Axtarış: 
Azərbaycanda dini toylar: Kim keçirir, necə keçir?
+  -  Çap 
Yerləşdirilib: 23.01.12 | Baxılıb: 59
Dini toyları aparan “Əhli-Beyt Məddahları” qrupunun 20 yaşı var. Qrupun rəhbəri Hacı Yaşar Cahid “Media forum” saytına açıqlamasında bildirib ki, 1990-cı illərin əvvəllərində islam ölkələrinə gediş-gəliş asanlaşdı: “Onlarla əlaqə saxlayan zaman orada dini qrupların olduğunu, həmin qrupların dini toylara getdiyini gördüm. Fikirləşdim ki, belə bir qrup niyə Azərbaycanda olmasın. Həmin vaxtlar Azərbaycanda dərvişlik məktəbi vardı, amma tək-tək fəaliyyət göstərirdilər”.
Özü haqqında məlumat verən qrup rəhbərinin sözlərinə görə, Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib: “1978-ci ildən 1988-ci ilə qədər muğam oxumuşam, konsertlərdə, el şənliklərində iştirak eləmişəm. Qarabağ hadisələri başlayandan sonra bu musiqi ilə məşğul olmağı buraxdım.

 1990-cı illərin əvvəllərində isə dini qrup yaratmaq fikrinə düşdüm. O vaxt dini ilahilər yaranmamışdı. Bilinmirdi ki, dini ilahilər necə olsun, musiqi necə olmalıdır. Yaxud hansı musiqi alətindən istifadə eləmək lazımdır və sairə. Yəni bu sahə ilə bağlı dəqiq məlumatımız, təcrübəmiz yox idi. İlk ilahimiz “İslam marşı” oldu:

 “La ilahə illəllah” deyən dillər var olsun,
 Yer üzündə İlahi “Quran” bayidar olsun!
 Niyyətimiz Allaha bəllidir, bu dünyada
 Hər tərəfdə, hər yerdə insan bəxtiyar olsun!

 İlk ilahiləri belə yaratdıq. Sözlərini özümüz yazırdıq. O vaxtdan fəaliyyətimiz davam edir. 20 il müddətində qrupumuzun üzvləri bir-birindən ayrılmayıb – Hacı Aqil, Hacı Nafiz və mən. Qrupumuz yaranandan 5-6 il sonra isə Hacı Hüseyn də bizim qrupa üzv oldu”.

 Əvvəllər heç bir musiqi alətindən istifadə etmədiklərini deyən qrup rəhbəri hazırda ancaq sintezatordan istifadə etdiklərini bildirir: “Sintezatoru ifa edən Hacı Əliheydərdir. İmkanım olsaydı, ud, kaman, kanon, tar və digər alətləri də qrupa dəvət edərdim. Çox arzu edərdim ki, irfani bir orkestrim olsun. Təəssüf ki, bunun üçün lazımi vəsaitimiz, maddi imkanımız yoxdur. Mahnılarımızın əksərini Hacı Əliheydər aranjiman edir. Oxuduğumuz ilahilərin 90 faizindən çoxunun sözləri və musiqisi mənə aiddir. Bundan əlavə klassiklərimizin qəzəllərindən, digər janrda yazılmış əsərlərdən də istifadə edirik”.

 Dini toylara ictimaiyyətdə maraq hansı səviyyədədir? Bu sualı cavablandıran Hacı Yaşar Cahid deyir ki, dini toylar dindarlar səviyyəsində bəyənilir: “Daha çox ziyalıların, sözün həqiqi mənasında ziyalı olanların dini toylara, dərviş musiqisinə marağı var. Təbii ki, dindar şəxs belə toy edir. Ola bilər ki, kimsə namaz qılmasın, oruc tutmasın, amma dini toy etdirir. Biz tək ilahi mahnılardan, nəqğmələrdən istifadə etmirik. Muğamlardan da parçalar ifa edirik. Oxunan muğamlar irfani şeirlərlə, həm də təsnifsiz ifa olunur. Çalışırıq ki, hər toyda heç olmasa bir muğamımız tam oxunsun. Deyilənə görə, çox bəyənilir”.

 Hacı Yaşar Cahid hesab edir ki, hazırda cəmiyyətdə dini toylarla bağlı heç bir problem yoxdur: “Bizim təşkil etdiklərimiz də toydur, sadəcə burada irfan, klassik musiqiyə yer verilir. Belə məclislərlə bağlı heç bir problem yoxdur. İstənilən şadlıq sarayında dini toyu problemsiz təşkil edirik. Ola bilər ki, hansısa dini tədbirlərin təşkil olunmasına maneə olsun, amma dini toylarla bağlı problem yoxdur”.

