|
1. Müqavilə
Müqavilə maliyyə yardımını verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) ilə maliyyə yardımı alan qeyri-hökumət təşkilatı (bundan sonra QHT adlanacaq) arasında bağlanır. Müqavilədə ayrılmış yardımın ümumi və dövrlər üzrə ödəniləcək məbləği, büdcəsi, maliyyə vəsaitinin ödənilmə və istifadə qaydaları, monitorinqi, hesabat formaları, hesabatların təqdim edilmə müddətləri və əməl edilməsi məcburi sayılan digər şərtlər nəzərdə tutulur (əlavə edilir: müqavilə forması Əlavə N 1).
2. Maliyyə yardımının istifadə dövrü
Maliyyə yardımının istifadə dövrü təqdim edilmiş layihəyə əsasən yardımın verilməsi üçün bağlanmış müqavilədə əks etdirilir. Bu müddətdən kənarlaşmalara ancaq tərəflərin birgə razılığı əsasında yol verilir. Belə bir zərurət yarandıqda təşəbbüskar tərəf digər tərəfi məktub vasitəsilə xəbərdar edir, əldə edilmiş ümumi razılıq əlavə müqavilə, qərar və ya sədrin sərəncamı ilə rəsmiləşdirilir. Əks halda əvvəlki şərtlər qüvvədə saxlanılır.
3. Ödənilən xərclər
Ödənilən xərclər kimi, ancaq müqaviləyə əlavə edilmiş büdcəyə uyğun qaydada (əlavə edilir: Büdcə forması - əlavə N 3), xərclənməsi qanunla müəyyən edilmiş sənədlərlə təsdiq edilən və müqavilədə göstərilən başlanğıc tarixlə sonuncu hesabatın təqdim edildiyi tarix arasında olan dövrə aid xərclər qəbul edilir. Zərurət yarandıqda QHT, əmək haqqı fondu istisna edilməklə, xərc maddələri üzrə müqavilə ilə təsdiq edilmiş məbləğin 10 %-dək olan hissəsini Şuraya şifahi məlumat verməklə digər xərclə əvəz edə bilər. Bundan artıq olan məbləğin təyinatının dəyişdirilməsi Şuranın yazılı razılığı ilə həyata keçirilir.
4. Maliyyə yardımının məbləği
Yardımın həcmi müqavilədə qeyd edilən məbləğlə məhdudlaşır. Əlavə xərclər Şura tərəfindən maliyyələşdirilmir. İstifadə edilməyən vəsait 10 (on) manatdan artıq olduqda Şuranın hesabına geri qaytarılır. Alınmış maliyyə yardımından, Şuranın razılığı olmadan, müqavilədə nəzərdə tutulmuş təyinatından kənar məqsədlərə sərf edilən və ya xərclənməsi qanunauyğun sənədləşdirilməyən hissəsi istifadə edilməmiş sayılır.
5. Maliyyə yardımının ödənilməsi
QHT-yə ayrılmış vəsait aparılmış bölgüyə uyğun müvafiq hissələrlə ödənilir. Bölgü layihənin icra qrafikinə və xərclər smetasına uyğun qruplaşdırılır və müqavilədə əks etdirilir. Hər bir ödəniş üçün QHT tərəfindən müraciət təqdim edilməlidir. Müraciətin forması (“Maliyyə vəsaitlərinin istifadəsinin yekunlarının təsdiqi və yeni mərhələ üçün pul köçürülməsinə müraciət” əlavə - N 7) maliyyə hesabatı üçün tərtib edilməli olan sənədlər toplusuna daxildir.
6. Məsuliyyət
Alınmış maliyyə yardımının təyinatı üzrə düzgün istifadə edilməsinə görə məsuliyyət təşkilatın rəhbərinin və mühasibinin üzərinə düşür. Əgər təşkilatın rəhbəri layihənin rəhbəri deyilsə, bu onu məsuliyyətdən azad etmir. İşin gedişi dövründə bu vəzifəni icra edən şəxslərdən birinin başqası ilə əvəz edilməsi halı olarsa, bu barədə Şuraya yazılı məlumat verilməlidir. Layihənin icrasına görə təşkilatın rəhbəri ilə mühasibi arasında məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun bölüşdürülür. Layihənin mühasibsiz idarə edilməsinə yol verilmir.
