qhtxeber.az// Bildiyiniz kimi, qhtxeber.az və III sektor facebook qrupunun birgə layihəsi olan “Virtual Debat” davam edir. Hazırda debat başlayıb və layihənin budəfəki qonağı “Counterpart İnternational Azərbaycan”ın layihə rəhbəri İlqar Ağasıyev ilk sualı cavablandırdı.
İlqar Ağasıyev: Əziz dostlar, məni debata dəvət etdiyinizə görə Sizlərə öz təşəkkürümü bildirirəm! Sizinlə bir yerdə olmaq hər zaman böyük şərəfdir.
İlqar Qasımov: İlqar müəllim, bir çox Beynəlxalq Təşkilatların yerli bölmələri yeni qrant layihəsi elan edərkən elə şərtlər irəli sürürlər ki, bu şərtlər daxilində regionda yerləşən QHT-lər həmin layihələrdən kənarda qalırlar. Elə götürək Sizin təşlikatın elan etdiyi Qadın İştirakçılığı Proqramını. Həmin Proqrama əsasən heç bir regional QHT birbaşa layihədə iştirak edə bilməyəcək, ən yaxşı halda mərkəzi QHT tərəfindən əməkdaş QHT kimi layihəyə cəlb edilə bilər. Bu şərtlər daxilində heç bir regional QHT həmin layihədən bəhrələnə bilmir və bu layihələr yalnız Bakı şəhərində yerləşən QHT-lərə qismət olur. Azərbaycan isə yalnız Bakı şəhərindən ibarət deyil və Bakı şəhərində insanların maariflənməsi onsuz da yüksək səviyyədədir. Bakı şəhərindən regionlara gələn əksər QHT-lər isə (bütün QHT-lərə aid deyil) ən yaxşı halda 1-2 saatlıq seminar və ya görüş keçirməklə işlərini bitmiş sayırlar. Sizin təşkilat bu yöndə hər hansı bir "islahat" nəzərdə tuturmu? Ümumiyyətlə regionlarda yerli QHT-lər üçün hər hansı bir layihə həyata keçirmək planlarınız varmı?
İlqar Ağasıyev: Mən Sizin narahatçılıqlarınızı başa düşürəm və kifayət qədər onları bölüşürəm, İlqar müəllim. Amma gəlin Beynəlxalq Təşkilatlar spesifik bir mövzu üzrə qrant elan edəndə, onların hanısı məhsul əldə etmək istədiklərini diqqət mərkəzinə gətirək və konkret nümunələri araşdıraq. Siz bizim cari layihənin adını çəkdiniz və elə ondan da başlayaq. Bizim layihə uzun müddətli deyil və Donor tərəfindən qarşımıza konkret hədəf və məqsədlər qoyulub ki, onlar icra olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün bizə qadın iştirakçılığı və qadın hüquqlarının müdafiəsi sahəsində artıq kifayət qədər təcrübəli və bu sahədə uğurlara imza atmış təşkilatlar lazımdır. Yəni biz məcburuq bunu deməyə amma öz fəaliyyətini yenicə başlamış və yaxud bu sahədə təcrübəsi zəif olan təşkilatların bizim birbaşa partnyorumuz olmaq şansı azalır. Bildiyiniz kimi, bizim Donorumuz qismində çıxış edən təşkilat yerli QHT-də proqramın icrası ilə bağlı peşəkarlığın olması ilə yanaşı maliyyə menecmenti sahəsində güclü səriştənin olmasını da çox zəruri sayır. Bu yanaşmada əlbəttə ki, məntiq var. Siz təsəvvür edin ki, əgər mənim başçılıq etdiyim layihədə bir qrantın həcmi yüz min ABŞ dollarıdırsa, mən bir layihə rəhbəri kimi əmin olmalıyam ki, bizim tərəfdaş olacaq təşkilatın heç olmazsa göstərilən rəqəmin yarısı qədər olan məbləğdə maliyyə vəsaitini idarə etmək təcrübəsi var. Bundan əlavə biz əmin olmalıyıq ki, bizim layihədən əvvəl həmin təşkilatla işləmiş donor öz tərəfdaşının işindən razı qalmışdır.
Biz region QHT-lərinin kənarda qalmaması üçün öz qrantlarımızı QHT koalisiyaları üçün elan etdik və açığını deyim, hansısa meyarların region QHT-ri uçün çətin olduğu təqdirdə onların koalisiyanın lideri yox üzvü kimi çıxış etməsinə mən heç də pis baxmıram. Bəli, mən də Sizinlə tam razıyam ki, Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil və güman edirəm yaxın gələcəkdə bizim layihəmizin tərəfdaşları sırasında Siz təkcə Bakı QHT-rini görməyəcəksiniz.
