Prezident İlham Əliyev: Qeyri-hökumət təşkilatlarını cəlb edin

Xəbər verdiyimiz kimi, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.
 
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb.
 
Sonra Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Prezidentin köməkçisi Zeynal Nağdəliyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Maliyyə naziri Samir Şərifov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov hesabat xarakterli çıxışlar ediblər, Prezidentin suallarını cavablandırıblar.
 
Prezident İlham Əliyev yekun nitqində deyib:
 
"Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda, proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə Ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.
 
Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək.
 
Təbii ki, bütün bu işlər böyük vəsait tələb edir. Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir. Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır.
 
Əlbəttə ki, bütün bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu tapşırığı da mən verirəm. Bunu da hazırlayın ki, bundan sonra bu işlər ancaq koordinasiyalı şəkildə görülsün - komissiya, aidiyyəti qurumlar. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurumumuz var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər, nəzarət etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun, biz yaxın gələcəkdə su təhlükəsizliyimizlə olan problemləri də həll edək. Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır. Sağ olun.