|
Formaların adlarından aydın olduğu kimi onlar hesabat forması yox əməliyyatların müxabirləşmələrinin qeydiyyat vərəqləridir.
Bu formaların hesabat forması kimi təsdiq edilməsində əsas məqsəd təşkilatın tələb olunan müxabirləşməni aparmasını təmin etmək və ilkin uçot sənədlərinin arxivləşdirmə qaydasının vahid formasını yaratmaqdan ibarətdir. Formaların tərtibi zamanı aşağıdakılara əməl edilməlidir:
“Maliyyə yardımı alan təşkilatın adı” ifadəsinin qarşısındakı qrafada maliyyə yardımını almış təşkilatın adı tam olaraq yazılır.
Müxabirləşmə sənədinin nömrəsi qrafasında birinci tərəfdə əməliyyatların baş verdiyi il, ikinci tərəfdə isə hesabatın dövrü göstərilir (yəni birinci hesabat üçün BM, KM, TM ¹ 2009/01, ikinci hesabat üçün 2009/02 və s.).
“Əhatə edilən dövr” qrafasında hesabata daxil edilən əməliyyatların faktiki olaraq hansı tarixdən hansı tarixədək olan dövrü əhatə etdiyi göstərilir. Bu tarixləri tərtib edərkən nəzərə almaq lazımdır ki, ilkin hesabatda başlanğıc tarix kimi layihənin həyata keçirilməsi üçün müqavilədə nəzərdə tutulmuş gün, ay və il qeyd edilir. Növbəti dövrlər üçün tərtib edilən hesabatlarda özündən əvvəlki hesabat dövrünün qurtardığı gün yeni hesabat dövrünün başlanğıc günü kimi qeyd edilməlidir.
“Hesabat dövrü ərzində hərəkətin yekun məlumatları” bölməsinin “dövrün əvvəlinə qalıq” qrafasında hər növbəti hesabatda əvvəlki hesabatın qalıq məbləği yazılır. Birinci hesabat təqdim edilərkən Şuranın vəsaiti köçürülməmişdən əvvəl təşkilatın bank və digər hesablarında, kassada və təhtəlhesab şəxslərdə hər hansı vəsaiti olmuş olsa da həmin qrafaya heç bir məlumat daxil edilməməlidir.
“Dövr ərzində daxil olub (cəmi)” qrafasında hər hesabat dövrü ərzində əldə olunan Şura vəsaitinin məbləği göstərilir.
“Dövr ərzində çıxıb (cəmi)” qrafasında həmin hesabata əsasən çıxması və ya istifadə edilməsi qeyd olunmuş vəsaitin məbləği göstərilir.
“Müxabirləşmə” bölməsinin “sənədin ¹-si ” qrafasında əməliyyatı təsdiq edən sənədin nömrəsi qeyd edilir. Nömrələr sənədin rəsmi nömrəsi deyil, sənədlərin üzərinə əl ilə yazılmış sıra sayı olmalıdır.
Sıra sayı isə “Xərclərin qeydiyyatı və nəzarət” adlı (əlavə N 4) hesabatdakı sıra ardıcıllığını əks etdirən rəqəm olmalıdır. Beləliklə sayı nəzarətə götürülmüş ilkin uçot sənədləri 1, 2 və 3 saylı əlavələrin ( müxabirləşmələrin ) arxasına tikilir.
Xırda qəbzlər, çeklər və s. (sonradan düşüb itməməyi üçün) xronoloji ardıcıllıqla A-4 formatlı kağızlara yapışdırılır. Bir vərəqə bir neçə sənəd yapışdırmaq olar. Sənədin Katibliyə təqdim edilmək üçün hazırlanan surətləri sənədin ölçüsündə deyil A-4 formatında olmalıdır.
Aparılmış əməliyyatların qeydə alındığı hesabların nömrələri müvafiq olaraq “Debet” (alan hesab) və “Kredit” (verən hesab) qrafalarına yazılır. “Təsdiqedici sənədlərin sayı-vərəq” qrafasına həyata keçirilmiş maliyyə əməliyyatını təsdiq edən ilkin uçot sənədlərinin (əslinin) vərəq sayı yazılır. Əgər bir xərcin təsdiqi üçün tərtib edilən sənəd bir neçə vərəqdən ibarətdirsə, onda bu sənədlər əhəmiyyətinə görə ardıcıllıqla belə nömrələnir: 1-1; 1-2; 1-3 və s. və aid qrafada vərəqlərin sayı göstərilir. Burada birinci rəqəm sənədin sıra nömrəsini göstərir, ikinci rəqəm isə vərəqin say nömrəsini göstərir.
