Çin KİV-ləri Ermənistanın son təxribatını diqqətdə saxlayır

Çinin kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatını diqqətdə saxlayır.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, milli xəbər agentliyi Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, nüfuzlu "China Daily" qəzeti və digər xəbər portalları mövzu barədə xəbərlər yayıb.
 
Sinxua agentliyinin xəbərində Azərbaycanın Müdafiə Nazirliyinə istinadla qeyd olunur ki, artilleriya atəşi nəticəsində Azərbaycanın hərbçiləri həlak olub.
 
"China Daily" isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasından sitat gətirərək yazır ki, Ermənistanın artilleriya qurğularından istifadə etməklə hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Məqalədə Azərbaycan rəsmisinin Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı vaxtda bu hücum və təxribat əməlini törətməsi barədə fikri də qeyd olunub.
 
Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfinin iriçaplı silahlardan istifadə edərək atəşkəs rejimini pozması barədə məlumatı da məqalədə əks olunub.
 
"China Daily" oxucularına Dağlıq Qarabağ münaqişəsinin tarixi, habelə 2016-cı ilin aprelində təmas xəttində baş verən toqquşma barədə də qısa məlumat verib.