Ombudsman Səbinə Əliyeva Türkiyənin ədliyyə naziri ilə görüşüb

qhtxeber.az  Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül ilə görüş keçirib.
 
Abdulhamit Gül iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə söykənən əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini, insan hüquqlarının müdafiəsi istiqamətində əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayıb. 
 
Ombudsman Səbinə Əliyeva səmimi qəbula görə nazirə öz təşəkkürünü bildirib. Ombudsman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışıb. 
 
Azərbaycan Ombudsmanı 2021-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayalar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumların əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.
 
Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.