“Əməliyyatların məzmunu” qrafasında həyata keçirilmiş əməliyyatın adı yazılır (məs. rabitə xərci, əmək haqqı, gəlir vergisi və s.). Cədvəlin sonundakı “Dövriyyə” sətrində sütun üzrə nə qədər məbləğ yazılıbsa hamısının cəmi göstərilir. Ondan layihə xərclərinin ödənişinə aid edilir” sətrinə isə yalnız xərclər toplanıb yazılır.
“İmzalar” bölməsində “hazırlayan” və “təsdiq edən ” qrafalarına ad və soyad yazılmaqla imza edilir.
Xərclərin qeydiyyatı və nəzarət (əlavə N 4) hesabatı formasının tərtib edilməsi üçün Təlimat
Bu forma hər bir xərcin aid maddələr üzrə ilkin uçotunun bir yerdə toplanması (birikdirilməsi) üçün nəzərdə tutulur. Hesabatın tərtibinin əsas məqsədi ayrı-ayrı xərc maddələrinin istifadəsini nəzarətdə saxlamaq və büdcə maddələrinə əməl edilmə vəziyyətini təsdiq edən ilkin məlumatların siyahısını hazırlamaqdan ibarətdir. Bu hesabatın göstəriciləri kompüterdə gündəlik qeydə alındıqda aid maddələr üzrə xərclər və qalıqlar barədə hər bir məlumatla bərabər onu təsdiq edən sənəd də qeydə alınmış olur ki, bu da həm layihənin maliyyəsinin idarə edilməsində səhv etmə ehtimalını, həm də sənədlərin uçotdan kənarda qalması ehtimalını minimuma endirir. Mərhələlərlə həyata keçirilən layihələrin icrası zamanı maliyyə vəsaitinin təyinatı üzrə istifadəsinin uçotunu qurmaq sahəsində bu uçot forması sadə tərtibatı və bütün suallara cavab vermək imkanları baxımından çox əlverişli olduğu kimi, eyni sənədin təkrar qeydə alınması hallarının da qarşısını alır.
Hesabat formasının Göstəricilərin adı və təsnifat kodu sətirləri üzrə qrafalar büdcə formasından götürülür. Bu zaman hesabatda olan qrafalardan QHT-yə aid olanları saxlanılır, formada olmayanlar əlavə edilir, boş ( rəqəmsiz) qalanlar isə ləğv edilir.
Formadakı a, b, c və d sətirlərinin göstəriciləri büdcə formasından, əlavə N 5-in 12-ci sütununun məlumatından, əvvəlki dövr üçün hesabatdan, bank məlumatlarından və digər mənbələrdən götürülərək tərtib edilir.
Əməliyyatın məzmunu sütununda edilmiş xərclərin adı (məsələn: rabitə xərci, əmək haqqı, gəlir vergisi, DSMF- 22%, pensiya fondu - 3% və s.) onların həyata keçirilməsi tarixlərinə uyğun ardıcıllıqla yazılır.
Təsdiqedici sənədin adı sütununda xərcin ödənildiyini təsdiq edən sənədin adı (məs: kassa qəbzi, kassa mədaxil orderi, mədaxil qəbzi, ödəniş cədvəli, ödəniş tapşırığı və s.) yazılır. Xərclərin qruplaşdırılaraq yazılmasına icazə verilmir.
Növbəti sütunlarda isə müvafiq olaraq sənədin tarixi və nömrəsi qeyd edilir.
Hesabatı təsdiq edən ilkin uçot sənədlərinin hesabatdakı sıra nömrələri sənədin üzərinə sağ küncdən əl ilə yazılır və dairəyə alınır. Hesabat işlənib qurtardıqdan sonra bu sənədlər 1, 2 və 3 saylı əlavələrin ( müxabirləşmələrin ) arxasına tikilir.
