Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə elan etdiyi “Kraudfandinq”ə dəstək müsabiqəsinin ilk mərhələsi yekunlaşıb.
 
İİTKM-dən Azvision.az -a bildirilib ki, artıq ilk mərhələnin qalibləri müəyyən olunub. Qeyd edək ki, “EnterpriseAzerbaijan” portalı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Azərbaycanın innovativ və orijinal startaplarına “Kickstarter” platformasında ən yüksək səviyyədə təmsil olunma imkanı təqdim edir. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalının Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirdiyi müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi və peşəkar təqdimatın hazırlanmasında dəstək göstəriləcək. Növbəti mərhələdə layihələr beynəlxalq kraudfandinq platforması olan ”Kickstarter”də yerləşdiriləcək. Bununla da kraudfandinq kampaniyasına start veriləcək.
 
Artıq ilk mərhələni keçən 10 innovativ və orijinal startap layihələri münsiflər heyətinə təqdim olunub. Onların sırasından onlayn formatda video müsahibədən sonra 5 qalib komanda seçilib.