Ahıllara dəstək, tənhalara dayaq olaq

Ruhiyyə Məmmədova


İnsan ömrü təkrarolunmazdır. Yalnız bir dəfə yaşanır. Onu ahıl yaşınadək yaşamaq – ən böyük xoşbəxtlikdir. 
 
Ömür yolunun körpəlik çağları kimi qocalıq illəri də ən həssas və kövrək münasibət tələb edən zaman kəsiyidir. Hər bir insana körpəlik dövründə olduğu kimi, yaşa dolduğu, qocaldığı zaman da xüsusi diqqət və qayğı göstərmək, sevgi, hörmət və anlayışla yanaşmaq lazımdır – hamımız gec-tez bu mərhələyə qədəm qoyacağıq. Qismətimiz olarsa...
 
Ahıllar bizim nənə və babalarımızın nəslidir. Uzun ömür yolu keçmiş bu yaşlı insanlar həm düşüncə tərzi və mənəvi aləmləri, həm də xarakter və həyat təcrübələrinə görə fərqlidirlər. Onları bir araya gətirən insan həyatının ən böyük sərvəti – yaşanmış illərdir.
 
Təəssüf ki, bir çox yaşlı insanlar xəstəlikdən və qocalıq dövrünün məlum  fəsadlarından əziyyət çəkirlər. Gənc yaşlarında heç bir səy göstərmədən, çox asanlıqla nail olduqlarına ahıl yaşında sahib çıxmaq onlara çox çətindir. Ahılların köməyə ehtiyacı var.
Xalqımızın tarixində ən ağır sınaqlar yaşlı nəslin üzərinə düşüb. Ahıllarımız alman faşizmi ilə müharibə, sovet imperiyasının süqutu, dövlət müstəqilliyimizin bərpası, erməni təcavüzü kimi tarixi hadisələri yaşamış olublar. Müasir Azərbaycanın davamlı inkişafının təməl daşı üzərində ata və babalarımızın imzası var. 
Təəssüf ki, bu gün yaşlı insanlar arsında tənha və köməksiz olanlar az deyil. Onların gündəlik həyatda təmin edilmələri üçün yalnız tibbi xidmətə, dərmanlara və ərzağa deyil, bəzən yalnız ani diqqətə və qayğıya ehtiyacı var. 
 
Bu gün yaşlılara qayğı dövlətimizin və bütün cəmiyyətimizin prioritet vəzifələrindən biridir. Ulu Öndər Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olundu və ölkənin yaşlı vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi dövlətin sosial siyasət kursunun mühüm tərkib hissəsinə çevrildi.  
 
Milli və bəşəri dəyərlərə söykənən bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Dövlət rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlarda hər zaman ahılların maraqları, sosial statusu mütləq qaydada nəzərə alınır. Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması və s. bağlı bir sıra sərəncamlar yaşlı insanların sosial vəziyyətinin yaxşılaşmasına, maddi rifahının yüksəldilməsinə yönəlmiş addımlardır. Bu gün tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir, yeni pansionatlar inşa olunur və istifadəyə verilir. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir. İlkin mərhələdə 10 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara göstərdiyi diqqət və qayğı da ölkə əhalisi, xüsusilə də yaşlı insanlar tərəfindən çox böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə Fondda mütəmadi olaraq ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır. Birinci xanım və qızı Leyla Əliyevanın Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərlə görüşləri xoş ənənəyə çevrilmişdir. Mehriban xanım daim sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanır, onların sosial problemlərinin həllini, rahat yaşamaları üçün hər cür şəraitin yaradılmasını təmin edir, ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirir. 
 