 Dini toylarda rəqs yoxdur. Hacı Yaşar belə bir rəqsin mümkün olmadığını deyir: “Tutaq ki, rəsulillahın mədhiyyəsini oxuyursan, “Ya Rəsul Allah!” deyərək oxuyursan, belə olan halda necə rəqs etmək olar? Bu toylarda ayaqlar deyil, başlar tərpənir. Həm də dini toya razılıq verən cütlüklər burada əyləncənin olmayacağını yaxşı bilirlər. Əgər onların seçimi dini toydursa, belə də olacaq. Milli mahnılara da dini toylarda yer verilmir. Təbii ki, dini toyda gəlin qızımız, bəy oğlumuz tərtibi əvvəlcədən bilirlər”.

 Qrup rəhbəri əslində toylarla bağlı dini, qeyri-dini bölgünün əleyhinədir: “Toy toydur. Sadəcə var irfani, dərviz toyları və milli toylar. Aralarında məzmun fərqi var. İrfani toyları adi toylardan seçdirən, fərqləndirən onun mövzusudur”.

 Hacı Yaşar Cahid Azərbaycanın hər yerində, hər bölgəsində dini toy etdiklərini vurğulayır: “Dərbəndə, Moskvaya, Sankt-Peterburqa, Rusiyanın başqa şəhərlərinə də dəvət edilmişik. Belə toyları yüksək səviyyədə aparmışıq”.

“Zəhra” qrupunun rəhbəri: “Bizim toylar özünəməxsus keçir”

 1994-cü ildə yaradılan, xanımlardan ibarət “Zəhra” ilahi qrupu bu günədək fəaliyyət göstərir. Qrupun rəhbəri Rəhimə Nuriyevanın “Media forum” saytına bildirdiyinə görə, ilk vaxtlar ilahiləri musiqi aləti olmadan ifa ediblər: “Qrupu yaradanda üç nəfər idik. Sonradan iki xanım qrupu tərk etdi, indi yeni xanımlarla birlikdə çalışırıq. Üç nəfər ilahiləri ifa edirik, bir nəfər isə sintezatorda müşayiət edir. Biz sırf ilahi mahnılar oxuyuruq. Dünyəvi mahnılar oxumuruq. Toy məclislərində Allaha, peyğəmbərə, imamlara aid olan şeiriyyət, mədhiyyələr səsləndiririk”.

 Qrup rəhbəri qeyd edir ki, dini qız toyları şadlıq saraylarında da, həyət evlərində də keçirilir: “Qızlar üçün keçirilən dini toylarda o qədər də çox adam olmur. Ən çoxu 200 nəfərlik məclis qurulur. Bu toyu edənlər də, iştirakçılar da dindarlar və mömin xanımlar olur. Belə toylar öz sadəliyi ilə seçilir”.

 Rəhimə Nuriyevanın sözlərinə görə, “Zəhra” qrupunun yarandığı ilk illərdə dini toylarla bağlı insanlarda məlumat çox az olub: “Həmin vaxtlarda dinə bağlılığı çox olan mömin vətəndaşlar belə adi toylara üstünlük verirdilər. Bilgisizlik daha çox idi. Əslində dini toylar birbaşa mənəviyyatımızla bağlıdır. Sakitlik, heç bir mübahisə, qalmaqal yox, mənəvi baxımdan dinclik və sairə. İndi dini toy etməyə maraq daha çoxdur. Həm də əsas məsələ odur ki, dini toyu gənclər, evlənən cütlüklər özləri istəyirlər”.

 Əvvəllər dini toyların daha çox kəndlərdə keçirildiyini, amma hazırda şəhərlərdə də belə toylara meylin artıdığını deyən qrup rəhbəri dini toylarda haram mahnıların, ləhvu-laiblərin –  əyləncələrin olmadığını vurğulayır: “Bizim iştirak etdiyimiz toylarda çılpaq bədənlər yoxdur. İnsanlar artıq belə hallardan doyublar”.

 Rəhimə Nuriyeva Azərbaycanda dini toyların özünəməxsus keçdiyini vurğulayır: “Bizim məclislərdə İrandan da qonaqlar olur. Onlar toy məclislərimizin belə olmasına təəccüb edirlər, çox xoşlarına gəlir. Bizim toylar özünəməxsus keçir, bu, dini toyların yerli qrupların təşkilatçılığı ilə ortaya çıxan məxsusi formasıdır. İranda isə dini toylar fərqlidir. Onlar belə məclislərdə qaval, dəf çalıb şeir söyləyirlər. Daha sonra ancaq yemək süfrəsi açılır və sonra gəlinköçdü mərasimi olur, vəssalam. Bizdə toy mərasimi zamanı həm ziyafət, həm də bununla bərabər mənəviyyatın, halallığın qorunması gözlənilir. Gəlinin başına şirniyyat, gül ləçəkləri səpilir, yeni evlənən xanım “Qurani-Kərim”in altından keçirilir”.

 Rəhimə Nuriyeva xatırladır ki, bəzən milli toyda gəlin hicabda olur: “Amma toyda dini musiqilər səslənmirsə, qadınlarla kişilər bir məclisdə oturursa, bu, dini toy hesab edilmir. Əgər sırf muğam məclisidirsə, bu, başqa məsələ. Bəzi toylarda görmüşəm ki, ilahi qrupla bərabər muğam oxuyan üçlük, yaxud sırf xalq mahnıları oxuyanlar dəvət edilib. Bəlkə də bunlara dini toy demək olar. Amma gəlinin hicabda olmasına baxmayaraq sırf milli toy təşkil edilibsə, buna dini toy demək olmaz”.

İlahiyyatçı: “Quran”da toyun hansı formada təşkil edilməsinə dair konkret fikir yoxdur”

 İlahiyyatçı Yusif Bağırovun sözlərinə görə, zaman keçdikcə toylar da bölünməyə başlayıb: “Məsələn, çalğı toyları, kampaniya toyları, kişi toyları, qadın toyları, o cümlədən dini toylar yaranıb. İnsanlar toy adət-ənənələrinə öz əlavələrini eləməklə yeni toy formalarını meydana gətiriblər”.

 Yusif Bağırovun fikrincə, o toylara dini toylar deyilir ki, “Quran”da buyrulan hallara, halallıqlara orada əməl olunsun: “Dini toyların özləri də müəyyən formalara bölünür: dərviş toyları, çalğısız toylar və sairə”.

 İki gəncin ailə qurmasına dini baxış necədir? Evlilikdə hansı məsələlər zəruridir? Bu sualları cavablandıran Yusf Bağırov deyir ki, islam dininə görə, evlilikdə ən zəruri olan valideynlərin razılığıdır: “İkincisi, Allahın adı ilə evlənən gənclərin kəbininin kəsilməsi vacibdir. Daha sonra mehr məsələsi, hər iki tərəfin haqlarından ibarət şərtlərin müzakirə olunmasıdır. Bunu kəbində qeyd etmək vacibdir. Evlənmək üçün əsas şərtlər bunlardır”.

 İlahiyyatçı vurğulayır ki, “Quran”da toyun hansı formada təşkil olunmasına dair fikir yoxdur: “Bu, insanların öz seçiminə aid məsələdir. Amma yaddan çıxarmaq olmaz ki, Allah “günah məclislərindən uzaq olun” deyir. Bu məclis ad günü, toy, sadəcə qonaqlıq da ola bilər. Əgər mömin birisi öz övladı adına məclis qurubsa, içki vermirsə, məslicdə qadın və kişi məsələlərinə riayət olunursa, təhrikedici musiqilərdən istifadə olunmursa, buna dini məclis deyilir. İstər bu, ad günü məclisi olsun, istər kiçik toy, istərsə də böyük toy. Həzrət Əlidən elə bir hədis var ki, hansı gün insan günah iş görməyibsə, o gün insan üçün bayramdır.

 Evlilik insan həyatında yadda qalan hadisələrdən biridir. Bizim gəncliyimiz həmin günü qeyd edərkən çalışsınlar Allahın xeyir-duası üstlərində olsun, qəzəbi yox”.

 Bu gün dini toyların daha çox Bakı və Bakıətrafı kəndlərdə, ölkənin cənub və şimal bölgələrində təşkil olunduğunu deyən Yusif Bağırov hazırda ilahi qruplara ciddi ehtiyac olduğunu da vurğulayır: “Təxminən 10 il əvvəl tanıdığım dərvişlərdən soruşanda ayda neçə toya gedirsiz, deyirdilər ya iki, ya üç toya. İndi həmin adamdan həmin suala cavab istəyəndə deyir ayda iki, ya üç gün toya getmirik, ayın bütün günləri məşğul oluruq”.

Tədqiqatçı: ”Dini toyların modernləşməsi düzgün aparılmalıdır”

 İslam adət-ənənələrini tədqiq edən Rza Əzizoğlunun “Media forum”a dediyinə görə, dini toylarla bağlı problem əsasən 1990-cı illərdə yaranan yeni adət-ənənənin cəmiyyətə planlı şəkildə daxil olmamasıdır: “Dini toyların cəmiyyətdə normal qarşılanması və öz yerini tutması üçün müddət lazımdır. Çünki insanların çoxdan adət etdiyi bir mərasimi tez bir zamanda dəyişmək asan deyil. İnsan psixologiyası belədir ki, çoxluğun qəbul etdiyi hərəkətlərə üstünlük verir. Misal üçün, hamı belə geyinir, hamı belə hərəkət edirsə, bu, daha düzdür.

