QHT sədri: “Prezident böyük qayıdışın Şuşadan başlandığı anonsunu verdi”

"Cənab Prezident, Ali Baş Komandan İlham Əiyevin Şuşa səfəri milli-mənəvi, ideoloji, hərbi-strateji və iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova deyib.
 
Alyansın sədrinin sözlərinə görə, Cənab Prezident Cıdır düzündə ordumuzun şəxsi heyəti qarşısında çıxışı və buradan göndərdiyi mesajlarla böyük qayıdışın Şuşadan başlandığının anonsunu verdi. “Ermənistan siyasi dairələri, revanşizm xülyalarında olan təşkilatçıları Şuşaya sahib olmağın nə demək olduğunu yaxşı bilirlər. Qondarma kriminal xuntanın rəhbəri Araik Arutunyan özü də etitaf etdi ki, “Şuşaya sahib olan bütün Qarabağa nəzarət edir”.
 
Şuşa səfərində diqqəti cəlb edən əsas məqamlardan biri Prezidentin və ailə üzvlərinin Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etmələri, eyni zamanda xristian dini məbədinə baş çəkmələri idi. Bu, bütün dini abidələrin bərpası və mühafizəsinin Azərbaycan dövlətinin diqqətində olduğuna dair bir mesaj idi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə indiyədək yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində görülən işlər ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.
 
Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin bərpası ilə bağlı verilən göstərişlər, Füzulidə beynəlxalq hava limanının təməlinin qoyulması, Füzulidən Şuşaya yeni avtomobil yolunun inşasına başlanılması və digər sürətləndirilmiş işlər əhalinin qısa zamanda qayıdışını təmin edilməsi ilə yanaşı, turizm baxımından, həmçinin Azərbaycan Şuşa tarixi mədəniyyətinin dünya ictimaiyyətinə nümayişi baxımından mühüm əhəmiyyətli olacaqdır”, deyə Nüşabə Məmmədova bildirib.