Şuranın dəstəyilə QHT Neftçalada əhalinin içməli su ilə təmin olunmasına yardım edir

qhtxeber.az  Kür-Xəzər Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Neftçalada içməli su probleminin aradan qaldırılması istiqamətində xidmətlərin göstərilməsi” layihəsinin icrasına start verib. 
 
Layihənin başlanması ilə əhalinin bir qisminin içməli sudan istifadəsi daha da əlçatan oldu. Birlik, layihənin icra planına əsasən Neftçala şəhəri, qəsəbə və kəndlərdə modul tipli su qurğularının anbarlarını su ilə təmin edir. 
 
Bu barədə qhtxeber.az-a məlumat verən QHT sədri Akif Kərimov bildirib ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışmış, nəticədə Kürün Xəzərə qovuşduğu Neftçala rayonunda içməli su problemi yaranmışdır. "Problemin yarandığı gündən Kür-Xəzər Xeyriyyə İctimai Birliyi neftçalalıların yanında olub və əhalinin içməli su ilə təmin olunmasına yardım göstərib. Neftçala rayonu ərazisində 42 ədəd modul tipli sutəmizləyici qurğu mövcuddur. Hal-hazırda Salyan rayonundan təmiz su gətirilərək modul tipli su qurğularına boşaldılmaqla və sudaşıyan texnikalarla kəndlərə su daşınmaqla içməli su təminatındakı problem qismən aradan qaldırılır. Kür- Xəzər Xeyriyyə İctimai Birliyi missiyasına uyğun olaraq xeyriyyə işlərini davam etdirir, modul tipli su qurğularından əlavə aztəminatlı ailələrin və fiziki qüsurlu insanların da içməli su təminatına dəstək verir".