Binəqədi rayon məktəblərində Bilik günü qeyd olunub

qhtxeber.az//  Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.
 
qhtxeber.az-ın məlumatına görə, məktəbliləri təbrik etmək üçün 276 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, 276 saylı məktəbin derektoru Bəhram Şiriyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər. 
 
Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamlayıb. 
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində şahidi  olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb. 
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 105 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib. 
 
Sonra tədbir bədii hissə ilə davam edib, məktəbin şagird və məzunları “Gəl, ey səhər”, “Azərbaycan”, “Yaşayır Ulu Öndər” mahnılarını ifa ediblər. Müxtəlif dillərdə şeirlər səsləndirən balacalar Cocuq Mərcanlı haqqında kompozisiya göstəriblər. Bir-birindən maraqlı rəqs nümunələri tədbirə əlvanlıq qatıb. 
 
Tədbirin sonunda “İlk Zəng” çalınıb və dərs başlanıb.