Axtarış: 
Fərasət Qurbanov: QHT sektorunun inkişafında dövlət qədər özəl şirkətlər də maraqlı olmalıdır
+  -  Çap 
Yerləşdirilib: 23.01.12 | Baxılıb: 69
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovun Gün.Az-a müsahibəsi:

- Şuranın 2011-ci ildəki fəaliyyətini necə xarakterizə etmək olar?

- QHT Şurasının 2007-ci ildə Prezidentin sərəncamı ilə yaradıldı və o vaxtdan etibarən ölkənin QHT sektorunun həyatında yeni mərhələ başladı. Xarici donorlardan asılı durumda olan Qeyri-Hökumət Təşkilatları (QHT) dövlətin himayəsini hiss etdilər və ölkəmizin iqtisadi imkanları artdıqca, QHT-lərimizin də maliyyələşmək imkanları artdı. Bu dövlət başçısı tərəfindən atılmış müsbət bir siyasi addım idi.

Şura QHT-lərə 5 istiqamətdə dəstək verir. Bura məlumat dəstəyi, konsultativ, təşkilati-texniki, metodiki və maliyyə dəstəyi daxildir. Şura hər il bu istiqamətlər üzrə biz həm paytaxtda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçirir, həm QHT rəhbərlərinin təşkilatlanması, həm də onların layihələrinin gerçəkləşməsinə yardımçı olur.

Keçən il şuranın fəaliyyəti haqqında həm Azərbaycan, həm də ingilis dilində broşürlər hazırlanıb, eləcə də “Azərbaycan QHT-ləri müstəqilliyin 20 ilində” adlı kitab nəşr olunaraq ictimaiyyətə təqdim edilib. Tərəfimizdən nəşr olunan “Vətəndaş cəmiyyəti” və “Qhtxeber.az” portalının da ictimaiyyətin məlumatlandırılmasında böyük rolu oldu.

Həmçinin QHT-lərin məcburi auditə cəlb olunan hüquqi şəxslər siyahısından çıxarılmasına nail olduq, bu da QHT-lərin müdafiəsi baxımından mühüm addım idi. Paytaxt və bölgələrdə keçirdiyimiz silsilə tədbirlərimizlə yanaşı, həyata keçirdiyimiz müsabiqələrdə də cəmiyyətin inkişafı üçün önəm daşıyan layihələrə böyük miqyasda maliyyə yardımları göstərildi.

QHT sektorunun daha da güclənməsi, daha çox layihələrə imza atması üçün həm hüquqi baza təkmilləşməli, həm də QHT-lərin potensialı güclənməlidir. Bu sektorun davamlı inkişafının vacibliyini nəzərə alaraq, Şura “QHT standartları” və “QHT-lərin məsuliyyəti haqqında xartiya” sənədlərini hazırladı. Eləcə də, “Sosial sifariş haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Peşə birlikləri haqqında” qanun layihələrini də qeyd edə bilərik. Və 2011-ci ildə işçi bu sənədlərin həm paytaxtda, həm də bölgələrdə müzakirəsi həyata keçirildi.

- “QHT standartları”nı qeyd etdiniz, bu sənədin mahiyyəti nədən ibarətdir?

- Bu gün bir təsisçisi olan və ofisi olmayan təşkilat da özünü QHT sayır, böyük ofis və maddi bazaya malik olan təşkilat da. Qanunla bu QHT-lərin fəaliyyəti bərabərdir və Şura da bunlara eyni münasibət bəsləyir. Əlbəttə, bu gün oturuşmuş təşkilatların seçilməsi məsələsi gündəmə gəlib. Bu sənədə görə, standartlar müəyyən olunub və QHT-lərə sertifikat veriləcək.

Bu sertifikata sahib olan təşkilatlar isə daha böyük layihələr həyata keçirəcəklər. Bu tip məsələlər isə, təbii ki, hüquqi bazaya malik olmalıdır. Ona görə də, Şura tərəfindən az əvvəl qeyd etdiyim qanun layihələri və çərçivə sənədləri də hazırlanaraq, ictimaiyyətə təqdim edilib.

Bu sənədlər üzrə ekspertlər səviyyəsində və QHT sektorunda geniş müzakirə olunub, verilən çoxsaylı təkliflər nəzərə alınıb. Hazırlanan sənədlərdə dövlət tərəfindən böyük sifarişlərin gələcəkdə QHT-lərə verilməsi üstünlük tutur.

