BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 44 günlük müharibə dövründə Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı döyüşməsinə dair hesabat hazırlayıb.
 
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, hesabatda qeyd olunur ki, sentyabrın 27-dən noyabrın 9-da kimi davam edən ikinci Qarabağ müharibəsi dövründə Ermənistan milli təbliğatın tərkib hissəsi kimi bu dövlətdən olmayan aktorların beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsində gedən əməliyyatlara cəlb olunması üçün dəfələrlə çağırışlar edib. Hesabatda ilk olaraq bu kimi fəaliyyətləri tənzimləyən hüquqi çərçivə, o cümlədən BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası” barədə danışılır və Ermənistan parlamentinin bu yaxınlarda konvensiyanı ratifikasiya etdiyi diqqətə çatdırılır.
 
Hesabatın digər bölmələrində konkret olaraq muzdlular və xarici döyüşçülərin Ermənistan tərəfdən istifadəsinə dair faktlar yer alır. Bildirilir ki, erməni və qeyri-erməni millətindən olan xarici döyüşçü və muzdluların Azərbaycana qarşı döyüşməsi faktına 1988-1994-cu illərdə birinci Qarabağ müharibəsi, xüsusilə Xocalı faciəsinin törədilməsi zamanı da rast gəlinib. Bu baxımdan ABŞ-ın Kaliforniya ştatında doğulmuş beynəlxalq terrorçu Monte Melkonyanın adı çəkilir.
 
Qeyd edilir ki, Ermənistan rəhbərliyi xüsusilə PKK terror təşkilatına üzv olan suriyalı və iraqlılardan muzdlu döyüşçü kimi istifadə edib. Bu baxımdan mediada və hesabatlarda yer almış faktlar, müsahibələr qeyd olunur. Həmçinin Ermənistan rəhbərliyinin erməni və qeyri-erməni əsilli xarici vətəndaşların Azərbaycana qarşı döyüşməsi üçün dəfələrlə səsləndirdiyi çağırışına diqqət çəkilir və bildirilir ki, 44 günlük müharibə dövründə bəzi xarici vətəndaşlar xristian həmrəyliyinin tərkib hissəsi olaraq Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gediblər. Bu baxımdan Yunanıstan, Suriya, Livan, Latın Amerikasından olan xarici döyüşçülərə dair faktlar göstərilir. Bununla yanaşı, xaricdə yaşayan erməni diaspor nümayəndələrinin döyüşlərdə iştirakına dair faktlar göstərilir.
 
Hesabatı yükləmək və oxumaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: