Axtarış: 
Əli Hüseynli: Bu cür sürətli iqtisadi inkişaf bəzən korrupsiya problemini ortaya çıxarır...
+  -  Çap 
Yerləşdirilib: 26.12.11 | Baxılıb: 117
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynli lent.az-a müsahibə verib.

Onunla görüş, çoxdan xahiş etsəm də, uzun fasilədən sonra və gözləmədiyim anda baş tutduğu üçün demək olar ki, hazırlıqsız idim. Çünki bir ay əvvəl hazırladığım mövzuların çoxu artıq gündəmdən düşmüşdü, gözləmədiyim anda qəfil görüş isə hazırlaşmağa imkan vermədi.

 Görüş üçün mənə ayrıldığını təxmin etdiyim yarım saatı boşuna itirməmək üçün dərhal söhbətə başlamaq istədiyim anda o, bir ay əvvəldən yazılı şəkildə göndərdiyim sualları saf-çürük edərək bir-ikisinin üstündən xətt çəkdi: “Bu barədə artıq mətbuata danışmışam”.

 Sualları saf-çürük etdikcə və çox soyuqqanlı görkəmdə harasa tələsdiyini gördükcə anladım ki, boşuna gəlmişəm, heç nə baş tutmayacaq. Elə digər suallara da əhəmiyyətsiz yanaşması - “bunlar çox ümumidir, fikrimi cəmləyə bilmirəm” deməsi qənaətimi dəqiqləşdirdi.

 Hazırlaşırdım sağollaşmağa və hiss elədim ki məyusluğum zahirən də bilinir... Amma qəflətən elə bil hər şey dəyişdi. O, indiyə qədər görmədiyim formada gülümsünərək, əlindəki sual vərəqini masanın üzərinə buraxıb, ayağa qalxdı:

 - Yaxşısı budur, gəl elə söhbət edək... – deyib, tamam başqa mövzuya keçdi. Daha doğrusu nədənsə söz saldı və söhbət jurnalistlərin araşdırma qabiliyyətinə gəlib çıxdı...


“Tarixdə tək bu iki şəxsiyyət bütün Qafqazın təəssübünü çəkib” 


 Bir zaman ayıldım ki, artıq bir saatdır çox qızğın bir söhbət edirik, amma müsahibə mövzusundan kənar...

 Çünki indiyədək gözləmədiyim şəxslə, özüm üçün daim həssas bildiyim və özümdən başqa kiməsə maraqlı olacağına inanmadığım bir mövzuya keçmişdik...

Söhbət hazırda mətbuatda aktual olan və adını çəkmək istəmədiyim (bu mövzuya qismət olsa gələcəkdə qayıdacam) bir mövzudan düşdü. Araşdırılacaq, lakin nədənsə indiyədək heç kəsin toxunmadığı mövzular ortaya çıxdı...

 Məsələn, Əli müəllimi ən çox narahat edən son illər azərbaycanlıların əksəriyyətinin özünü Qafqaz müstəvisindən təcrid eləməsidir: “Tarixən müxtəlif güclərin əsarətində olarkən, elə sovet dövründə də biz daim özümüzü qafqazlı kimi hiss eləmişik, belə büruzə vermişik. Amma nədənsə müstəqillik dövrünün sərhədləri bizi həm də tarixi, dini, etnik baxımdan çox yaxın olduğumuz şimali Qafqaz xalqları ilə də hiss olunacaq dərəcədə uzaqlaşdırıb... 

 Onun üçün Qafqazın tarixində iki böyük şəxsiyyət var: Heydər Əliyev və Şeyx Şamil. Qibtə edir bu iki şəxsiyyətə...“Tarixdə yalnız bu iki şəxsiyyət bütün Qafqazın təəssübünü çəkib, Vətən uğrunda canından belə keçməyə hazır olub. Siz heç Heydər Əliyevin Şeyx Şamilin 200 illiyi ilə bağlı imzaladığı sərəncamla tanışsınız?

- Təəssüf ki, yox... 

 - Mütləq tapın, tanış olun (yazını hazırladığım ərəfədə tapıb tanış oldum –“Şeyx Şamilin 200 illik yubileyi haqqında” 680 nömrəli sərəncam, Bakı şəhəri 21 oktyabr 1997-ci il – M.A.), orada Şeyx Şamilə verilən qiymət bəlkə də o vaxta kimi verilməyib. 

 Onunla Qafqaz mövzusunda çox söhbət etdik... 


 “Şərq mənim üçün ekzotikadan başqa bir şey deyil”


 - Əli müəllim, o qədər maraqlı söhbət elədik ki, hazırladığım suallar yaddan çıxdı, hansı ki onların tam əksəriyyətini artıq mətbuata açıqlamısınız və danışmağa lüzum görmürsünüz. Amma söhbət əsnasında məşğul olduğunuz sahə ilə bağlı bir neçə sual yarandı məndə. Azərbaycanda hüquq və dövlət quruculuğu istiqamətində islahatlar aparılsa da bir çox beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycanı qınamaqda davam edir. Xüsusilə Qərb... Nə baş verir? 

 - Bu məsələ ilə bağlı onu deyim ki, Azərbaycanın hüquq sisteminin Avropadan başqa digər standartlara uyğun olması heç mümkün də deyil. Biz artıq Avropa hüquq sisteminin ayrılmaz tərkib hissəsiyik, Azərbaycan bütünlüklə Avropanın bir hissəsinə çevrilib. Bu həm siyasi sistem, həm hüquqi sistem və həm də artıq iqtisadi sistem olaraq baş verir. Hüquq sisteminə qayıtdıqda isə artıq bizim 10 ildən çoxdur Avropa Şurası ilə əməkdaşlığımız, son illər isə Avropa Birliyi ilə sıx əməkdaşlığımız mövcuddur. Bu əməkdaşlıqdan irəli gələrək apardığımız islahatlar da Avropa standartlarına uyğun həyata keçirilir. Burada biz bəzi Avropa ölkələrinin, o cümlədən Şərqi Avropa ölkələrinin standartlarını özümüzlə müqayisə eləsək, bəzi standartlarımız onlardan üstündür. Avropanın qərb hissəsinin təcrübəsi isə daha çoxdur, hüquq siyasəti baxımından daha çox tarixi inkişaf yolu keçiblər, amma təbii ki, bu gün Avropa vahid bir evdir və bizim də onun üzvü kimi hüquq sistemimiz yaxınlaşmaqda davam edir. Biz bu gün bütün qanunvericilik islahatlarımızı Avropa təşkilatları ilə birgə həyata keçiririk.
 O ki qaldı tənqidlərə... bəli, bu, mövcuddur. Bu tənqidləri iki yerə bölmək olar: birincisi qeyri-obyektiv tənqidlərdir. Bu ondan irəli gəlir ki, bəzən hansısa dairələrin Azərbaycana təsir etmək məqsədi olur. Bəzi hallarda da həyata keçirdiyimiz işlər barədə onlarda obyektiv məlumat olmur və sair. İkinci hissə tənqidlər həqiqətən obyektivdir. Dost tənqididir. Bu daha çox tövsiyə xarakteri daşıyır. Bu fikirlər də ona əsaslanır ki, bizim gələcək əməkdaşlığımız daha sürətli olsun. Hətta Avropanın öz böyük ölkələri belə bir- birinə qarşı mütəmadi olaraq bu tənqidləri səsləndirirlər. Məsələn, bu yaxınlarda Böyük Britaniya Avrozona ilə bağlı fərqli mövqe nümayiş elətdirdi, digər ölkələrə iradlarını bildirdi və sair. Amma bir daha xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, dünyada dövlət idarəçiliyinin bir çox modeli var, amma bizim üçün daha çox Avropa Birliyinə daxil olan ölkələrin modeli nümunə olmalıdır. 
 Həm parlamentdə müvafiq komitənin rəhbəri kimi, həm Korrupsiyaya qarşı Mübarizə Komissiyasının, həm də Məhkəmə hüquq Şurasının üzvü kimi dəqiqliklə deyirəm ki, tətbiq etdiyimiz təcrübə ancaq Avropanın hüquqi dövlət modelinin təcrübəsidir.
 Biz heç vaxt Şərq modelinə müraciət eləmirik. Şərq şəxsən mənim üçün ekzotikadan başqa bir şey deyil.... Şərq və müsəlman dünyası ancaq fəlsəfi və mənəvi dəyərlər baxımından maraqlıdır. Hüquqi dövlət və demokratiya isə Avropanın kəşf etdiyi və tətbiq etdiyi ən uğurlu idarəçilik formasıdır. Ona görə də biz xalqımıza məxsus milli-mənəvi dəyərlərə söykənərək Avropa idarəçilik modelində dövlət quruculuğunu həyata keçiririk. 


 “Gürcüstanda da Azərbaycanda olduğu kimi böyük maliyyə olsaydı...”


 - Qərbdəki müxtəlif dairələr belə bir mülahizəni əsaslandırmağa çalışırlar ki, bu gün Yaxın Şərq ölkələrində, müsəlman ölkələrində baş verən və ya gözlənilən dəyişikliklər bəzi postsovet ölkələri üçün də gözləniləndir. Onlar buna misal kimi “ərəb baharını”, İranda, Rusiyada və Orta Asiya ölkələrində baş verənləri qeyd edirlər... 

 - Biz ara-sıra bu cür analizlərlə tanış oluruq, amma tam səmimi olaraq deyim ki, postsovet ölkələrini ərəb ölkələrində və İranda baş verənlərlə müqayisə eləmək çox yersizdir. Ona görə ki, keçmiş SSRİ-yə daxil olan ölkələr özlərinin ictimai-siyasi təfəkkür səviyyəsinə görə fərqlidirlər. Baxmayaraq ki, həmin ərəb ölkələrinin neft strategiyası və sair baxımdan ciddi uğurları olmuşdu, amma bu uğurları onların ictimai-siyasi təfəkkürü ilə müqayisəyə gəlməz dərəcədə idi. Onlarda tamam fərqli bir sistem, fərqli bir dəyərlər toplumu, fərqli bir intellektual səviyyə mövcuddur. Ona görə də onlarda baş verənləri bizim region ilə müqayisə eləmək düzgün deyil. Hətta həmin dairələrin Belarusla bağlı fikirləri də gülüş doğururdu, çünki gördük ki Belarusda heç nə baş vermədi.
 O ki qaldı konkret olaraq Azərbaycanın bu ölkələrlə müqayisə olunmasına, bu tamamilə yersizdir. Azərbaycan digər bəzi postsovet ölkələrindən də onunla fərqlənir ki, biz iqtisadi inkişafımızı insan kapitalına yönəldə bilmişik. Ölkə rəhbəri səviyyəsində iqtisadi və siyasi islahatları paralel həyata keçirilməsini bəyan edilib. Bütün mürəkkəb problemlərə - torpaqların işğal olunması, qaçqınlar və sair – baxmayaraq, Azərbaycanın müstəqil siyasəti anlamında vahid bir vətəndaş cəmiyyəti yarada bilmişik. Bax bu, nəinki Yaxın Şərqdə, hətta bir sıra postsovet ölkələrində mövcud deyil...

- Yeri gəlmişkən, onlar postsovet ölkələrində nümunə kimi daha çox Gürcüstanı göstərirlər... 

 - Bəli, belə fikirlər var. Əlbəttə, idarəçilik sistemində bizim gürcü həmkarlarımızın bir sıra islahatları var ki, biz buna strateji tərəfdaş kimi sevinirik. Onlarla ciddi əməkdaşlıq edirik. Amma eyni halda bizim də bir çox uğurlarımız var ki, gürcü həmkarlarımız buna görə bizdən istifadə edirlər. Hətta bizim digər sahədə olduğu kimi bu sahədə də Gürcüstanla sıx əməkdaşlıq qurmağımız Qafqazda əməkdaşlığın yaxşı bir nümunəsidir. Bu gün bizim kimi Gürcüstanın da ərazi bütövlüyü problemi var. 

- Gürcüstandan söz düşmüşkən, Əli müəllim, necə olur ki, eyni tarixi taleyə, eyni geostrateji mövqeyə malik olduğumuz, hətta nümunəvi sıx əməkdaşlıq etdiyimiz Gürcüstan dövlətçilik üçün təhlükə olan korrupsiyaya qarşı mübarizənin pik nöqtəsinə çatıb, amma bizdə hələ də bəzi problemlər var? Nəzərə alaq ki, hətta iqtisadi və digər bəzi sahələrdə biz Gürcüstandan xeyli qabaqda olmamız dəfələrlə açıqlanır, o zaman bizə mane olan nədir? 

 - Mən bu sualı beynəlxalq qurumlarda çalışan dostlardan da tez-tez eşidirəm və cavablarını da verirəm... Amma bu tam ciddi bir cavabdır, bunu qətiyyən zarafat kimi qəbul eləməyin: əgər Gürcüstanda da Azərbaycanda olduğu kimi böyük maliyyə olsaydı, onlar korrupsiyaya qarşı mübarizədə bizdən də çətin vəziyyətə düşərdilər. Yəni Azərbaycanda müasir dövrdə korrupsiyanı səciyyələndirən hallardan biri də güclü iqtisadi inkişafdır. Bu cür sürətli iqtisadi inkişaf bəzən bu mərhələdə korrupsiya problemini ortaya çıxarır. Bu mərhələni bir çox inkişaf etmiş ölkələr, istər Avropada istərsə də Şərqdə kifayət qədər güclənmiş dövlətlər keçiblər, bu problemi yaşayıblar. Çünki korrupsiya vəsaitin qeyri-qanuni yolla əldə olunmasıdır və bu gün Azərbaycanda da vəsait həddindən artıq çoxdur. Belə şəraitdə iqtisadi inkişaf o qədər çox sürətlə gedir ki, onun yaratdığı fəsadlara qarşı adekvat tədbirlər görmək çətinlik yaradır. Sürət çoxdur, onun yaratdığı fəsadlar var, buna qarşı tədbirlər görmək lazımdır. Yəni institusional islahatlar aparmaq lazımdır. Bunu isə bəzən bu sürətlə çatdırmaq mümkün olmur. Məsələn, mən özüm də bir qanunverici kimi bunu arzu olunan səviyyədə və sürətlə çatdıra bilmirəm. Bax problemin kökü burdadır. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin müşavirəsində də dediyi kimi, xüsusilə vurğulamaq istəyirəm ki, bu məsələdə baxmayaraq ki biz daha çox cinayət təqibinə əl atırıq, amma biz daha çox institusional islahatlara üstünlük verməliyik. Ola bilər, bu bir qədər vaxt aparacaq, amma mütləq effektini verəcək. Mən əminəm. Elə sahələr var ki, bizim artıq orada bu problemin həll edilməsində yaxşı nailiyyətimiz var. Məsələn, dövlət qulluğuna işə qəbul, prokurorluğa işə qəbul, hakimlərin təyinatı və s. artıq şəffaf üsullarla həyata keçirilir. Amma elə yeni sahələr yaranıb ki, biz hələ də orada korrupsiya halı ilə üzləşirik. Yaxın dövrdə bizim ciddi məqsədimiz korrupsiyanın Azərbaycanda minimuma endirilməsi olmalıdır və inanıram ki bu baş tutacaq. Yeri gəlmişkən deyim ki, bu il artıq bizim korrupsiyaya qarşı mübarizə ilə bağlı sonuncu Dövlət Proqramının vaxtı qurtarır və biz növbəti il üçün yenisinin üzərində düşünürük. Burada biz yeni modellər üzərində, daha səmərəli variantlar üzərində düşünürük. Məsələn, elə eləmək lazımdır ki, mümkün qədər vətəndaş məmurla şəxsən əlaqədə olmasın. Yəni biz çox düşünürük ki, daha səmərəli yollar tapaq. 
 Amma onu da deyim ki, korrupsiyaya qarşı mübarizədə başqa modellər də var. Məsələn, harada ki dövlət idarəçiliyində inzibati idarəetmə güclüdür, orada bu problem minimuma enir. SSRİ dövründə inzibati idarəetmə güclü idi və effekt verirdi. Düzdür, paradoksal görünür, amma harada ki inzibati idarəetmə güclüdür, azad cəmiyyət yoxdur orada korrupsiyanın səviyyəsi aşağıdır. Amma biz daha çox beynəlxalq təşkilatla əməkdaşlıq edərək, insan hüquqlarını rəhbər tutaraq modellər axtarırıq.

 Söhbətimizin yekununda qısa olaraq insan hüquqları və Azərbaycan mentaliteti barədə də danışdıq. Mənim bəzi mental dəyərlərimizin insan hüquqlarına əngəl olması fikrimə Əli müəllim maraqlı bir cavab verdi: “Söhbət həqiqi milli Azərbaycan, xalis Qafqaz mentalitetindən gedirsə, bu, heç vaxt müasir dünyada azərbaycanlıların hüquqlarının qorunmasına əngəl ola bilməz…”

Mübariz Aslanov


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo