Nazirlik müsabiqə elan edib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
 
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyənləşdirilmiş şərtlərə cavab verən, Bakıda daimi qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.
 
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlığı ilə işləmək, analitik düşünmə və araşdırma, düzgün qərar vermək və problem həll etmək qabiliyyətlərinə malik, komandada işləmək bacarıqları və qrammatik bilikləri yüksək səviyyədə olan, məsuliyyətli, diqqətli və inkişafa meyilli, xarici dillərdən ən azı birini sərbəst bilən və ailəli qadınlara üstünlük veriləcək.
 
Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə 500-800 manat məbləğində aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.
 
Maraqlanan şəxslər yаnvаrın 15-dən fevralın 15-dək DİN-in internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə nazirliyin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
 
Əlavə məlumatı (012) 590-80-66 və 590-93-64 nömrəli telefonlardan almaq mümkündür.