Şuranın dəstəyilə qəhrəman Quba qalası ilə bağlı layihə həyata keçirilir

qhtxeber.az  “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) “Quba qalasının yerinin müəyyən edilməsi, onun maketinin hazırlanması və qala daxilində geniş ictimaiyyətə məlum olmayan  yeraltı tunellərin bərpa edilməsi təşəbbüsü” adlı layihənin icrasını davam etdirir. 
 
Layihə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.
 
Layihə əsasən hazırki Quba şəhərinin mərkəzində qalıqları qalmış qalanın ərazisinin dəqiqləşdirmək, qalanın maketini hazırlamaq, qalanın əhatə etdiyi ərazidə mövcud olan abidələrin bərpa edilməsi ilə bağlı təşəbbüslər irəli sürülməsi nəzərdə tutulur.
 
Layihənin rəhbəri t.ü.e.d., professor Məhərrəm Zülfüqarlıdır. Layihəyə ilə bağlı təşəbbüs 12 il əvvəl irəli sürülsə də bu vaxta qədər obyektiv və subyektiv səbəblərdən onu həyata keçirmək mümkün olmayıb. Bu təşəbbüslə bağlı onun “Unudulmuş qəhrəman Quba qalası” (“525-ci qəzet” 19.12.2008) adlı məqaləsi nəşr olunub.
 
Məlumat üçün qeyd edək ki, Azərbaycanın qədim tarixi və mədəniyyət mərkəzlərindən biri olan Quba şəhərinin mərkəzində Bakının İçəri şəhərini əhatə edən qala divarlarına bənzəyən qala divarları olmuşdur. Qala 1747-ci ildə Hüseynəli xan Qubalı tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş, Çar Rusiyasının müstəmləkəçi siyasətinə uyğun olaraq  1870-ci ildə qısa müddətə  sökülmüşdür.
 
Pandemiya ilə əlaqədar olaraq ölkədə karantin rejiminin olmasına baxmayaraq assosiasiya layihənin icrası ilə bağlı Quba şəhərində bir sıra işləri həyata keçirib. Konkret olaraq qala ilə bağlı tarixi məlumatlar toplanıb, qala divarlarının keçdiyi təxmini yerlər müəyyən edilərək şəkilləri şəkilib, qalada kənara çıxan yeraltı yollar barədə məlumatlar toplanıb, yeraltı yolların bəzi hissələrinin şəkilləri çəkilib. Rayonlara gediş-gəlişə icazə verildikdən sonra layihənin icrası ilə bağlı işlər davam etdiriləcək, nəzərdə tutlan tədbirlərin bir hissəsini onlayn qaydada, internet televiziyaları vasitəsilə həyata keçiriləcək.