Xərclərin yekunu sütunundan sonrakı sütunda bankdan alınaraq nağd qaydada kassadan və ya təhtəlhesabdan xərclənmiş pulların məbləği göstərilir. Ümumi xərclər sütununun yekunu ilə nağd xərclər sütununun yekununun fərqi bankdan ödənilmiş xərclərin məbləğinə bərabər olmalıdır.
Şura tərəfindən təsdiq edilmiş QAYDALARA əsasən maliyyə yardımının istifadəsi haqqında sonuncu hesabat tərtib edilərkən QHT istifadə edə bilmədiyi 10 manatdan artıq vəsaiti Katibliyə geri qaytarmalıdır. İstifadə edilməmiş vəsaitin məbləği 10 manatdan azdırsa onda həmin məbləğ təşkilata saxlanılır və 282300-cü qrafada göstərilir. Bu vəsaitin hansı məqsədə xərclənməsi haqqında qərarı təşkilat özü sərbəst şəkildə qəbul edir və sonradan bu barədə Şuraya əlavə hesabat təqdim etmir.
Bütün xərclər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş mədaxil-məxaric sənədlərinin vahid formalarında sənədləşdirilməlidir. Xarici təşkilatlardan alınmış mədaxil məxaric sənədləri Azərbaycan dilinə rəsmi qaydada tərcümə edilməli və notarial qaydada təsdiq edilməlidir.
Qeyd: Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yerinə yetirdiyi işlər üçün müqavilə bağlanmalı, , işin yerinə yetirildiyi müvafiq sənədlə təsdiq edilməli və vəsait nağd qaydada ödənildiyi halda sahibkar pulu aldığını dövlət tərəfindən müəyyənləşdirilmiş mədaxil sənədi ilə təsdiq etməlidir.
MALİYYƏ YARDIMININ XƏRC MADDƏLƏRİ ÜZRƏ İSTİFADƏSİ VƏ NÖVBƏTİ MƏRHƏLƏ ÜÇÜN TƏLƏBATIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ BARƏDƏ HESABATIN (ƏLAVƏ 5) TƏRTİBİNƏ DAİR TƏLİMAT
Bu hesabat forması təşkilatın həyata keçirdiyi layihənin icrası zamanı büdcənin hər bir maddəsinə və bütövlükdə büdcəyə mərhələlər üzrə necə əməl olunduğunu təhlili etmək və növbəti mərhələ üçün vəsaitə tələbatın müəyyənləşdirilməsi məqsədilə hazırlanmışdır.
Hesabat formasının 2, 3, 4, 5 və 6-cı sütunlarının göstəriciləri büdcə formasının eyni adlı sütunlarından götürülür. Formanın elektron variantı proqramlaşdırılıb və büdcə hissəsi büdcə forması ilə eyni proqrama malikdir. Hesabat dövrünün göstəricilərini əks etdirən sətirlərin riyazi proqramları da büdcə formasında olduğu kimi saxlanılıb. Əlavə edilmiş sütunların (7, 8, 9, 10, 11 və 12 –ci sütunlar) riyazi proqramları və ya sütuna daxil edilməli məlumatların adları aid sütunların başlıqlarında əks etdirilib. Bu hesabatın yekunlarına əsasən balans və müraciət formaları tərtib edilir.
Şuradan alınacaq maliyyə yardımının məbləği dəqiqləşdirilmiş hər bir QHT müqavilə bağlamazdan qabaq birinci mərhələdə veriləcək vəsaiti müəyyənləşdirmək məqsədilə bu formanın 2, 3, 4, 5, 6 və 12-ci sütunlarını aid sətirlər üzrə tərtib edərək Katibliyə təqdim etməlidir. Sonrakı mərhələlərdə isə QHT 7-11-ci sütunlarda hesabat təqdim etdiyi dövrdə edilmiş faktiki xərclərini yazaraq lazımi hesablamaları aparmalı, 12-ci sütunda isə növbəti dövr üçün pul vəsaitinə olan tələbatını qeyd etməlidir. Pul vəsaitinə olan tələbat layihənin icra planına uyğun hesablanmalıdır. Bu zaman əvvəlki dövrdə tələbata daxil edilərək alınmış, lakin müəyyən səbəbdən istifadə edilməyib qalmış vəsaitin məbləği yenidən 12-ci sütunun məlumatlarına daxil edilməlidir.