Gördüyünüz kimi, Şura özünün əsasnaməsinə uyğun olaraq, QHT-lərin hazırkı vəziyyətdə inkişafını təmin edir, onları dövlətimiz və cəmiyyətimiz üçün məsələlərin həllində iştiraka yaxından cəlb edir, bu istiqamətdə onların təqdim etdiyi layihələri maliyyələşdirir. Lakin biz yenə də gördüyümüz işlərlə  kifayətlənmirik və daim yeni işlər, o cümlədən qanun layihələri ilə, qanunvericilik aktlarına dəyişikliklərlə bağlı təkliflərlə gündəmə gəlməyə çalışırıq. Biz həmçinin böyük şirkətləri, transmilli korporasiyaları da QHT-lərlə əməkdaşlığa cəlb etməyə çalışırıq.

- Özəl sektorun QHT sektoru ilə əməkdaşlığı sahəsində durum necədir? Bu istiqamətdə nələr edilir və ya edilə bilər?

- Bu məsələ həm Şuranın, həm də QHT sektorunun gündəmindədir. Bilirsiniz ki, QHT sektoru ölkəmizdə durmadan inkişaf edir, QHT-lərin sayı sürətlə artır. Belə bir şəraitdə, artıq əlavə maliyyə mənbələrinin formalaşmasına ehtiyac var. Eyni zamanda beynəlxalq biznes mühitində “korporativ məsuliyyət” deyilən bir mədəniyyət var və Qərb ölkələrinə bu sahədə böyük təcrübə mövcuddur. Biz bu təcrübələri öyrənmişik, prosesin dünyada necə tənzimlənməsinə diqqət yetirmişik.

Azərbaycanda bir sıra transmilli korporasiyalar var ki, onların sosial sərmayə proqramları üçün vəsaitləri var, lakin bu vəsaitlər necə xərclənir, hansı sahədə xərclənir – bu baxımdan cəmiyyətdə böyük bir informasiya yoxdur. Hazırda bu sahədə Gürcüstanda olan vəziyyət Azərbaycandan xeyli fərqlidir, orada iri şirkətlərin sosial layihələrə böyük sərmayələri var. Azərbaycanda isə cəmi bir neçə şirkət tərəfindən buna rast gələ bilərik.

Artıq zaman çatıb ki, bizim iri şirkətlər QHT sektoruna dəstək versinlər. Bu da təbii ki, qanun olaraq yox, məsuliyyət xartiyası olaraq tənzimlənə bilər. Kimsənin üzərinə zorla belə bir öhdəlik qoyulmur, amma vətəndaş cəmiyyətinin formalaşmasında şirkətlərin də rolu vacibdir. Hesab edirəm ki, QHT sektorunun inkişafında özəl şirkətlər də dövlət qədər maraqlı olmalıdır.

Təbii ki, biznes qurumlarına bu işi həyata keçirmək üçün müəyyən hüquqi əsaslar da olmalıdır. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklər də edilməlidir. Və bu dəyişikliklərin müəyyənləşdirilməsi üzrə bizim ekspertlər təkliflər hazırlayır, özəl sektorun QHT-lərə dəstək verməsinə mane olan müddəaları öyrənirlər.

Yaxın zamanlara bu məsələ ilə bağlı təkliflər ekspertlər tərəfindən Şuraya təqdim olunacaq. Burada da məqsəd odur ki, inkişaf etməkdə olan QHT sektorunun davamlı inkişafı təmin olunsun, QHT və şirkətlər arasında münasibətlərdə şəffaflıq qorunsun, o cümlədən vətəndaş təşəbbüsləri inkişaf etdirilsin. Bütün bu amillər ölkədə vətəndaş cəmiyyətinin güclənməsinə hesablanıb.

Göründüyü kimi, 2011-ci Şura ölkədə QHT Şurasının əsas inkişaf prinsiplərinin əsasını qoydu. 2012-ci ildə bu iş davam etdiriləcək və qarşıya qoyulan əsas məqsəd də, qeyd etdiyimiz istiqamətlərdə hüquqi bazanın tam formalaşmasıdır.

- Daha çox hansı istiqamətlərdə həyata keçirilən layihələrə üstünük verirsiniz və maliyyələşdirilməsi gərək olan layihələr necə müəyyən edilir?

- Mən sizə dövlət dəstəyinin digər istiqamətlərini saydım və məlumat verdim. Amma QHT-ləri əsas maraqlandıran məsələ maliyyə dəstəyidir. QHT-lərin maliyyələşməsi isə gərgin müzakirə və geniş araşdırma tələb edən məsələdir. Ümumiyyətlə, dövlətin QHT-lər tərəfindən təklif olunan layihə və proqramlara maliyyə dəstəyi verməsi barədə prioritet istiqamətlər “QHT-lərə Dövlət  Dəstəyi Konsepsiyası”nda göstərilib.

