.
 
Onlayn formatda keçirilən tədbirdə təşkilatın ölkə ofisinin rəhbəri Fərid Babayev, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova və institutun poliklinika şöbəsinin rəhbəri Gülnarə Rzayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və BMT-nin Əhali Fondunun gender və reproduktiv sağlamlıq məsələləri üzrə eksperti Səadət Abdullazadə iştirak edib.  
 
Onlayn müzakirələr zamanı pandemiyanın davam etdiyi dövrdə ölkənin səhiyyə sisteminin üzərinə düşən çətin vəzifələrin sırasında ilk yerlərdə dayanan əhalinin, xüsusilə qadınların və qızların cinsi və reproduktiv sağlamlığı və hüquqlarının təmin edilməsi və bununla bağlı görülmüş və görüləcək işlər ətrafında məlumat və fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu gün bütün dünyanın keçdiyi ağır pandemiya sınağı ilk növbədə ayrı-ayrı iqtisadiyyatların, oturuşmuş sosial mexanizmlərin və ən başlıcası isə səhiyyə sistemlərinin üzərinə çox böyük təzyiq göstərir. Pandemiya nəticəsində dünyanın əksər yerlərində qadınlar və qızlar cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışdan məhrum olub, bir sıra ölkələrdə isə pandemiyanın ilk günlərindən etibarən qadınların sosial təcrid şəraitində məişət zorakılığına daha çox məruz qalması halları qeydə alınıb. BMT-nin Əhali Fondunun proqnozuna görə, pandemiya ilə əlaqədar qlobal miqyasda karantin rejimlərinin daha 6 ay davam etməsi əlavə 31 mln. gender-əsaslı zorakılıq halının, uzadılan hər növbəti 3 ay ərzində isə daha 15 mln. halın törədilməsinə səbəb ola bilər.  
 
Qeyd olunub ki, bu kimi çağırışların öhdəsindən gəlmək üçün BMT-nin Əhali Fondu qlobal miqyasda hökumətlərlə pandemiya ilə mübarizə və ictimai səhiyyə sistemlərinin gücləndirilməsi istiqamətində əməkdaşlığını daha da genişləndirmişdir. Bu məqsədlə təşkilat pandemiya əleyhinə effektiv cavab tədbirləri ata bilmələri üçün bir çox ölkələrin milli səhiyyə sistemlərinin potensialının gücləndirilməsinə yardım edir, evdə və ya karantin altında olan qadınların keyfiyyətli cinsi və reproduktiv sağlamlıq xidmətləri və vasitələri ilə təminatına öz töhfəsini verir, fərdi qoruyucu vasitələrin çatdırılmasına məsul olan təchizat sistemlərinin fasiləsiz işləməsinə dəstək verir. 
 
Diqqətə çatdırılıb ki, Azərbaycanda da pandemiya müddətində BMT-nin Əhali Fondu hökuməti təmsil edən tərəfdaşları ilə birlikdə bu istiqamətlərdə mühüm işlər görməyə nail olub. Ötən müddət ərzində Fondun ölkə nümayəndəliyi müəyyən sayda fərdi qoruyucu vasitələrin ölkəyə gətirilərək hamilələrin, yenidoğulmuşların və gənc anaların sağlamlığı ilə məşğul olan səhiyyə qurumlarına, məişət zorakılığına məruz qalmış qadınların sığındığı qadın sığınacaqlarına, eləcə də digər həssas əhali qrupları ilə işləyən tərəfdaşlarına paylanılmasını həyata keçirib. Bununla yanaşı, cinsi və reproduktiv sağlamlıqla bağlı geniş əhali qruplarının maarifləndirilməsi işinə töhfə vermək məqsədilə təşkilat maarifləndirici materiallar ərsəyə gətirərək milli tərəfdaşları sayəsində bu məlumatların geniş kütlələrə çatdırılmasını təmin edib. 
 
Çıxış edən digər natiqlər təmsil etdikləri qurumların adından BMT-nin Əhali Fondu ilə əməkdaşlığı yüksək qiymətləndirib, xüsusilə pandemiya dövründə birgə həyata keçirilmiş fəaliyyətlərin səmərəliliyini vurğulayıb və qarşıdakı post-pandemiya dövrünün çağırışlarına cavab verə bilmək üçün mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini ifadə ediblər.