Birinci mərhələ alınmış maliyyə yardımının istifadəsi haqqında hesabat təqdim edilərkən onun əhatə etdiyi dövr formanın başlığında əks etdirilməlidir. Edimiş xərclər 4 nömrəli əlavədən götürülərək 8-ci sütunda aid sətrlərdə yazılmalıdır. İlkin hesabatda bu göstəricilər eynilə 9-cu sütuna da köçürülməli (electron formada avtomatik köçürülür) və əldə edilən nəticələrə uyğun 10 və 11-ci sütunların göstəriciləri hesablanmalıdır. İkinci mərhələ üçün alınmış yardımın istifadəsi haqqında hesabat tərtib edilərkən 8-ci sütunun göstəriciləri 7-ci sütuna köçürülməli və 8-ci sütunda hesabat dövrünün xərcləri yazılmalıdır. Bu halda 9-cu sütunda 7-ci və 8-ci sütunların göstəricilərinin cəmi toplanacaqdır. Hər bir sonrakı mərhələ üçün hesabat hazırlanarkən əvvəlki hesabat üzrə 8-ci sütunun göstəriciləri 7-ci sütundakı rəqəmlərin üzərinə əlavə edilməli və 8-ci sütunda ancaq hesabatın başlığında göstərilmiş hesabat dövrünə aid rəqəmlər yazılmalıdır. Yadda saxlamaq lazımdır ki, Katiblik ancaq özü verdiyi vəsaitin xərclənməsi haqqında hesabat tələb edir. QHT-nin başqa mənbəələrdən aldığı vəsaitlər bu hesabatlara daxil edilmir.
Maliyyə yardımının istifadəsi haqqında sonuncu hesabat tərtib edilərkən 10 manatdan artıq istifadə edilmədiyi üçün Katibliyə qalmış vəsait 282300 -cü sətrdə göstərilir.
Yadda saxlamaq lazımdır ki, maliyyə vəsaitlərinin istifadəsi haqqında Şura tərəfindən təsdiq edilmiş QAYDALARA uyğun olaraq, büdcənin hər hansı bir sətiri üzrə nəzərdə tutulmuş vəsaitin ümumi məbləğinin 10%-ə qədəri təşkilatın qərarı ilə layihənin icrasına tələb edilən digər məqsədlər üçün istifadə edilə bilər. Bunun üçün layihə rəhbərinin təqdimatı əsasında təşkilat rəhbərinin və ya onun səlahiyyətlərini icra edən şəxsin rəsmi göstərişi (əmri, qərarı, sərəncamı və s.) hesabata əlavə edilməlidir. İstifadə istiqamətinin dəyişilməsi tələb olunan məbləğ müvafiq maddənin 10%-indən çox olduğu halda qabqcadan müəyyən edilmiş qaydada Katiblikdən rəsmi qaydada icazə alınmalı və bu barədə sənədin surəti hesabata əlavə edilməlidir.
“MALİYYƏ YARDIMI ALAN TƏŞKİLATIN MALİYYƏ BALANSLARININ TƏSDİQİ” HESABATININ (əlavə N 6) TƏRTİBİ ÜÇÜN TƏLİMAT
Bu hesabat forması Şuradan alınmış maliyyə vəsaitinin təşkilat tərəfindən istifadəsinin yekunlarını əks etdirən balansdır.
"Balans _______ tarixə tərtib edilmişdir" sətrində hesabat dövrünün son tarixi göstərilir. Tarix gün / ay / il ardıcıllığı ilə yazılmalıdır.
"Maliyyə yardımı alan təşkilat" sətrində təşkilatınızın adını Azərbaycan dilində maliyyə yardımı müqaviləsində göstərildiyi kimi qeyd edilir.
"Maliyyə yardımı müqaviləsinin nömrəsi " qrafasında qüvvədə olan maliyyə yardımı müqaviləsinin nömrəsini qeyd edilir.
"Hesabat dövrü “ bölməsində cari maliyyə hesabatının təqdim dövrün başlanğıc və sona tarixləri göstərilir.
A sətrində hesabat dövrünün başlanğıcında olan qalıq (A1+A2+A3) cəmi göstərilməlidir.
