QHT sədri: “Bir ürəkdə iki can”ın orduları qardaşdır”

"Azərbaycan Respublikası ilə qardaş Türkiyə arasında əməkaşlığın bütün digər sahələri ilə yanaşı, hərbi sahədə də əməkdaşlıq olduğu heç kəs üçün sirr deyil". 
Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
 
Əkbər Qoşalı vurğulayıb ki, bəli, iki qardaş və qonşu ölkənin – “bir ürəkdə iki can”ın orduları da qardaşdır, dostdur, bundan da artıq dərəcədə əməkdaşlıq qardaşlıq və dostluğumuzun qüruru, təntənəsidir.
 
“Dövlətlərimizin siyasi iradəsi, iqtisadi imkanları silahlı qüvvələrimiz arasındakı yüksək əməkdaşlıq ruhunda və praktikasında özünəməxsus şəkildə iştirak edir. Əlbəttə, ortaq köklərə, qardaşlıq hüququna sadiqlik vardır, lakin siyasi iradə, iqtisadi imkanları gözardı etmək sadəcə mümkün deyil və bunlar bir-birinə bağlıdır. Milli silahların istehsalı, başqa ölkələrdən çağdaş silahlar alınması, irimiqyaslı təlimlər keçirmək, bunlar iqtisdi qüdrət tələb edir.
 
Birgə təlimlər ilk dəfə keçirilmir, bununla belə məhz bu il daha çox reaksiya doğurduğu məlumdur. Bunun səbəbi, cəbhənin Tovuz istiqamətində düşmənin növbəti hücum cəhdi və cavabını alması nəticəsində baş verənlərlə bağlana bilər. Qardaş Türkiyənin Tovuza düşmən hücumuna ilk gündən, ən yüksək səviyyədə və çox sərt şəkildə reaksiyası, qardaşlıq qürurumuzdur və dostun da, düşmənin də gördüyü bir həqiqətdir. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin Aralıq Dənizində, Liviyada hərbi güc nümayişi, ölkəiçi və sınırdışında terrorçulara ağır zərbələr vurması da, bu ilki təlimlərə diqqət və marağı artırıb.
 
İllik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüv¬vələrinin iştirakı ilə iyulun 29-da başlamış və 10 avqust tarixinədək davam edəcək genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş birgə təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Naxçıvanda, Bakıda qarşılanma törənləri sosial mediada qısa müddət ərzində onminlərlə insan tərəfindən baxılıb.
 
Bəlli olduğu kimi, təlimlərə iki qardaş ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.
 
Biz bu təlimlərlə, sanki işğal altındakı torpaqlarımız azad edilirmiş kimi bir qənaətə malik olmasaq da, sıradan bir hadisə də saymırıq. Doğrudur, bu, bir təlimdir, əvvəllər də olub, yenə olacaq. Başqa ölkələr də bənzəri birgə təlimlər keçirir, lakin bayaq vurğuladığımız kimi, təlim vaxtından az öncə Tovuzda yaşananlar, düşmən hücumuna Türkiyənin reaksiyaları və digər reaksiyalar fonunda, bu təlimlərə bir xeyli başqa anlamlar da yüklənmiş, yaraşdırlmış oldu. Söhbət bir-birinə yaxınlığı müstəsna olan iki qardaş və qonşunun ordularından gedir. Burada tarixdə yaşanmış unudulmaz hadisələr də var. 102 il öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda 1130 şəhid verən qardaş ölkə, babalarının hərbi ənənələrini davam və inkişaf etdirmək əzmini gizlətmir. Bu əzm, iradə və qardaşlıq bağları Çanaqqalaya könüllü savaşmağa getmiş babalarımızın əzmi ilə süslənir, çiçəkləyir, gözəllik kəsb edir. İki qardaş ölkənin bir-birinə təmənnasız dəstəyinə dair çoxlu örnəklər var. Və bugün daha yeni örnəklər yaratmağa heç kim mane ola bilməz.
 
Təsadüfi deyil ki, qardaş ölkənin Cümhurbaşqanı cənab Ərdoğan yaxın günlərdə eynən bu fikirləri söylədi: “Suriyada məzlumların fəryadlarına biganə qalmadığımız kimi, Liviyada da ölkənin qanuni hakimiyyətinin əməkdaşlıq çağırışını cavabsız qoymadıq. Azərbaycanlı qardaş¬larımızın da və¬tənlərini müdafiə haqqını eyni anlayışla dəstəkləyirik.
 
…Bu gün də özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi sahədə mübarizə gərək¬dirsə, onu vermək üçün heç bir tərəddüd etməyəcəyik”.
 
Əcdadlarımızın ruhu şad olsun!
Qardaşlığımız əbədidir!”.