Bu Konsepsiyaya uyğun olaraq, Şura hər il prioritet istiqamətləri müəyyənləşdirir və bu sahələr üzrə qrant müsabiqələri elan edir. Keçən il əsasən insan hüquqları və demokratiya, Azərbaycanın təbliği, turizm, ictimai maarifləndirmə, qeyri-formal təhsil, informasiya sahəsində yeni ideyalar, qadın, ailə və uşaq sahəsində problemlərin həlli, Qarabağ gerçəklərinin ölkədə və dünyada işıqlandırılması, uğurlu diaspor işinin təşkili, korrupsiya, narkomaniya və terroizmə qarşı mübarizəyə dəstək, gənclər sektorunda iş, vətənpərvərliyin təbliği, qaçqın və məcburi köçkünlərlə iş, hüquqi maarifləndirmə və digər vacib məsələlərə Şura tərəfindən diqqət yönəldildi.

Bu ilin birinci müsabiqəsində də “Eurovision-2012”də QHT-lərin iştirakı da daxil olmaqla, qeyd olunmuş mühüm sahələr üzrə ictimai fəaliyyət prioritet olaraq müəyyən edilib.

Layihələr isə hər il artan templə daxil olur. Məsələn, 2008-ci ildə 361 təklif qəbul etdikdə, 2009-cu ildə bu rəqəm 569 oldu. QHT-lər tərəfindən Şuraya 2010-cu ildə 800-dən çox, 2011-ci ildə isə 900-ə yaxın təklif daxil olub.  Bu ilin birinci maliyyə yardımı müsabiqəsində Şuraya 541 təklif daxil olub. Müsabiqənin isə 1 milyon 100 min manatlıq fondu var.

Belə bir şəraitdə layihələrin maliyyələşdirilməsi istiqamətində düzgün qərarların qəbulu və bu işin təşkili böyük əmək tələb edir. Çünki bu vəsait dövlət büdcəsinindir,  bütün QHT-lər bu müsabiqədə maliyyə yardımı almağa iddialıdır, lakin vəsaitin kimə verilməsi, hansı əsaslara görə verilməsi olduqca mürəkkəb prosesdir. Bu prosesdə bütün tərəflərin iştirakını təmin edirik. Və seçim bir neçə mərhələdə baş tutur.

Birinci mərhələ ilkin seleksiyadır. Bu mərhələdə daxil olan layihələrin müsabiqənin elanında verilmiş qaydalara, müsabiqə şərtlərinə uyğunluğu və əlavə edilmiş sənədlərin mövcudluğu yoxlanılır və seçilən layihələr növbəti mərhələyə - ekspertizaya yönəldilir.

Sənədləri çatışmayan təşkilatların layihələri isə elə öz zərflərində geri qaytarılır. Ekspertiza mərhələsində isə bir layihəyə eyni vaxtda 2 nəfər bir-birindən xəbərsiz baxır. Qeyd edim ki, biz layihələri 3 nüsxədə qəbul edirik, birini özümüz təhlil edirik, digər ikisini isə ekspertlərə təhlil etməyə veririk. Və bu ekspertlərə də, biz təşkilat barədə məlumatları vermirik, onlar isə ideyanı qiymətləndirir, layihənin icra yolları və strategiyasına diqqət edirlər. Bu mexanizmi isə QHT-ləri sığortalamaq üçün müəyyən etmişik.

Ekspertlərin tərkibi isə həmin istiqamət üzrə müvafiq dövlət qurumun eksperti, beynəlxalq qurumların ekspertləri və həmçinin müstəqil ekspertlərdən ibarət olur.  Ekspertlərin qiymətləndirməsindən sonra isə layihələr yenidən Şuraya təqdim olunur,  həm katibliyin, həm də eskpertlərin rəylərini təhlil edərək hər bir layihə haqqında fərdi qaydada müzakirə aparır, qəbul edilən qərar isə katibliyə yönəldilir.

Biz qərarlardan narazı olan təşkilatlara heç bir donorda olmayan apelyasiya  imkanı da tanımışıq ki, onların şikayətlərinə media nümayəndələrinin iştirakı ilə cavab verilir. Bir daha vurğulayıram ki, biz bu işlərə sistemli və obyektiv yanaşmanın təşkilinə çalışırıq və davamlılığa, nəticələrə önəm veririk.

Rüfət Əhmədzadə
Gün.Az


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlkin Ağayev
İlkin Ağayev
(22.02.12)
Nəcib Dəyər təcəssümü




Ülkər İsmayılqızı
Sosial məsuliyyət: Niyə bu gün Hacı Zeynalabdin Tağıyevimiz yetişmir? 


Lalə Mehralı Sağlam Toplum İctimai Birliyinin sədri

Türkiyədə «at oynadan» azərbaycanlı qadınlar



Elməddin Hacılı Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi...






 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Online hüquq məsləhətxanası
 
 
 
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo