İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib

Statistika göstərir ki, hər il ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir. Hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatlar tərəfindən əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmamasının düzgün təşkil edilməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir.
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib. Bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
 
Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.
 
Sahibkarlıq subyektləri və digər maraqlı şəxslər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsin rəsmi internet səhifəsi “www.azstand.gov.az” vasitəsilə əldə edə bilərlər.