Prosesə 1000-dən çox ASAN könüllüsü cəlb olunub

"Hazırda Bakı və Sumqayıt ərazisində 100-dən çox çimərlikdə ASAN könüllüləri fəaliyyət göstərir. Onların işi əsasən vətəndaşları qarşılamaq və vətəndaşların sayının qeydiyyatını aparmaqdır. Bunun üçün xüsusi mobil tətbiq yaradılıb ki, könüllülər bu tətbiq vasitəsilə vətəndaşların sayını qeydiyyata ala bilsinlər. Çünki hər bir çimərlik üçün xüsusi bir limit tətbiq olunub". Bu sözləri SİA-ya özəl açıqlamasında "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova deyib.
 
O bildirib ki, artıq bəzi məhdudiyyətlər aradan qaldırılıb və vətəndaşlar rahatlıqla çimərliklərə üz tuta bilirlər: "Lakin, biz unutmamalıyıq ki, pandemiya dövrü və pandemiya şəraiti hələ davam edir. Biz hələ də bəzi qayda-qanunlara riayət etmək məcburiyyətindəyik. Bu missiyanı həyata keçirmək üzrə ASAN könüllüləri çimərlikdə fəaliyyət göstərir, hər biz vəziyyətdə olduğu kimi bu gün də vətəndaşların xidmətindədirlər. Bu istiqamətdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "cimerlik.az" portalı təqdim olundu. Bu portal vasitəsilə vətəndaşlar rahatlıqla sayta daxil olur və müxtəlif ərazilərdə yerləşən çimərliklərdə sıxlıq səviyyəsini çimərliyə gəlməmişdən əvvəl öyrənə bilərlər".
 
Səbinə Cabarova vurğulayıb ki, "cimerlik.az" portalı hər hansı bir icazə portalı deyil, sadəcə informativ xarakter daşıyan bir portaldır və buna əlavə olaraq ASAN könüllüləri də çimərlikdədir: "Öncə dövlət agentliyi tərəfindən monitorinq qrupları yaradıldı və bu monitorinqlər nəticəsində istifadəyə yararlı vəziyyətdə olan çimərliklər vətəndaşların istifadəsinə verildi. Hazırda Bakı və Sumqayıt ərazisində 100-dən çox çimərlikdə ASAN könüllüləri fəaliyyət göstərir. Onların işi əsasən vətəndaşları qarşılamaq və vətəndaşların sayının qeydiyyatını aparmaqdır. Bunun üçün xüsusi mobil tətbiq yaradılıb ki, könüllülər bu tətbiq vasitəsilə vətəndaşların sayını qeydiyyata ala bilsinlər. Çünki, hər bir çimərlik üçün xüsusi bir limit tətbiq olunub. Bu limiti aşmamaq üçün, vətəndaşlar arasında sosial məsafənin qorunması üçün, onların sağlamlığı üçün bu cür tətbiqin yaradılması labüd idi".
 
O qeyd edib ki, prosesə 1000-dən çox ASAN könüllüsü cəlb olunub. Eyni zamanda "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilir.