Şuranın dəstəyilə milli-mənəvi dəyərlərimiz müzakirə olunub

qhtxeber.az  “Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Milli azlıqlar arasında mədəni sərvətlərimizin və dəyərlərimizin tanıdılmasına dəstək” layihəsi çərçivəsində video konfrans formatında ilk tədbirini keçirib. 
 
Konfransa Zaqatalada yaşayan millətlərin nümayəndələri və yeniyetmələr qatılblar. “Milli-mənəvi dəyərlərimiz: keçmişdən bu günə çatan sərvətimiz” mövzusunda müzakirələrin aparılması konfransın gündəliyində duran əsas məsələ olub.
 
Video konfransı layihənin rəhbəri Elmira Mehdiyeva açaraq bildirib ki, Bakı Multikulturalizm Mərkəzinin tərəfdaşlığı ilə keçirilən layihənin məqsədi milli-mənəvi dəyərlərin, mədəni sərvətlərimizin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının bölgədə yaşayan milli azlıqlar arasında təbliğini aparmaqdır. O, hər kəsi müzakirələrdə fəal iştirak etməyə, mədəni sərvətlərimizin qorunmasında və tanıdılmasında müşahidə etdikləri  çatışmazlıqları qeyd etməyə çağırır. 
 
Ekspertlər İbrahim İbrahimov və Mohubalı Nağıyev mövzu ətrafında geniş məlumat veriblər. Hər iki ekspert öz çıxışını tarixi faktlar əsasında quraraq Azərbaycan xalqının min illiklər ərzində yaratdığı maddi və mənəvi sərvətlərdən danışıb, əsrlər boyu bu sərvətlərin üzdəniraq qonşular tərəfindən talandığını nəzərə çatdırıblar. Azərbycanın mədəni sərvətlərinin yaranmasında orada yaşayan azsaylı xalqların da əməyinin olmasını bildiriblər. Qeyd edilib ki, bu gün torpaqlarımız işğal altındadır. İşğalda olan torpaqlarımızda ermənilər mədəniyyət abidələrimizi dağıtmış, bir-çoxlarını isə öz adına çıxmışlar. Ona görə də mədəniyyətimizi qorumaq və onu yadelli işğalından xilas etmək üçün birgə səy göstərilməli, beynəlxalq ictimaiyyətə bu həqiqətlər çatdırılmalıdır.
 
İştirakçılardan Gülnigar Məmmədova, Şəhla Ağayeva, Elmira Mehdiyeva, Leyla Məmmədova və başqaları mədəni sərvətlərimizin qorunmasının, həm maddi, həm də mənəvi sərvətlərimizin gənclərə tanıdılmasının vacibliyindən danışıblar. 
 
Video konfransda gənclərin və yeniyetmələrin müzeylərə, tarixi məkanlara səfərlərinin təşkilinin vacibliyi, məhz həmin məkanlarda onlara bu sərvətlərin onlara aid olduğunu izah etmək, bölgədə mövcud olan abidələrin tarixi haqqında müxtəlif müzakirələr keçirmək, məktəblilər arasında mədəniyyət abidələri haqqında yazı müsabiqələri keçirmək kimi təkliflər irəli sürülüb. Video konfransda deyilən hər bir təklif layihə rəhbəri tərəfindən qeydə alınıb.