7. Layihənin icrası barədə hesabat
Layihənin icrası dövründə təşkilat tərəfindən müqavilədə göstərilən müddətlərdə iki hesabat təqdim edilməlidir:
1. Layihənin icrası haqqında təsviri hesabat;
2. Maliyyə hesabatı. Hesabatlar təsdiq edilmiş təlimatlara uyğun tərtib edilməlidir. Hər hansı bir hesabatın vaxtında təqdim edilməməyi növbəti mərhələ üçün nəzərdə tutulmuş vəsaitin təşkilata ödənilməsini ləngidir. Hesabatların tamamilə təqdim edilməməyi isə layihənin icrasının dayandırılmasına səbəb ola bilər.
7.1 Layihənin icrası haqqında təsviri hesabat
Bu hesabat layihənin icra qrafikində nəzərdə tutulmuş mərhələlər üzrə bölgüyə uyğun olaraq layihənin əhatə etdiyi məsələlərin həllinə hansı vasitələrlə nail olunduğu və yerinə yetirilmiş işlər barədə hesabatdır. Bu hesabat hər mərhələ üçün təqdim edilir. Hesabatın təqdim edilməsinin son müddəti müqavilədə göstərilir. Layihənin icrası dövründə tərtib edilən hesabat Aralıq Hesabat, layihə başa çatdıqdan sonra təqdim edilən hesabat isə Yekun Hesabat adlanır. Hesabatda layihənin adı, maliyyə yardımı ayrılması üçün bağlanan müqavilənin tarixi, nömrəsi, layihənin icrası ilə məşğul olmuş şəxslər barədə məlumatlar, ilkin müqavilə bağlandıqdan sonra edilmiş dəyişikliklərin baş vermə səbəbləri, edilmiş dəyişiklik barədə qəbul edilmiş qərar və ya göstəriş haqqında QHT-yə daxil olan sənədlər barədə məlumat (surəti hesabata əlavə edilməklə) mütləq öz əksini tapmalıdır. Hesabat təhlili şəkildə tərtib edilməli, yerinə yetiriləcək işlərin adları icra dövriliyinə uyğun sadalanmalı və icra edilmə səviyyəsi göstərilməli, konkret fəaliyyət formaları təsvir edilməlidir. Layihənin icrasına aid materiallar varsa (foto, video, kitab, qəzet, jurnal, təlimat, buklet, elektron daşıyıcılarında hazırlanmış proqramların diskə yazılmış surətləri və s.) nüsxələri hesabata əlavə edilməlidir. Hesabat dəqiq, aydın və məntiqi cəhətdən ardıcıllıqla tərtib edilməli, əsas detalları özündə əks etdirməlidir. Layihənin icrası haqqında hesabatın təqdim edilməsi müddətləri barədə müqaviləyə edilən əlavədəki qeydlər nəzərə alınmalıdır.
7.2. Maliyyə hesabatı
Təşkilat öz daxilində “Azərbaycan Respublikasının Mühasibat Uçotu Haqqında” Qanununa uyğun mühasibat uçotu aparır və müvafiq dövlət orqanlarına müəyyən edilmiş qayda və müddətlərdə hesabatlar təqdim edir. Şuraya təqdim ediləcək maliyyə hesabat formalarını, onların tərtib edilmə qaydalarını və müddətlərini Şura müəyyənləşdirir. Bu qaydalar və hesabat formaları müqaviləyə əlavə edilmiş Maliyyə yardımlarının alınması, istifadəsi və hesabatının təqdim edilməsi qaydalarına əməl edilməsi üçün Yaddaşda (Əlavə N 2) və ona əlavə edilmiş təlimatlarda ətraflı şərh edilmişdir.
8. Əlavə tələblər
Maliyyə yardımının alıcısı - QHT:
• Öz fəaliyyətini ölkə ərazisində qüvvədə olan qanunlara uyğun həyata keçirməlidir.
• Müvafiq qanunvericiliyə uyğun mühasibat uçotu aparmalıdır.
• Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu tələblərinə dəqiq əməl etməlidir.
• Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tələblərinə uyğun statistika hesabatlarını tərtib və təqdim etməlidir.
• Layihə üçün nəzərdə tutulmuş vəsaitin xərclənməsini əsasən köçürmə yolu ilə həyata keçirməyə üstünlük verməlidir.
• Layihədə nəzərdə tutulan tədbirlərin təşkili barədə qabaqcadan Şuranın Katibliyini xəbərdar etməlidir.
• Layihə başa çatdıqdan sonra bu layihə çərçivəsində əldə edilmiş avadanlıq və əsas vəsaitlərin balansa qəbul etməsini Şura ilə razılaşdırılmalıdır.
9. Layihənin icrasının başa çatması
QHT-nin sonuncu təsviri və maliyyə hesabatları qəbul edildikdən və istifadə edilməmiş vəsait Katibliyin hesabına ödənildikdən sonra layihənin icrası başa çatmış sayılır.
|