Bu gün Azərbaycan cəmiyyətində özünü göstərən əsas problemlərdən birinin də sosial şəbəkələrlə bağlı olduğu heç kimə sirr deyil.
Artıq bununla bağlı mütəxəssislər tərəfindən dəfələrlə həyəcan təbili çalınıb. Lakin proseslərin gedişi göstərir ki, sosial şəbəkələr gündəlik həyatımıza getdikcə daha çox daxil olmağa başlayır. Araşdırmalar göstərir ki, hazırda belə şəbəkələr çoxları üçün gündəlik həyatın mühüm tərkib hissəsinə çevrilib. Digərləri üçün isə, vaxt itkisi anlamına gəlməsinə baxmayaraq, yenə də sosial şəbəkələrin istifadəçiləri hər gün artmaqdadır.
Araşdırmalar sosial şəbəkələrin uşaqlara da mənfi təsirlərinin çoxaldığını üzə çıxarır. Məsələn, bugünün uşaqlarının, haradasa, 20-30 il qabaqkı uşaqlar ilə müqayisədə 3 saat gec yatması, bunun da nəticəsində gənclərdə əsəb sisteminin pozulması artıq ciddi problemə çevrilib. Bununla da qida sisteminin pozulması ortaya çıxır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirə və təhlükə yarada bilər. İnsan artıq virtual məkanın sakininə çevrilir, reallığı itirir. Ailə ilə təmasda olmur. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsilə gənclərimiz lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır. Uşaqların tərbiyəsi pozulur. Sosial şəbəkələr biliyə sahib olmaq üçün, dünyaya çıxış üçün yaxşı vasitədir, lakin eyni zamanda Azərbaycana azad internetin gəlməyi pis məlumatlar gətirir. Milli-mənəvi dəyərlərə çox böyük zərbə yetirir.
Ancaq problem təkcə bununla məhdudlaşmır. Sirr deyil ki, son illər ölkədə intihar edən insanların sayı durmadan artır. Sosial-mənəvi problemlər əhatəsində sıxılan insanlar çıxış yolunu intiharda görür.
Statistikaya görə, bəzən heç bir ruhi-mənəvi sorunu olmayan adamlar da intihar edir. Psixoloq Dəyanət Rzayev də hesab edir ki, intihar psixi sarsıntının əlamətidir və son günlər əhali arasında artan intihar faktlarına diqqətlə nəzər salanda görürük ki, bir çoxlarının intihar etməsinə səbəb sosial durum, ailə münaqişəsi və sosial şəbəkələrin roludur: "Düzdür, intiharların səbəbini indiki zamanda sosial çətinliklərin üzərinə atmaq düzgün olmazdı. Çünki ötən əsrin 90-cı illərində müharibə zamanı sosial və psixoloji durum daha ağır idi. Lakin o zaman bu qədər intihar baş vermirdi. İndiki gənclər xarici dövlətlərin yaşayışının müsbət tərəflərinə baxıb özlərini o aləmdə hiss edir. Bu zaman yaşadıqları cəmiyyətlə barışa bilmir. Nəticə isə ağır olur". Psixoloqun fikrincə, son illər orta yaşlı nəslin nümayəndələri arasında baş verən intihar hallarını izləyəndə görərik ki, yaşlıların intiharına səbəb sosial- maddi durum və ailə münaqişəsi ilə əlaqəlidir. Statisik göstəricilər isə il ərzində yaşlı nəslin nümayəndələrinin məhz borc pul almasının qurbanı olduğunu deyir. Gənclər və azyaşlılar da bu "xəstəlik"dən yan keçə bilmir. Mütəxəssislərin fikrincə, bununda bir sıra səbəbləri var ki, başlıca səbəb valideyinlərin müəyyən yaş dövründə ailədə uşaqlara kifayət qədər diqqət ayırmamasıdır. "Birinci, uşaq ailədə tərbiyə edilməlidir. Hazırda bir sıra ailələr var ki, sosial problemlər üzündən uşaqlarına yeterincə vaxt ayırmır. Uşaqlarda o yaş dövründə sirlərini deməyə adam tapa bilməyəndə psixi pozuntular baş verir.
Bununla yanaşı, psixoloq SİA-ya açıqlamasında bildirir ki, son illər cəmiyyətdə artan sosial şəbəkələr və qorxulu filmlər də yeniyetmələrin pisixikasına olduqca mənfi təsir göstərir. Buna misal olaraq ötən ay sosial şəbəkələrdən birində baş verən olayı göstərmək olar. Belə ki, həmyaşıdı xanımla tanış olan yeniyetmə oğlan sonradan onunla ayrıldığı zaman bu iztiraba dözə bilməyərək özünü dənizə atmaqla intihar etmişdi. Hətta o bu addımı atacağı barədə özünün "facebook" səhifəsində də elan vermişdi. Psixoloqlar isə onun psixoloji sarsıntı keçirməsinin əsas səbəbini məktəbli oğlanın ailəsi tərəfindən kifayət qədər diqqət və qayğı ilə əhatə edilməməsində görür. Dəyanət Rzayev bununla bağlı bildirir: "Hər bir ailə ilk əvvəl öz övladına qayğı göstərməlidir. Xarici təcrübəyə nəzər salsaq görərik ki, Avropa ölkələrində valideyinlər övladlarına qayğı göstərmədiyi təqdirdə icraedici orqanlar onları valideynlik hüququndan məhrum edir. Azərbaycanda isə bu istiqamətdə heç bir qanun işləmir".
Din xadimləri də intihar hallarına birmənalı yanaşmır. İslam dinində insanın intihar etməsi ən böyük günah sayılan və bəyənilməyən bir əməldir. Son illər elm və texnikanın inkişaf etdiyi bir zamanda kiçik yaşda övladları olan valideynlər çox diqqətcil olmalı və övladlarının yaşına uyğun televiziya filmlərinə və proqramlarına baxmasına çalışmalıdır. Əks təqdirdə onların övladları həyata bir oyun kimi baxdıqları yaşda həyatın amansız oyunu ilə rastlaşa bilər. Buna misal olaraq İraq lideri Səddam Hüseynin bütün dünyaya yayımlanan edam səhnəsindən sonra dünyada yüzlərlə uşağın özünü Səddam kimi asmaq istəməsini göstərmək olar ki, bunun nəticəsi olduqca ağır oldu.
Bəzən şəbəkələrdə iştirak ailə zorakılığının bir elementi də ola bilər. Ekspertlər onu da vurğulayır ki, artıq sosial şəbəkə narkotik kimi bir şeyə çevrilib. Bəzən insan bu saytlara o dərəcə bağlanır ki, bir gün bu sayta girməsə özünü çox narahat hiss edir.