Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi yeni texnalogiyaların tətbiqinə başlayıb

qhtxeber.az  BMqT-nin mühəndisləri Ağdam rayonunun Mirəşelli kəndində yerləşən Çinarlı kəhrizində quyuları qazmaq üçün şaquli qazma qurğusundan istifadə etməyə başlayıblar. Yeni texnologiya əl əməyi olmadan nisbətən qısa müddətdə böyük qazma dərinliyinə nail olmağa imkan verir.
 
Yeni texnologiyaların tətbiqi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində görülən işləri sürətləndirəcək.
 
Layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi yeni texnologiyaların tətbiqi ilə yanaşı, gənc kəhriz mütəxəssisləri hazırlayır, təhlükəsizlik və texniki göstərişlər tərtib edir, habelə kəhrizlərin bərpası mexanizmlərini inkişaf etdirir. 
 
Qeyd edək ki, adı çəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.