Biz Heydər Əliyev Fondunun sosial yardıma ehtiyacı olan və bu ehtiyacı ödəmək iqtidarında olmayan yaşlı və tənha insanlara göstərdiyi dəstəyin bariz nümunəsini məhz bu günlərdə, bütün dünyanı bürümüş və bizdən də yan keçməmiş ümumbəşəri bəlanın tüğyan etdiyi pandemiya dövründə gördük. Nəcib əməlləri ilə hər birimizə örnək olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə imkansız ailələrə, qocalara və tənha insanlara Fond tərəfindən yardım göstərildi, ahıllara ərzaq məhsulları və dərman ləvazimatları çatdırıldı.
Yaşlı insanlara diqqət və qayğı yalnız dövlətin vəzifəsi deyil, hər bir vətəndaşın borcudur. Cəmiyyətimizdə könüllü olaraq, fərdi təşəbbüslə ahıl və tənha insanlara qayğı göstərib kömək edən insanlar çoxdur. Onlarla birgə addımlasaq sosial durumumuzdan, maliyyə imkanlarımızdan asılı olmayaraq hər birimiz diqqətə və köməyə ehtiyacı olan yaşlılar üçün faydalı işlər görə bilərik.
 
Ahıllara dəstəklə bağlı dövlət siyasətinin gerçəkləşməsində ictimai qurumlar, qeyri-hökümət təşkilatları da fəal iştirak edir. Beş il bundan öncə təsis edilmiş “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin başlıca fəaliyyət istiqaməti yaşlı insanların sosial problemlərinin həllinə yardım etməkdən ibarətdir. Birlik əhalinin sosial müdafiəsi sahəsində dövlətimizin həyata keçirdiyi tədbirləri təbliğ etməklə, yaşlı insanların sosial müdafiəsi sahəsində araşdırmlara dəstək verməklə, bu sahədə geniş maarifləndirmə işi aparmaqla müxtəlif növ tədbirlər təşkil edir, layihələr həyata keçirir, dövlət və ictimai qurumlar, digər QHT-lərlə sıx əməkdaşlıq edir, ətrafında yaşlı nəslə xüsusi hörmətlə yanaşan, ahıl və tənha insanlara həmdəm olmağa, onlara mənəvi dəstək və maddi yardım göstərməyə çalışan həmvətənlərimizi cəmləşdirir.
İctimai Birliyin fəaliyyətini maliyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ahıl və tənha insanların sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələrə xüsusi önəm verir, onların dolğun və məzmunlu şəkildə gerçəkləşməsinə köməklik göstərir. 
Birliyin fəaliyyətinə yaşlı insanlara qayğıkeşlik hissi ilə yanaşan könüllülərli cəlb etmək ölkə prezientinin təşəbbüsü ilə “Könüllülər İli” elan edilən 2020-ci ildə qarşımızda duran vacib məsələlərdən biri oldu. Qəlbi həssas və kövrək ahıllara, tənhalığa qapanmış insanlara yalnız şüurunun hökmü ilə deyil, həm də könlünün istəyi ilə dəstək olmaq istəyənləri ətrafımıza toplamağa çalışırıq. Fəaliyyətimizə könüllü gənclərin qoşulması xüsusilə önəmlidir. Layihələrin icrasında, tədbirlərin təşkilində gənclərin fəal iştirakı nəsillər arasında dialoqun yaranmasına, yeni nəsil təmsilçilərinin milli adət və ənənələr ruhunda tərbiyə olunmasına, yaşlı nəslə hörmət və qayğı ilə yanaşan ölkə vətəndaşı kimi formalaşmasına, ahılların isə öz zəngin həyat təcrübələrini gənclərlə bölüşməsinə geniş şərait yaradır.
 
Bu gün “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi ölkəmizdə geniş vüsat almış könüllülər hərəkatına dəstək verərək gənclərə səslənir: bizə qoşulun, yaşlı insanlara birlikdə dəstək, tənhalara birlikdə dayaq olaq... 
 
Alnı qırışlı, əli qabarlı ahılların sayğı və diqqətimizə ehtiyacı var. Onlara qayğı göstərməkdə vaxtımızı və gücümüzü əsirgəməməliyik. Unutmamalıyıq ki, ömrünün qocalıq dövrünü yaşayan, bəzən də tənha yaşayan bir kəsə ünvanlanmış hər şirin kəlmə, hər savab əməl onu sevindirir, qəlbinə rahatlıq verir, həyat eşqini sönməyə qoymur. 
 
Gəlin bu hissləri ahıl və tənha insanlara birgə yaşadaq.
 
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri