Binəqədidə “5 oktyabr –Beynəlxalq Müəllimlər Günü” qeyd edilib

qhtxeber.az//  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon  Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib.
 
qhtxeber.az-ın məlumatına görə, tədbiri 276 saylı məktəbin şagirdləri Aydan və Fidan Novruzlu bacıları açaraq, “Müəllimlər günü” ilə əlaqədar qısa məlumat veriblər. 
 
Daha sonra çıxış edənlər - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd ediblər.
 
 
Sonra çıxış edərəkBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirib. Aygün Əliyevavurğulayıb ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur. 
 
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.
 
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam edib və rayonun istedadlı gəncləri öz şeir, mahnı, rəqs nümunələri ilə müəllimləri təbrik ediblər. 
Sonda rayonun balaca fidanları müəllimləri çiçəklərlə təbrik ediblər.