QAT sədri: “Bunları görməmək üçün gərək kor və kar olasan”

“Azadlıq” qəzetinin köhnə yazarı, həm də redaktoru Rövşən Hacıbəylinin “Azadlıq” və “Meydan TV” -də yer almış “Qarabağ həqiqətləri: çatdırılma... pulludur” adlı yazısı diqqətimi çəkdi. Bəlkə heç münasibət də bildirməzdim, çünki bu cür qərəzli mövqedə olanlar çox azdır, onlara inananlar ondan da azdır. Amma bu cür adamların da yanlış və qərəzli fikirlərdən uzaqlaşmalarında da bir fayda var. Hər halda biz borcumuzdan çıxırıq, düz olanı onların nəzərinə çatdıraq. Ola bilər ki, hələ tam itirilmiş adamlar deyildirlər.
 
Bunu Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyinin sədri Akif Nağı musavat.com saytının redaksiyasına göndərdiyi məqaləsində bildirib.
 
Məqalədə deyilir:
 
Birincisi, bu adam deyir ki, iqtidar Qarabağ həqiqətlərinin təbliği üçün milyonlar xərcləyir, amma bir nəticəsi yoxdur. Məsələn, Tovuz istiqamətində generalımız və digər vətəndaşlarımız həlak oldu, amma dünya reaksiya vermədi. Tamamilə yanlış tezisdir, necə yəni reaksiya vermədi? Bütün dünyada Azərbaycanın müdafiəsinə izdihamlı aksiyalar keçirildi, beynəlxalq qurumlar, əksər dövlətlər Ermənistanı qınadı, Ermənistana heç KTMT də dəstək vermədi. Bunları görməmək üçün gərək ya kor və kar, ya da dəhşətli dərəcədə qərəzli olasan.
 
İkincisi, yazır ki, QHT-lərə Dövlət Dəstəyi Şurası Qarabağ həqiqətlərinin xarici ölkələrdə təbliği üçün layihələri kütləvi şəkildə maliyyələşdirir, amma heç bir layihə həyata keçirilimir, pullar yeyilir. Qrant vəsaitləri verilmiş bir çox QHT-lərin adı çəkilir, hər biri də pul yeməkdə ittiham olunur. Bunları demək üçün gərək adam vicdanını tam itirmiş ola. QHT Şurasına, onun rəhbəri, millət vəkili Azay Quliyevə sağ ol demək gərəkdir ki, Qarabağ məsələsini, Qarabağ həqiqətlərinin təbliğini bu cür gündəmdə saxlayır. Adları çəkilən QHT-lərin hamısı öz layihələrini vicdanla yerinə yetiriblər, hər biri fədakarlıq göstəriblər. R.Hacıbəylinin təmsil etdiyi düşərgə, siyasi partiya, media qurumlarının Qarabağla bağlı bu günə qədər heç bir işi olmayıb, bu da danılmaz faktdır. “Meydan TV” dedikləri 2018-ci ildə Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə keçirilən Qarabağ mitinqini elə təqdim etdi ki, heç ermənilər də elə təqdim etməmişdilər. Minlərlə insanın iştirak etdiyi mitinqi sanki 100 nəfərin qatıldığı mitinq kimi göstərdi. Bununla da göstərmək istədi ki, Azərbaycanda Qarabağı istəyən yoxdur, bu yanaşma erməni yanaşmasından, ermənilərin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil. Bu gün bütün dünyada aksiyalar keçirilir, fədakar soydaşlarımız Azərbaycan mövqeyindən çıxış edir, bütün parametrlərdə erməniləri üstələyir. Ermənilər özlərinin aciz durumuna ağlayır, çabalayır, sizlər də bu hərəkətlərinizlə ermənilərin yanında yer alırsınız, onların sifarişini yerinə yetirirsiniz.
 
Müəllif Qarabağ Azadlıq Təşkilatının QHT Şurasından qrant almasını xüsusi vurğulayır. Sizlər dünyanın hər yerindən, “Soros”undan tutmuş xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qədər ildə yüz minlərlə dollar, avro qrant alırsınız. Ortaya bir iş də qoya bilmirsiniz. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq ildə QHT Şurasından təxminən 10 min manat alırıq, başqa heç bir qurum bizə qrant vermir. Onu da bizə çox görürsünüz. Biz sizlərdən fərqli olaraq, qrantı cibimizə qoymuruq, müxtəlif ölkələrdə, o cümlədən, Türkiyə, İran, Gürcüstan, Ruxiya, Avropada Qarabağ həqiqətlərinin təbliğinə, kitab, broşür, bukletlərin çapına, konfransların keçirilməsinə xərcləyirik. Nəzərinizə çatdırıram ki, bu vaxta qədər Türkiyədə böyük konfranslar keçirmiş, vali, bələdiyyə başqanları, millət vəkilləri ilə çoxlu sayda görüşlər keçirmişik, İranın Təbriz, Ərdəbil, Urmiya universitetlərində 250-300 nəfərin iştirakı ilə konfranslar keçirmişik, Gürcüstanda, Rusiyada izdihamlı tədbirlər reallaşdırmışıq, Almaniyada yerli soydaşlarımızla birlikdə ötən ilin iyul ayında Qarabağ mitinqi keçirmişik, Azərbaycan, rus, ingilis, alman, türk, fransız, fars, ərəb, gürcü və digər dillərdə min tirajlarla kitablar, broşürlər çap edib paylamışıq. Hər il Qarabağa aid 4-5 kitab, o cümlədən “Qarabağ gündəliyi”, “Qarabağ dünən, bu gün və sabah” kitablarını çap edirik. Hər il “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktiki konfrans keçirilir, dünyanın bir çox ölkələrindən mütəxəssislərin iştirak etdiyi bu konfransın materiallarını kitab şəklində çap edirik. Bizim təşəbbüsümüzlə Beynəlxalq Qarabağ Forumu adlı qurum yaradılıb, hazırda qurumda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İsveç, İsveçrə, Almaniya, Belçika, ABŞ-dan təşkilatlar təmsil olunur. Qurumun məqsədi Qarabağ həqiqətlərinin təbliği üçün beynəlxalq şəbəkənin yaradılmasıdır.
 
Biz gördüyümüz işləri heç vaxt gözə soxmuruq. İndi işlərimizlə bağlı lap qısa məlumat verdim ki, kor gözlər, kar qulaqlar, heç olmasa nəisə görə, eşidə bilsinlər. Hər kəs Azərbaycanımız, Qarabağımız naminə gücü çatan işi görməlidir. Bunu R.Hacıbəyli və yandaşlarının nəzərinə çatdırıram ki, boş-boş danışmaqdan, ona-buna çamur atmaqdansa, bir işin qulpundan yapışsınlar. Bizimlə də işiniz olmasın, qoyun işimizlə məşğul olaq. Sokrat kişi demişkən, sizlər yemək üçün yaşayırsınz, bizlər yaşamaq üçün yeyirik. Başqa cür desək, sizlər qrantı yemək üçün, bizlər isə bir işə sərf etmək üçün alırıq. Bir dostum demişkən, kirimişcə oturun yerinizdə.