COVID-19 virusu ilə əlaqədar gənclər arasında poster yarışı elan olunur

Gənclər və İdman Nazirliyi COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar əhalinin elan olunmuş karantin rejiminin qaydalarına və sanitar-epidemioloji normalara daha çox riayət etmələri məqsədilə gənclər arasında poster (mem) sosial yarışı elan edib.
 
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın məqsədi daha çox insanın yoluxmasının qarşısının alınması üçün ictimai nəzarətin və qınağın təşviq edilməsidir.
 
Yarışda iştirak etmək istəyən gənclər Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar və COVID-19 ilə bağlı tətbiq olunan normaları nəzərə alaraq poster yaratmalıdır. Posterdə ictimai davranışa riayət olunmamasının yarada biləcəyi fəsadlar, cəmiyyət üçün yaranan təhlükələr və bu səpgili digər mövzular əhatə edilməlidir. Poster JPEG formatda təqdim olunmalıdır. Hər iştirakçı yalnız bir poster təqdim edə bilər.
 
Yarışda iştirak etmək istəyənlər hazırladığı posteri avqustun 15-dək memyarish@gmail.com elektron ünvanına göndərməlidirlər. Müraciət olunarkən müəllifin adı, soyadı, mobil telefon nömrəsi qeyd edilməli, iştirakçı barədə qısa məlumat da verilməlidir.
 
Təqdim edilmiş şüar və posterlər nazirliyin “Facebook” səhifəsində yerləşdiriləcək və daha çox bəyənmə toplayanlar qalib elan olunacaqlar. Qaliblərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim ediləcək. Həştəqlər: #bizbirlikdəgüclüyük, #memsAZ, #evdəqal, #MysGovAz #GənclərvəİdmanNazirliyi
 
 

SON ƏLAVƏLƏR