Şuranın dəstəyilə “Binəqədi Gənclərinin III Liderlik Məclisi” yekunlaşıb

qhtxeber.az//  “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilib. 
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara liderlik bacarıqlarının aşılanması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi olub. Məlum layihə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə imzalanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının aidiyyəti bəndlərinə uyğun olaraq təşkil olunub.
 
Layihədə Binəqədi rayonun bütün sahələrindən müsahibə yolu ilə seçilmiş fəal olan gənclər, o cümlədən, Suriya, İraq, Fələstin və Misirdən olan gənclər iştirak ediblər. 
 
Şamaxıya yola düşən gənclər şəhərin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edərək, Heydər Əliyev muzeyi ilə tanış olublar. Muzeydə Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, eləcə də Şamaxı rayonuna səfərləri ilə bağlı gənclərə geniş məlumat verilib. 
 
Daha sonra gənclər Şamaxı Cümə məscidini ziyarət ediblər. Məscidin nümayəndəsi iştirakçıları qarşılayaraq məscidin 743-ci ildə inşa olunduğunu və Azərbaycanın ən qədim məscidlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, sözügedən məscid cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən qurularaq bərpa olunub. Ziyarətin ardınca gənclər Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinə yola düşüblər. Mərkəzdə gənclər qruplara bölünüb və onlara layihənin xüsusi geyimləri paylanıb. Elə həmin gün “Binəqədi Gənclərinin III Liderlik Məclisi”nin açılış mərasimi keçirilib.
 
Aşılış mərasimdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər. Layihəni açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları salamlayaraq layihənin keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verib. O bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Gənclər siyasəti nəticəsində “Binəqədi Gənclərinin I və II Liderlik Məclisləri” müvafiq olaraq 2014 və 2015-ci illərdə müvəffəqiyyətlə həyata keçirilib. Daha sonra qonaqlar çıxış edərək layihənin iştirakçılarına uğurlar arzulayıblar. 
 
Açılış mərasimindən sonra gənclər üçün ilk təlimə “start” verilib. 3 gün müddətində “Layihələrin yazılması və idarə olunması” mövzusunda təşkil olunmuş təlimlərdə layihələrin reallaşması ilə bağlı bütün incəliklər barədə gənclərə məlumat verilib. Keçirilmiş təlimlərin nəticəsi olaraq sonda gənclər öz layihələri təqdim ediblər və həmin layihələrdən ibarət “layihə yarmarkası” təşkil olunub. 
 
Sonra layihə iştirakçılarının Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına səfəri təşkil olunub. Rəsədxananın əməkdaşı tərəfindən gənclərə rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verilib. Daha sonra iştirakçılar Şamaxının ən qədim kəndlərindən olan “Dəmirçi” kəndinə yola düşüblər. Kənddə gənclər qədim el sənətkarlıq nümunələri ilə tanış olub, kənd ictimaiyyəti ilə görüş keçiriblər. 
 
Axşam saatlarında gənclərin asudə vaxtının səmərəli təşkil olunması və gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə layihə iştirakçıları arasında intellektual oyunlar təşkil edilib. Layihənin hər 3 günündə fəallıq göstəriş gənclərə qiymətli hədiyyələr təqdim olunub.
 
Layihənin üçüncü günündə təlimlərin keçirilməsi yekunlaşdırılıb və gənclər öyrəndikləri yeni biliklər əsasənda öz layihələrini hazırlayıblar. Hazırlanmış layihələr əsasında “Layihə yarmarkası” təşkil olunmuş və layihə rəhbərləri öz layihələrini təqdim ediblər. Yarmarka bitdikdən sonra gənclərə “Binəqədi Gənclərinin III Liderlik Məclisi” layihəsində iştirak etmələri barədə sertifikatlar təqdim olunub. Təqdimat mərasimindən sonra gənc liderlər Şamaxı rayon Tarix-diyarşünaslıq muzeyinə səfər ediblər. Muzeyin əməkdaşı tərəfindən iştirakçılara eksponatlar təqdim olunub, verilən suallar cavablandırılıb. 
 
Günün sonunda iştirakçılar Bakıya yola düşüblər.