QHT sədri: Tələb çox bəsitdir

"Ümumiyyətlə insanların davranışında, düşüncəsində dəyişiklik aparmaq çox mürəkkəb bir məsələdir. Sanki insanların beyni başqa canlılardan fərqli olaraq daha çox möhürlənib və dəyişmək istəmir. Biz bunu pandemiya dövründə bir daha gördük. Bütün dünya eyni bir çağırışı etməyə başladı, buna baxmayaraq hətta ölüm qorxusu belə insanların davranışında 100 faiz dəyişiklik edə bilmədi. Dəfələrlə qeyd etmişəm ki, bütün canlılara xas olan qorxudan qorunmaq üçün üç metod var. Təhlükə gəldikdə canlılar ya ona hücum edər, ya qaçarlar, ya da gizlənərlər. Bu aydın aksioma bütün canlılara, hətta heyvanlara belə xas olan instinkt təəssüflər olsun ki, insanlara çox çətinliklə çatır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
 
Onun sözlərinə görə, yaxınlarında olan bir şəxsin ölüm qorxusu belə bəzi insanlara təsir etmədi: "Baxmayaraq ki, ölüm qorxusu çox həssas məsələdir. ÜST-nın maska taxın çağrışı ilə bir daha insanlara davranışlarını dəyişməkləri gərəkdiyi barədə bir mesajdır. Bu virusdan qorunmaq üçün çox çətin bir şey tələb olunmur. Tələb çox bəsitdir. Tibbi maskalardan istifadə etmək və sosial məsafəni qorumaq. Çox təəssüf ki, biz hələ də ictimai yerlərdə maskadan istifadə etməyən, sosial məsafəni qorumayan insanlara rast gəlirik. Onlar həmçinin özlərini və öz ailələrini də qorumaq istəmirlər. İş yerində bir otaqda oturan üç gəncin dünyasını dəyişdiyini bir çox acı şəkildə təcrübə etdik və saymaq istəmədiyim bir çox hal yaşandı bu virusla əlaqədar. Lakin bəzi insanlar bu məsələyə yenə biganə qaldılar".
 
E. Hüseynov bildirib ki, cəmiyyətin hər bir fərdinin bu məsələyə həssas yanaşması vacib şərtlərdəndi: "İnsanlar həyatlarını dəyişmək üçün hazır olmalıdırlar. Düşünürəm ki, pandemiya bütün xalqlarda, o cümlədən Azərbaycan vətəndaşlarında yeni bir davranış, baxış tərzi, çevik dəşimə tərzi yaradacaq. Bu cür hal 100 illərdən bir yaşanır və görünür insanlar bu zamanlarda həyatlarında radikal dəyişikliklərə məcbur olurlar. Vətəndaşlarımız çimərliklərdə, insanların çox toplaşdığı məkanlarda karantin qaydalarına əməl etməlidirlər. Əgər hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməsə, bu pandemiyanın yenidən başlamasına gətirib çıxara bilər. ÜST-nın maska taxın çağırışına hamı qoşulmalı və bunu bir həyat tərzinə çevirməlidir".