Türkiyə KİV-ləri: Ermənistan ordusu Azərbaycanın dinc əhalisinə qarşı qətliamlar törədir

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi hücumlara dair məlumatları geniş şəkildə yaymaqdadır.

qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə KİV-ləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev gündəlik fəaliyyətinə, dövlətimizin başçısının müsahibələrində və xalqa müraciətlərində, eləcə də özünün rəsmi “Tvitter” hesabında paylaşdığı məlumatlara və fikirlərə böyük yer ayırır.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına, eləcə də Ermənistan tərəfinin azərbaycanlı mülki əhaliyə hücumlarına geniş yer verilir. KİV-lər yazır ki, Ermənistan ordusu Azərbaycanın dinc əhalisinə qarşı qətliamlar törədir.

Bildirilir ki, təcavüzkar Ermənistanın Azərbaycanın böyük şəhərləri də daxil olmaqla, mülki yaşayış məntəqələrini atəşə tutması, dinc əhalinin hədəfə alınması düşmənin riyakarlığının və amansızlığının göstəricisidir.

Mövzu ilə bağlı verilən analitik yazılarda və telekanallardakı ekspert müzakirələrində vurğulanır ki, beynəlxalq birliyin Ermənistanın müharibə cinayətlərinə səssiz qalması dünyada haqqa və ədalətə inamı heçə endirir. Hazırkı dövrdə heç kəs iddia edə bilməz ki, baş verənlərdən məlumatsızdır. Azərbaycandakı diplomatik korpusun rəhbərləri və təmsilçiləri Gəncədə və Bərdədə ballistik raket hücumlarının qanlı izlərini öz gözləri ilə görüblər.