Şuranın dəstəyilə “Bayrağa, dövlətə, himnə olan məhəbbət” mövzusunda vdeogörüş keçirilib

qhtxeber.az  “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi cc Dövlət Dəstəyi Şurasının dəstəyilə “Milli azlıqlar arasında mədəni sərvətlərimizin və dəyərlərimizin  tanıdılmasına dəstək” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində “Bayrağa, dövlətə, himnə olan məhəbbət” mövzusunda video konfrans keçirilib.
 
Konfransa Qax, Zaqatala və Balakəndən 30-a yaxın iştirakçı qoşulub.
 
Video konfransı layihənin rəhbəri Elmira Mehdiyeva açaraq  layihənin məram və məqsədi ilə iştirakçıları tanış edib.
 
Ekspertlər İbrahim İbrahimov və Mohubalı Nağıyev mövzu ətrafında çıxılarında qeyd ediblər ki, Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.
 
Sonra layihə rəhbəri bildirib ki, konfransın işinə həm də Azərbaycan Bayrağı ordenli  kəşviyyatçı, qazi Aqil Əhmədov da qoşulub. O, Aqil haqqında iştirakçılara qısa məlumat verib. “Aqil Zaqatala şəhərində doğulub boya-başa çatıb. 1995-1997-ci illərdə xüsusi təyinatlılarda xidmət edib. O, və digər 7 kəşviyyatçı 1997-ci ilin aprel ayının 7-də xüsusi tapşırıqla əməliyyata gedib. Əməliyyat zamanı düşmən onları mühasirəyə alır. Bu zaman kəşviyyatçılar əsir düşməkdənsə ölməyə üstünlük verərək bir yerə yığışır və özlərini partladırlar. 7 kəşviyyatçı ölür. Yalnız Aqil ağır yaralı halda, huşsuz vəziyyətdə əsir düşür. Ermənilərin məhkəməsi ona ölüm hökmü verir. Aqil 23 ay əsirlikdə qalır. Bu zaman ona olmazın işgəncələr verirlər. Nəhayət ulu öndərimiz Heydər Əliyevin gərgin səyi nəticəsində Aqil erməni əsirləri ilə dəyişdirilir”.
 
Elmira Mehdiyeva daha sonra deyib: “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Vətən uğrunda, bayrağımız və digər dövlət atributlarımız uğrunda qəhramanlıq göstərən bu igidlərdən bəhs edən filmin çəkilməsi üçün vəsait ayırıb. “8 oğul istərəm” filmi indi Qarabağ qəhrəmanlarından bəhs edən sənədli filmlərdən biridir. Aqil bu 8 oğulun sağ qalan yeganə yadigarıdır. Həmin filmi youtub kanalında tapıb izləməyi tövsiyə edirəm”. 
 
Aqil Əhmədov keçdiyi həyat və döyüş yolundan danışıb, hamı onuu böyük həyəcan və maraqla dinləyib. 
 
Zəfər Murtuzəliyev adına şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Gülnarə Axundova, 9-cu sinif şagirdləri Səba Muradova və Aygün Qasıməliyeva öz çıxışlarında üçrəngli bayrağımızın, himnimizin və gerbimizin yaranma tarixi, bu rəmzlərin hər bir Azərbaycan vətəndaşının azərbaycançılıq ruhunda tərbiyə olunmasında rolundan danışıblar. Onlar eyni zamanda  Aqil Əhmədovla yaxından tanışlıq üçün şərait yaratdığına görə layihə komandasına minnətdarlıqlarını bildiriblər. 
 
Qax rayonundan Orxan Səmədov da layihənin məram və məqsədini təqdir etdiyini, Qax gənclərinin də layihənin işində həvəslə iştirak etdiklərini bildirib. O, həmçinin Aqil kimi döyüşçülərin keçdiyi həyat yolunun milli mənəvi dəyərlərimizin ən ümdəsi olan vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edib. Aqillə canlı ünsiyyət, onun dediyi hər bir söz yaddaşlarda uzun müddət qalmaqla yanaşı bir həyat dərsidir.
 
Digər iştirakçılar da  müzakirəyə qoşulublar  və dövlət atributlarına sədaqətlərini bildiriblər.