A.1 sətrində A sətrində qeyd olunmuş qalıq haqqında məlumatın bank hesabında olan hissəsini qeyd edin. Bu göstərici ilkin hesabatda sıfıra , sonrakı hesabatlarda isə əvvəlki dövr üçün təqdim etdiyiniz hesabatdakı E 1 sətrinin göstəricisinə bərabər olmalıdır.
A.2 sətrində A sətrində qeyd olunmuş qalıq haqqında məlumatın kassada nağd formada olan hissəsini qeyd edin. Bu göstərici ilkin hesabatda sıfıra , sonrakı hesabatlarda isə əvvəlki dövr üçün təqdim etdiyiniz hesabatdakı E 2 sətrinin göstəricisinə bərabər olmalıdır.
A.3 sətrində A sətrində qeyd olunmuş qalıq haqqında məlumatın təhtəlhesabda olan hissəsini qeyd edin. Bu göstərici ilkin hesabatda sıfıra , sonrakı hesabatlarda isə əvvəlki dövr üçün təqdim etdiyiniz hesabatdakı E 3 sətrinin göstəricisinə bərabər olmalıdır.
1-ci hesabat təqdim edildikdən sonra növbəti mərhələ üçün Şura tərəfindən hər dəfə köçürülən vəsaitin artan yekunla cəmi B sətrində, yəni “Hesabat dövrü ərzində Şuradan alınmış vəsaitlərin cəmi ” qrafasında qeyd edilir.
C sətrində hesabat dövrü ərzində xərclənən vəsaitlərin cəmi göstərilir. Bu cəm C.1.+C.2.+C.3. cəmindən əmələ gəlir
Belə ki,
C. 1 sətrində xərclənən vəsaitin Bank müxabirləşməsi üzrə məbləği;
C. 2 sətrində xərclənən vəsaitin Kassa müxabirləşməsi üzrə məbləği;
C.3 sətrində xərclənən vəsaitin Təhtəlhesab müxabirləşməsi üzrə məbləği göstərilməlidir.
D sətrində A+B-C formulu vasitəsi ilə hesablanmış hesabat dövrünün sonunda olan qalıq vəsaitin cəmini göstərin D sətrində hesabat dövrünün sonuna olan qalığı, yəni hesabat dövrünün başlanğıcında olan qalıqla hesabat dövrü ərzində əldə olunmuş Şura vəsaitlərinin cəmindən hesabat dövrü ərzində xərclənmiş vəsaitlərin cəmini çıxdıqda qalan qalıq qeyd edilir. (göstəricinin qarşısında qeyd edilmiş riyazi düstura əməl edin.)
E.1 sətrində hesabat dövrünün sonuna istifadə edilməyib qalmış vəsaitin bankda olan hissəsi qeyd edilir.
E.2 sətrində hesabat dövrünün sonuna istifadə edilməyib qalmış vəsaitin təşkilatınızın xəzinəsində (kassasında) olan hissəsini qeyd edin. Bu göstərici "Əldə olan nağd pulun hesabatı " ilə təsdiq edilməlidir. Əgər kassada qalıq yoxdursa "Əldə olan nağd pulun hesabatı" forması tərtib edilmir.
E.3 sətrində əməkdaşlara avans verilmiş, lakin hesabat dövrünün son tarixinə lakin istifadə edilməyərək onlarda qalmış maliyyə yardımı vəsaitlərinin cəmini qeyd edin. Qalığın təsdiqi üçün "İşçilərə verilmiş və barəsində hələlik hesabat təqdim edilməmiş avanslar hesabatını” da əlavə edin.
E (qalığın cəmi ) sətrinin göstəricisini E1+E2+E3 düsturu vasitəsi ilə hesablayın. Hesablanmış məbləğin D sətrinin göstəricisinə bərabər olmasına əmin olun. Hesabat, hazırlayan mühasib tərəfindən imzalanmalı və layihə direktoru tərəfindən təsdiq edilərək təşkilatın möhürü ilə möhürlənməlidir.
Hesabatın sonunda təşkilat rəhbərinin və mühasibin adı, soyad və atasının adını qeyd edin və hesabatı təhvil verdiyiniz tarixi yazın
Qeyd. Cədvəlin “Katiblik tərəfindən yoxlanılıb” bölməsini boş saxlayın!
|