 İlk vaxtlar dini toylara yalnız dinə möhkəm bağlılığı olan, inancı möhkəm olan şəxslər riayət edirdilər. Əsasən ailəliklə – baba-nənə, ata-ana, eləcə də övladlar dinə bağlı olanda belə toylara üstünlük verirdilər. Sonrakı dövrdə isə eləcə övladların, yaxud ata-ananın dinlə bağlılığı da belə toyları etmək üçün yetərli oldu”.

 Tədqiqatçının sözlərinə görə, bəzən dini toy edənlər ilahilərlə bərabər muğamlardan istifadə olunmasına da çalışır: “Belə toya üstünlük verənlər daha çox milli elementlərin, milli musiqilərin qabardılmasına çalışırlar”.

 Rza Əzizoğlu əlavə edir ki, müasir dövrdə toy edən şəxs ən əvvəl öz ətrafına baxmaq məcburiyyətindədir: “İnsan özü dinə o qədər də meylli deyilsə, amma ətrafı dindardırsa, o, dini toy etmək məcburiyyətində qalır. Yaxud əksinə, özü dindardır, amma ətrafı elə deyil, onda milli toy edir. Toy sahibi fikirləşir ki, dini toy etsəm, yaxşı yemək-içmək verməsəm, qonum-qonşu məni məzəmmət edər. Ona görə də milli toy etmək məcburiyyətində qalır. Bəzən belə toylarda gəlini hicabda görürük. Yəni cəmin nəzəri, cəmin istəyi həmişə fərdin nəzər və istəklərindən üstün olur”.

 Rza Əzizoğlu dini toyların təşkilində ifrata yol verildiyini də söyləyir: “Bir çox mərasim kimi dini toylar da Azərbaycan həyatına plansız daxil olub. Adi toylarda, yaxud yas mərasimlərində necə ifrat hərəkətlərə, qaydalara yol verilirsə, dini toylarda da ifratçılıq var. Hesab edirəm ki, bu sahədə də vətəndaşlarımızın, din qardaşlarımızın maariflənməsinə, ağsaqqalların keçərli sözlərinə ehtiyac var. Hətta dini qrupların özlərinin oxumalarında ixtilaflar var. Musiqi alətləri ilə bağlı məsələni götürək. Biri deyir filan alətdən istifadə olar, o biri deyir olmaz”.

 Rza Əzizoğlu özü heç bir musiqi alətinin istifadəsində problem görmür: “Bütün alətlər vasitədir, onları haram, yaxud halal edən onların işlənmə, çalınma tərzidir. İslam heç bir musiqi alətini haram buyurmayıb. İslam ağıla, biliyə üstünlük verən dindir. Qələm nədir? O, yazmaq üçündür. Amma ağlını itirən adam onunla başqasının gözünü də çıxara bilər. Kimsə bu alətdən pis məqsədlə istifadə edirsə, onda qələmin nə günahı? Bütün bu bilgisizlik, savadsızlıq müəyyən qadağalara gətirib çıxarır. Hesab edirəm ki, sözü keçən şəxslər, ağsaqqallar vasitəsilə dindarlar arasında bu həqiqətləri aşkara çıxarmaq, müəyyən yollarla maarifləndirmə işləri aparmaq lazımdır”.

 Rza Əzizoğlu dini toylarda iştirak edən qrupların daha çox milli musiqilərdən, xüsusilə də muğamdan istifadə etməsini arzulayır: “Dini toylarda yalnız dini motivlərlə kifayətlənmək lazım deyil. Belə məclislərdə halal nədirsə, o, ola bilər. Qatı mühafizəkar yanaşma düzgün deyil. Dini toydur deyə yalnız peyğəmbərdən, imamlardan ilahilər oxumaq yetərli sayıla bilməz. Dini toyların modernləşməsi düzgün aparılmalıdır.

 Dini baxımdan belədir ki, qadınlar kişilər arasında tək oxuya bilməz, gərək xor şəklində oxusun. İslam qaydalarına görə, tək qadın səs ucalda bilməz, gərək ən azı iki qadın birgə oxusun. Ola bilər ki, bəylə gəlinin toyu birgə təşkil olunsun və həm qadın, həm də kişilərdən ibarət ilahi qruplar orada birlikdə iştirak etsin. Buna qadağa yoxdur. Sadəcə, müəyyən incəlikləri gözləmək lazımdır. Bu toylarla bağlı çalışmaq, işləmək gərəkdir”.

 Rza Əzizoğlu bir məsələni də təəssüflə vurğulayır: “İahi qruplar 15 il əvvəl hansı üsulla, hansı ilahilərlə toyda iştirak edirdilərsə, indi də elə davam edirlər. Onların da yaradıcılığında heç bir inkişaf, dəyişiklik görmürəm. Yaradıcılıq problemləri var, inkişaf yoxdur”.

Aynur İMANOVA

(Şəkildə: “Əhli-Beyt Məddahları” qrupu dini toyda)

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo