Binəqədi rayonunda “Gənclik həftəsi” layihəsinə start verilib

qhtxeber.az//  12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına istirahət parkı, “Zeytunluq” adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib.        
 
qhtxeber.az-a daxil olan məlumata görə, aksiyada Binəqədi rayon İcra hakimiyyətinin gənc əməkdaşları, Gənclər və İdman İdarəsinin kollektivi, YAP Binəqədi rayon təşkilatının fəal üzvləri, 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin, Mənzil-Kommunal İstismar Sahələrinin əməkdaşları və ASAN könüllüləri iştirak ediblər.
 
Aksiya zamanı Binəqədi gəncləri M.Cəlal küçəsi 3, 5, 7, 9, 11, 15 saylı binaların həyətlərində, məhəllədaxili parklarda və o cümlədən 6 mikrorayon Zeytunluq ərazisində təmizlik işləri aparıblar. Aksiya çərçivəsində ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görülüb.  
 
Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmizlənərək rənglənib. Eyni zamanda, “Çoxmənzilli binaların təmiri” tədbirlər planına əsasən təmir edilmiş M.Cəlal küçəsində yerləşən binaların bloklarının  girişlərində də təmizlik işləri həyata keçirilib.
 
 Aksiya zamanı gənclərin bu təşəbbüsü sakinlər tərəfindən maraqla qarşılanıb və onlar bu nümunəvi addıma görə gənclərə təşəkkür ediblər. 
 
Aksiya bitdikdən sonra çay süfrəsi ətrafında gənclər üçün əyləncəli proqram təşkil edilib və aksiya xoş anlarla yekunlaşıb.