Şuranın dəstəyilə autizm mövzusunda icra edilən layihənin yekun tədbiri keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizm Assosiasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Bölgələrdə yaşayan vətəndaşların autizm-spektr pozuntusu barədə maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib.
 
Pandemiya səbəbindən virtual keçirilən tədbirdə autizm sahəsində fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, mütəxəssis və valideynlər iştirak ediblər. 
 
Layihə nəticələrinin təqdimatına həsr edilən tədbirdə bildirilib ki, cari ilin iyul-oktyabr aylarında icra olunan layihənin məqsədi bölgələrdə yaşayan autizmli uşaqların pandemiya şəraitində reabilitasiyasının əsas komponentləri barədə valideyn və mütəxəssislərin maarifləndirilməsi və bu əsasda həmin uşaqların sosiallaşması üçün əlverişli mühitin yaradılmasına nail olmaq olub. Bu məqsədə çatmaq layihə çərçivəsində hədəf rayonlarında autizm spektri pozuntusu olan şəxslər barədə ilkin məlumat toplanılıb və təhlil olunub, maarifləndirici buklet nəşr edilib və İsmayıllı, Ağdaş və Tovuz şəhərlərində fərdi məsləhətlər, maarifləndirici tədbirlər və seminarlar keçirilib. Layihə nəticələri təqdim edilən zaman qeyd olunub ki, ümumilikdə, bu tədbirlər nəticəsində hədəf bölgələrində yaşayan yüzdən artıq şəxs birbaşa və yüzlərlə insan dolayısı yolla faydalanmaq imkanı əldə ediblər. Belə ki, həmin şəxslər autizm spektri pozuntusu və pandemiya şəraitində autizmli uşaqlar üçün keçirilməsi mümkün olan effektiv reabilitasiya üsulları barədə zəngin məlumat əldə ediblər.
 
Nəticələr müzakirə olunan zaman xüsusilə qeyd edilib ki, bölgələrdə autizm spektri pozuntusu olan uşaqlarla bağlı reabilitasiya proqramlarının həyata keçirilməsi bu prosesdə daha çox mütəxəssisin cəlb olunmasını tələb edən məsələdir. Lakin layihə çərçivəsində ilkin qiymətləndirilmə aparılarkən müəyyən edilib ki, bölgələrdə həm mütəxəssis, həm də reabilitasiya mərkəzlərinin sayı çox deyil. Olanlar da əksər hallarda fəaliyyətini daha çox fraqmentar əsaslarla təşkil edirlər. Bu səbəbdən gələcəkdə bölgələrdən olan mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı müəyyən olunan digər bir problem valideynlərin autizmli uşaqlarla bağlı davranış sahəsində daha az bacarığa və səriştəyə malik olmaları ilə əlaqədardır. Bu səbəbdən yaxın perspektivdə valideynlərin daha geniş səpkidə maarifləndirilməsinə və məlumatlandırılmasına ciddi ehtiyac var. Həm mütəxəssislərin, həm də valideynlərin bilik və bacarıqlarının artırılması məsələsi konseptual əsaslara söykənən uzunmüddətli fəaliyyət işlərinin həyata keçirilməsini zəruri edir.
 
Layihə nəticələrinin müzakirəsində iştirak edən təlimçi və mütəxəssislər bu kimi layihələrin gələcəkdə həyata keçirilməsini bir daha vurğulayıblar və qeyd ediblər ki, “Autizm Assosiasiyası” ictimai birliyinin yaratdığı əməkdaşlıq platformasının hazırkı fəaliyyəti təqdirəlayiqdir və bu müstəvidə icrası nəzərdə tutulan fəaliyyətlərin gələcəkdə birgə icra edilməsi ölkə müstəvisində autizmli uşaqların reabilitasiyasının effektivliyini şərtləndirən mühüm amildir.