ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb

ADA Universitetinin Tələbə və Məzun Xidmətləri şöbəsi "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb.
 
Şöbənin təşkil etdiyi vətənpərvər təşəbbüs çərçivəsində müxtəlif çıxışçılar Qarabağ bölgəsinin tarixi, coğrafi mövqeyi, mədəni irsindən bəhs edən mühazirələrlə çıxış edirlər. Hər həftə keçiriləcək onlayn mühazirələrdə Qarabağ və ətraf yeddi rayon barədə hər bir Azərbaycan vətəndaşının, eləcə də xarici auditoriyanın bilməsi lazım gələn faktlardan bəhs ediləcək. Bu faktlar informasiya müharibəsində olduğumuz indiki şəraitdə tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında və yanlış məlumatların qarşısının alınmasında istifadə edə biləcəyimiz yararlı məlumatlardır.
 
"Mənim Qarabağım" mövzusunda onlayn mühazirənin ilki 26 noyabrda “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetində dərs deyən Dr. Gülməmməd Məmmədovun iştirakı ilə keçirilib. Qarabağın tarixindən bəhs edən və məcburi köçkün həyatı ilə bağlı bəzi xatirələrini bölüşən Gülməmməd müəllim bildirib: "Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar qarşısında mənəvi öhdəliyimizi yerinə yetirmək üçün işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltməli, ölkəmizi inkişaf etdirməliyik".
 
Təşəbbüs çərçivəsində həyata keçiriləcək növbəti mühazirə isə dekabrın 3-ü saat 17:00-da Elçin Əhmədovun iştirakı ilə keçiriləcək. Mühazirə ilə maraqlanan iştirakçılar ADA Universitetinin rəsmi ver-səhifəsindən ətraflı məlumat əldə edə bilərlər: ada.edu.az