Şuranın dəstəyilə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə layihəsi həyata keçirilir

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” layihəsini icra edir. 
 
Layihənin icrasında məqsəd əhali arasında icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaqdır.
 
Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva layihə haqda məlumat verərək deyib: “Əslində 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq ediləcəkdi. Lakin COVID-19 pandemiyası səbəbindən bu sistemin tətbiqində yubanmalar baş verdi. 2021-ci ildə isə ölkədə icbari tibbi sığortanın tətbiqinin tamamlanması nəzərdə tutulur. Sistem ölkəmiz üçün yeni olduğundan, əhali arasında maarifləndirmə işinə ehtiyac var. İnsanlar icbari tibbi sığorta çərçivəsində hansı xəstəliklərin müalicə olunduğunu, hansı qrupların dövlət tərəfindən sığortalandığını, işləyənlərin nə qədər icbari tibbi sığorta haqqı ödəməli olduğunu və digər məsələlər haqqında ətraflı məlumat almalıdırlar. Maarifləndirmə təkcə dövlət qurumlarının işi deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da üzərinə müəyyən vəzifələr qoyur”.
 
“İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” adlı layihənin icrasına iyulun 1-dən etibarən başlanılıb. Layihə çərçivəsində maarifləndirmə xarakterli iki vebinarın keçirilməsi və bir kitabçanın nəşri nəzərdə tutulmuşdur.
 
QHT sədrinin sözlərinə görə, iyulun 24-də keçirilən birinci vebinarda 4 ekspert (AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli (İmanov), AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini i.f.d., dos. Allahyar Muradov, tədqiqatçılar Samir Mahmudov və Mələk Əliyeva) icbari tibbi sığortanın müxtəlif istiqamətləri ilə bağlı təqdimatla çıxış ediblər. İcbari tibbi sığortanın üstünlükləri, əhalinin sosial müdafiəsindəki rolu, dünya modeli və Azərbaycanda icbari tibbi sığortanın mövcud vəziyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Əksər universitetlərin (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti) müəllim və tələbə heyəti, mətbuat nümayəndələri vebinarda iştirak ediblər, maraqlı diskussiyalar aparılıb, bir sıra təkliflər səsləmdirilib. Belə tədbirlərdən təkcə orada iştirak edənlər faydalanmırlar, həm də KİV, sosial şəbəkələr vasitəsi ilə daha çox insan məlumatlanmış olur.
 
Bu layihə çərçivəsində “İcbari tibbi sığorta” adlı bir kitabçanın nəşri də nəzərdə tutulur. Kitabçanın ilkin versiyası artıq hazırdır və Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunub. Kitabçada oxucular icbari tibbi sığorta ilə bağlı əsas məlumatları əldə edəcəklər. Kitabça iki fəsildən ibarətdir. Birinci fəsildə icbari tibbi sığortanın yaranması tarixinə nəzər salınmışdır. Onun əhalinin sosial müdafiəsindəki rolu haqqında geniş məlumat verilib. Bu fəsildə, həmçinin icbari tibbi sığortanın dünya modeli şərh olunub. İkinci fəsil ölkəmizdə icbari tibbi sığortanın mövcud vəziyyətinə həsr olunub. Pilot rayonlar, xidmətlər zərfi, icbari tibbi sığortanın maliyyələşmə mənbələri, icbari tibbi sığorta haqları və s. haqqında ətraflı məlumat verilib.