Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir

Azərbaycanda şəhid ailələrinə və veteranlara dövlətimiz tərəfindən daim böyük qayğı və diqqət göstərilir, onların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan yaxın gələcəkdə də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri bütün şəhid ailələrinin və əlillərin qarşıdakı beş ildə mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı var və əlaqədar qurumlar bu sənəddən irəli gələn vəzifələrin həlli ilə məşğuldurlar. Şəhidlərin ailə üzvlərinin təhsil haqqından azad edilməsi, onlara verilən çoxsaylı imtiyazlar dövlətimizin bu kateqoriyadan olan insanlara, əlil və veteranlarına sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmadi surətdə ciddi addımlar atdığını göstərir.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
 
C. Xəlilov son vaxtlar veteran təşkilatları ilə bağlı səslənən fikirlərə münasibət bildirərək deyib: “Bu və digər təkliflərdə əsas məqsəd veteranlarla bağlı bütün məsələləri diqqət mərkəzində saxlamaq, onlarla ünsiyyət və əlaqələri intensivləşdirməkdir. Hesab edirəm ki, hər bir dövlət qurumunun nəzdində veteranlarla bağlı təşkilat və bölmənin yaradılması daha faydalı olar. Belə olarsa, o zaman hər bir dövlət qurumundan Vətən müharibəsində iştirak edən şəxslər bu təşkilatda bir araya gələ bilərlər. Bu da həmin dövlət qurumuna veteran əməkdaşlarının hər birini diqqətdə saxlamağı, onlarla çevik əlaqə yaratmağı, problemlərinin daha operativ həllində addımlar atmağı ən çətin və mürəkkəb məsələlərin həllində onların gücündən istifadə edər, gənclərin mənəvi və peşəkar fəaliyyətinin daha da yaxşılaşdırılmasında nümunə olarlar. Düşünürəm ki, belə bir addım həm veteranlarımız, həm də dövlət qurumlarımız üçün daha məqsədəuyğun olar.
 
Veteranların Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətini hər zaman müdafiə etdiyinə diqqət çəkən Cəlil Xəlilov onların bundan sonra da dövlətimizin başçısını yekdilliklə dəstəkləyəcəklərini vurğulayıb. O deyib ki, veteranlarımız hər zaman Ali Baş Komandanımızın ətrafında sıx birləşərək dövlət və milli maraqlarımızın müdafiəsində iştirak edib. “Əminliklə bildirirəm ki, veteranlarımız bundan sonra da ərazi bütövlüyümüzü təmin edən, erməni işğalına son qoyan, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün fədakarlıq göstərən Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, dövlətimizin, onun maraq və mənafelərinin müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər”, - deyə C. Xəlilov vurğulayıb.