QHT-nin icraçı direktoru: Azərbaycan əhalisi vaksinasiyada fəal iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət edib. Müraciət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə ÜST-nin Cenevrədə yerləşən Baş Qərargahında nümayiş edilib. Ümumdünya Sağlamlıq Gününün builki şüarı daha ədalətli və sağlam dünyanın qurulmasıdır. Bu kontekstdə diqqət çəkilən əsas məsələ vaksinlərin bərabər, vaxtında və ədalətli şəkildə paylanmasıdır.
 
Azərbaycan vaksinlərin təminatında millətçilik, eqoizm və inhisarçılıq edilməsinə zidd və bunu qınayan ölkədir. BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və qətnamə konsensus əsasında qəbul edilib. Bu da onu göstərir ki, Azərbaycan təkcə öz əhalisinin deyil, həm də dünya əhalisinin, xüsusilə, kasıb və aşağı gəlirli ölkələrin əhalisinin sağlamlığına xüsusi diqqət göstərən və onlarla həmrəylik nümayiş etdirən ölkədir. Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib.
 
Ekspert bildirib ki, regionun bir çox ölkəsi vaksin əldə edə bilmədiyi halda pandemiya ilə mübarizədə yeganə çıxış yolu olan vaksinlərlə ölkəmizdə qısa zamanda təmin edilməsi güclü siyasi rəhbərliyin nəticəsidir. Azərbaycan COVAX-a qoşulan ilk dövlətlərdən biri olaraq, daim qlobal təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz vaksinasiyaya Azərbaycandan daha tez başlamış Hindistan və Rusiyanı ən azı bir doza vaksin vurulmuş insanların sayına görə ötüb keçib. Eyni zamanda, hər iki dozanı almış insanların sayına görə də Azərbaycan Uruqvay, Braziliya, Rusiya və Hindistandan öndədir.
 
Azərbaycanda səhiyyə sahəsinə ölkə başçısı tərəfindən daim xüsusi diqqət göstərilir. Bu diqqət və qayğının bariz nümunəsi olaraq ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə istiqamətində görülən operativ işləri, böyük həcmdə səhiyyə investisiyanın qoyulmasını göstərmək olar.
 
Ölkədə səhiyyə sahəsində daim islahatlar həyata keçirilir. İcbari tibbi sığortanın bu ildən bütün ölkə üzrə tətbiqinə başlanılıb. İslahatların əsas məqsədi əhali üçün tibbi qayğının əlçatan edilməsi və daha keyfiyyətli səhiyyə xidmətlərinə universal əlçatanlığın təmin edilməsidir. İlkin səhiyyə xidmətlərinin inkişafı üzrə irəli sürülən konsepsiya və bu xidmətlərin dövlət tərəfindən maliyyələşdirilməsi də islahatların prioritet istiqamətlərindən biridir.
 
Səhiyyə xidmətlərinə əlçatanlıq fundamental insan hüququdur, beynəlxalq insan hüquqları konvensiyalarında öz əksini tapmış əsas hüquqlardan biridir. Bu günədək dünya əhalisinin hüquqlarının müdafiəçisi kimi təbliğat aparan bəzi zəngin dövlətlərin siyasi rəhbərliklərinin öz əhalisinin sayından dəfələrlə artıq vaksin alması və qiymətləri artırması onların insan hüquqlarının carçısı deyil, birbaşa bu hüquqları tapdalayan tərəf olduqlarını açıq şəkildə göstərir. Elə ölkələr var ki, hətta bir nəfər üçün 7 doza vaksin alıb ehtiyat olaraq saxlayır.
 
Vaksinlərin istehsalı prosesinin də müəyyən tezliyi var, 8 milyard dünya əhalisinə 2 dozada vaksinin bir neçə aya istehsal edilməsi qeyri-mümkündür. COVAX-ın tövsiyəsinə əsasən də bir ölkə daxilində bir neçə vaksin əlçatan olmalıdır. Əsasən ölkələr Pfizer/Biontech, Moderna, AstraZeneka və Sinovac/Sinofarm sifariş edirlər. Bəzi mütəxəssislər 2021-ci ilin sonunadək hər kəsin vaksinasiya edilə biləcəyini proqnozlaşdırsa da, ilin sonunadək bunu həyata keçirməyin mümkünsüz olduğunu düşünürəm. Çünki COVAX-ın planına görə ilkin mərhələdə hər ölkə öz əhalisinin 20 faizini peyvənd edəcəkdi, ancaq hazırda bəzi ölkələrin əhalisinin sayından 2-3 qat artıq peyvənd sifariş etməsi bu planı mümkünsüz edir. Vaksinin olduğu bir dünyada hər gün virusa yoluxmuş minlərlə insan həyatını itirir.
 
Dövlətlərin vaksin satın almaq üçün ayırdığı konkret büdcələr var. Əlbəttə ki, hansısa zəngin dövlətin vaksinə başqa dövlətin ödəyə biləcəyindən daha artıq ödəməsi digər ölkənin sifarişinin gecikməsinə, daha az təmin edilməsinə gətirib çıxarır.
 
Azərbaycan əhalisi vaksinasiyada fəal iştirak edir, nəticələr və gündəlik vurulan vaksinlərin sayı da bunu deməyə əsas verir. Ölkəmizə COVAX xətti ilə gətirilən AstraZeneka vaksininin də yaxın günlərdə tətbiqinə başlanacağını gözləyirik. Bundan başqa, daha 5 milyon Sinovac vaksininin gəlməsi gözlənilir.
 
Pandemiya dövründə ÜST-lə daha da güclənən əməkdaşlıq əhalinin sağlamlığı və rifahı naminədir. Bu əməkdaşlıq ölkəmizdə digər xəstəliklərlə mübarizənin də gücləndirilməsinə, səhiyyə sahəsinə qoyulan investisiyanın həcminin dəfələrlə artırılması nəticəsində hava-damcı yolu ilə ötürülən digər yoluxucu xəstəliklərə də son qoyulacağına inanıram.
 
ÜST-nə Azərbaycan tərəfindən 10 milyon ABŞ dollarından artıq maliyyə yardımın edilməsi, daim ÜST tərəfindən tövsiyə olunan yeni profilaktika, diaqnostika, müalicə və qayğı sxemlərinin ölkəmizdə tətbiq edilməsi və Azərbaycan səhiyyəsinin daim yenilənən tibb elminə cəld uyğunlaşması çox müsbət haldır.
 
Bu da, güclü siyasi rəhbərliyin olmasını, Azərbaycanın qlobal öhdəliklərə və məqsədlərə çatmaqda necə cavabdeh olduğunu göstərir.