Yeni müsabiqə elan edilib

Dünyada müşahidə olunan qlobal çağırışların həllində iştiraka töhfə verməyə səylərini səfərbər edən Azərbaycan bütün ölkələrin tərəqqisinə istiqamətlənən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəliyi” təşəbbüsünə qoşulmaqla milli siyasi iradə nümayiş etdirmiş və iqtisadi, sosial və ekoloji ölçülərdə tarazlaşdırılmış və dayanıqlı inkişafa nail olmaq öhdəliyini bəyan etmişdir.
 
Bu öhdəliklərdən irəli gələn daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın formalaşdırılması və sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin yaradılmasının zəruriliyi baxımından bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın genişləndirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinin əhatəli icrası istiqamətində ölkəmiz qarşısında duran əsas hədəflərdən biri kimi müəyyən olunmuşdur.
 
“Dünyamızın transformasiyası: 2030-cu ilədək  Dayanıqlı İnkişaf sahəsində Gündəliyi”nin “heç kimin geridə qalmaması” prinsipinə əsasən, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə bütün maraqlı tərəflərin fəal cəlb olunması xüsusilə dayanıqlı inkişaf üzrə potensialların gücləndirilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması və nüfuzlu beynəlxalq arenalarda dəstəklənməsi xüsusi əhəmiyyətə malikdir.
 
Bu xüsusda, beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və vətəndaş cəmiyyətinin inkişafı sahələrində səmərəli fəaliyyətin təmin edilməsi, bu istiqamətdə dayanıqlı təcrübələr, idarəetmə imkanları, bilik, innovasiya və texnologiyaların cəlb edilməsinin həvəsləndirilməsi üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumları müxtəlif kateqoriyalı təşəbbüslər həyata keçirməkdədir.
 
Adıçəkilən təşəbbüslər sırasında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə fəaliyyətlərin stimullaşdırılması, habelə yerli hökumət, gənclər, vətəndaş cəmiyyəti, innovativ qeyri-hökumət təşkilatları və digər maraqlı tərəfləri cəlb edən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən irəli sürülən Dayanıqlı İnkişaf Məqsədləri üzrə Fəaliyyət Kampaniyası müsabiqəsi xüsusi nüfuza malikdir.
 
2018-ci ildən etibarən hər il təşkil edilən 2020-ci il müsabiqəsinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsi üzrə təşəbbüslərin müəyyənləşdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə qlobal həmrəylik ruhunda olan ideya və layihələrin dəstəklənməsi təşkil edir.
 
Müsabiqə çərçivəsində təqdim olunan təşəbbüslər aidiyyəti sahə üzrə təsir miqyası, çətinliklərin həlli və irəli sürülən yanaşma metodunun innovativlik dərəcəsi meyarları üzrə qiymətləndirilir və layihələrin son qəbul edilmə tarixi 2020-ci ilin 9 oktyabr tarixi müəyyən edilmişdir.
 
Sözügedən təşəbbüsdə iştirak etmək üçün müsabiqə çərçivəsində müəyyən edilən meyarlar, müvafiq prosedurlar, habelə yerli hökumətlər, BMT qurumları və Fəaliyyət Kampaniyasının tərəfdaşları üçün nəzərdə tutulan xüsusi mükafatlar barədə geniş məlumatlar www.sdgactionawards.org internet səhifəsindən əldə etmək mümkündür.
 
 

SON ƏLAVƏLƏR