Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.
 
Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.
 
Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.
 
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.
 
Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.