Qaldırdıginiz məsələ çox mühüm oldğundan, deyə bilərəm ki, regionlarda çalışan QHT-lər üçün xüsusi institutsional inkişaf və bacarıqların artırılması proqramları hazırlanıb həyata keçirilməlidir. İnidiki vəziyyət bunu tələb edir. Təşkilatımızın icra etdiyi keçmiş Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində tərəfdaşlıq etdiyimiz region QHT-lərinin böyük əksəriyyəti sonradan digər donorlardan müxtəlif həə yeni qrantlar ala bilmiş və uğurlu layihələr həyata keçirə bilmişdir. Lakin mənim fikrimcə bu ənənə davam etdirilməlidir. Bizim təşkilatın özü birbaşa donor qismində çıxış etmədiyindən bizim nəzərdə tutduğumuz islahatlar yalnız bizim yeni hazrılayacağımız layihələrdə bir komponent kimi öz əksini tapa bilər. Həmin layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi isə bizim layihələrin ketfiyyətlə yazılmasından və donorların qərarlarından asılı olacaqdır.
Sahib Məmmədov: Counterpart International Azerbaijan indi həyata keçirdiyi və 2 il davam edəcək layihədən əlavə hər hansı istiqamət(lər) üzrə layihələr planlaşdırırmı?
İlqar Ağasıyev: Salam, Sahib muəllim! Biz eyni zamanda istəyirik insan alverinə qarşı mübarizə (anti-trafficking) ilə bağlı yeni layihə ilə çıxış edək. Görək, təşəbbüslərimiz uğurlu alına biləcəkmi.
Fuad Süleymanov: İlqar müəllimin peşəkarlığına və səmimiliyinə bələdik. Əminəm ki, onun cavabları müzakirə edilən məsələrə xeyli aydınlıq gətirəcək. Sualım ondan ibarətdir ki, donorlararası əlaqələrin ahəngləşdirilməsi üçün nə kimi yeni təkliflər səsləndirilə bilər?
İlqar Ağasıyev: Açığı donorlararası əlaqələrlə bağlı klassik modellər belə heç də hər zaman öz səmərəsini verə bilmir. Mənim fikrimcə, donorlar bir-birini gördükləri fəaliyyətlərə dair kifayət qədər məlumatlı saxlamaq üçün hansısa effektiv fəaliyyət göstərə biləcək şəbəkələr (konkret olaraq Azərbaycanda) barədə düşünməlidirlər. Məqsəd də ondan ibarət ola bilər ki, onlar fəaliyyətləri təkrar etməkdən daha çox bir-birinin uğurunu artırmaq üçün çalışsınlar. Misal üçün, hər hansı yerli QHT donordan vəsait alıb uğurlu layihə həyata keçirir. Bu layihənin davamının olmasının zərurəti meydana qalxdığı təqdirdə, keçmiş donorun kifayət qədər vəsaiti olmaya bilər və belə olan zaman digər bir donor həmin uğuru artırmaq üçün səy göstərə bilər. Mən başa düşürəm ki, hər bir donor agentiliyinin özünün prioritet istiqamətləri var, lakin adını çəkdiyim şəbəkənin yaradıldığı təqdirdə hətta layihə bitməmişdən əvvəl yeni donor həmin layihəyə maraq göstərə bilər. Misal üçün, həmin şəbəkə Azərbaycanda QHT-lər, hökumət qurumları, biznes şirkətləri, ictimai xadimlər və sadə vətəndaşlar arasında peşəkar QHT işçiləri vasitəsilə spesifik və miqyaslı sorğular keçirib prioritet yardım sahələrini müəyyən edə bilər və səylərini müəyyən qədər həmahəng edə bilərlər. Hesab edirəm ki, Azərbaycan hökumətinin də donor kimi qəbul edilməsi artıq reallığa çevrilib və son zamanlar beynəlxalq təşkilatlara verilən qrantların hökumətin həmsponsorluğu ilə aparılması bariz nümunədir. Misal üçün, East-West Management Institute yaxud Sibley International kimi təşkilatların layihələrini göstərmək olar. Zənnimcə, belə şəbəkədə QHT-lərə Dövlət Dəstəyi Şurasının da olması çox vacibdir.
Fuad muəllim, təklifin yeni olmasını iddia etmirəm.
Nadir Adilov: İlqar Ağasıyevin gənclik illərində çox maraqlı bir hobbisi vardı, Azərbaycan üçün çox aktual əhəmiyyət kəsb edən məsələlərdə, vətənpərvərliklə bağlı internet debatlarda admin, moderator qismində iştirak edir, o cümlədən diskussiyalarda fəal olurdu. Bu gün də həmin fəallıq davam edirmi?
İlqar Ağasıyev: Nadir müəllim, mən hələ də özümü gənc sayıram. Düz deyirsiniz, mən uzun müddət day.az və disput.az saytlarının forumlarında moderator olmuşam və diskussiyalarda fəal iştirak etmişəm. Məni buna vadar edən azərbaycanlılara, bizim mədəniyyətimizə və tariximizə qarşı aparılan yersiz ittihamların ayaq açmasına dözümsüzlüyüm idi. Biz onda elə arxivləri, kitabxanaları gəzib sənədlər və sübutlar axtarırdıq ki, haqlı oldugumuzu sübut edək. Fürsətdən istifadə edib bizə bu məsələlərdə kömək etmiş Eldar müəllim İsmayılova (QHT Lideri) öz təşəkkürümü bildirirəm. Biz bir 30-40 nəfərə yaxın insan bir virtual komanda şəklində toplaşmışdıq. Bir dəfə bir əcnəbi, Kor Ərəbin mahnısının azərbaycanlılara məxsus olmadığını iddia edirdi və bunu elə peşəkarcasına edirdi ki, zənnimcə diskussiya iştirakçılarını inandırmağa müəyyən qədər müvəffəq olmuşdu. Heç yadımdan çıxmaz ki, komandamızda olan iki gənc xanım bir həftəyə yaxın öz vaxtlarını sərf edib Akademik Milli Dram Teatrının arxivləri ilə tanış oldular və bütün lazımı sübutları, şəkilləri toplayıb təqdim etdilər. Hazırda, mən bu fəaliyyətlə məşğul olmuram, çünki bu kifayət qədər azad vaxtın və dəmir əsəb sisteminin olmasını tələb edir. Düzdür, onda da azad vaxt yox idi, lakin indi sadəcə hövsələ qalmayıb.
Elməddin Hacılı: QHT sektoruna gəlişiniz təsadüfən olub, yoxsa hansısa zərurətdən? Bu gün QHT sektorunda qalıb işləmək sizi nə dərəcədə qane edir?
İlqar Ağasıyev: QHT sektoruna gəliş təsadüfi olub. 1995-ci ildə Mercy Corps İnternational təşkilatının elanını gördüm və müraciət etdim. Müsahibə uğurlu alındı. Açığı o vaxt QHT fəlsəfəsini o qədər də yaxşı anlamırdım.
Hazırda beynəlxalq QHT-də qalıb işləmək məni qane edir, hər dəfə yeni sahələrlə tanışlıq, yeni bacarıqların mənimsənilməsi , problemlərə yeni baxışlar və bu kimi meyarlar mənin üçün işimi cansıxıcı və darıxdırıcı etmir. Düzdür hərdən ekstremal şəraitlərdə (Əfqanıstan və Yəmən kimi ölkələri nəzərdə tuturam) işləmək zərurəti də yaranır.
Mehriban Zeynalova: Donor təşkilatların rəhbər orqanlarında gender bərabərliyinə necə əməl olunur? Nə üçün donorlar qadın problemlərinə bu qədər az diqqət yetirir? (Bəllidir ki, yalnız bu il Konvensiyanın 25 illiyi ilə bağlı qadın problemləri daha çox aktullaşıb. Əvvələr bu müşahidə edilmirdi) Bəzi ölkələrdən fərqli olaraq donorlar işlək təşkilatların işinin davamalılığını təmin etmək üçün ofis alınmasına dəstək vermir? Elə bir təşkilat tanıyırsınızmı ki bu istiqamətdə təşkilatlara dəstək vermiş olsun?
İlqar Ağasıyev: Əgər sualınızı düzgün başa düşürəmsə, söhbət donor təşkilatların rəhbər orqanlarında qadın və kişilərin bərabər şəkildə təmsil olunmasından gedir?
Əlbəttə ki, mənim bütün donor təşkilatların rəhbər orqanlarında gender bərabərliyinə necə əməl olunmağı barədə danışmağım bir qədər düzgün çıxmazdı. Deyə bilərəm ki, Counterpart İnternational təşkilatının rəhbər orqanında bu bərabərlik tam qorunur və hətta qadınların sayı orada daha çoxdur. Təşkilatın rəhbəri də xanımdır - Joan Parker. Siz bu barədə məlumatı təşkilatın rəsmi veb-saytından da ala bilərsiniz. www.counterpart.org
Mən Sizinlə razıyam ki, əvvəllər qadın problemlərinə dair layihələrə o qədər də böyük əhəmiyyət verilmirdi və yalnız son 4-5 ildə gender bərabərliyi bağlı layihələr kifayət qədər gündəmdədir və bu sahədə işlər intensivləşib. Azərbaycanda xüsusən insan alveri və məişət zorakılığı ilə bağlı layihələrə diqqət yetirilib və bu sahədə kifayət qədər işlər görülüb.
Mehriban xanım, bildiyimə görə, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar bir çox hallarda ofisin alınmasına yox, icarəsinə vəsait ayırırlar. Razıyam, hazırda vəziyyət elədir ki, layihənin icrasından sonra yerli QHT özünə yeni ofis axtarmaq məcburiyyətində qalsın, amma belə beynəlxalq təşkilat tanımıram ki, onun mandatında ofis almaq üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun. Xarici ölkələri misal çəkəndə yəqin ki, siz dövlət tərfindən ayrıla biləcək subsidiyalar barədə danışırsınız. Xarici QHT-ləri (söhbət onların öz ölkələrindəki Baş Mənzillərdən – “Headquarters” gedir) “overhead” – yəni icra edilən layihənin müəyyən faizini (hər təşkilatda fərqlidir) mütləq inzibati xərclər və ofisin saxlanılması üçün ayrılmasını öz təşkilatlarının siyasətinin bir hissəsinə çevirirlər. Güman edirəm, bunun yerli QHT-lər üçün də təcrübədən keçirilməsi zamanı çatmışdır. Ola bilsin, bunun reallaşması üçün hətta qanunvericilkdə belə dəyişikliklərin aparılmasına zərurət yaradılsın. Hüquqşünas olmadığımdan bunu qəti deyə bilmərəm.
Gülnar Məsimli: Sizin proqrama əsasən, uşaqlarla bağlı bir sıra layihələr həyata keçirilib. Bunlar gözəldir. Mənə maraqlıdır ki, siz uşaqların elmi və dünyagörüşünün formalaşması istiqamətində layihələri necə dəyərləndirirsiz?
İlqar Ağasıyev: Sirr deyil ki, uşaqlar bizim gələcəyimizdir və onların böyüyəndən sonra bizim fəxr mənbəyimizə çevrilməsi və cəmiyyətimiz üçün faydalı vətəndaşlar olması üçün, onlarla fidan vaxtlarından çox işləmək lazımdır. Xüsusən də Sizin qeyd etdiyiniz dünyagörüşün formalaşması sahəsində. Mən həmin layihələrin həyata keçirilməsini yalnız alqışlaya bilərəm. Mənim üçün eyni zamanda bacarıqlı uşaqların istedadlarının daha da inkişaf etdirilməsi, əlil uşaqların öz həmyaşıdlarının çevrəsinə inteqrasiya olunması və valideyn nəvazişindən məhrum olmuş uşaqların qayğısına qalınması kimi istiqamətlər də prioritet təşkil edir. Hazırda bizim bu məsələlərlə bağlı layihələrimiz olmasa da belə, biz çalışaçağıq ki, gələcəkdə bu sahələrdə yenidən çalışaq.
Sənan Nəcəfov, qhtxeber.az: Hörmətli İlqar müəllim, bu sualımızı səmimi qəbul edəcəyinizə əminik. Bu yaxınlarda bir qrup QHT beynəlxalq donor təşkilatlarını qeyri-şəffaf fəaliyyətdə ittiham etdilər. Onlar iddia edirlər ki, beynəlxalq donorlar Azərbaycanda yalnız bir qrup QHT-lərlə əməkdaşlıq edirlər, bir növ qrant ayrılmasında monopoliya yaradıblar. Bunun ardınca isə Soros Fondu ətrafında söz-söhbət yarandı. Bu ittihamlar nə qədər ciddidir? Hesab etmirsiz ki, son vaxtlar beynəlxalq təşkilatların nüfuzu ictimai sektorda xeyli aşağı düşüb? Konkret olaraq Sizin təmsil etdiyiniz təşkilat bu şəraitdə “işləyə” bilirmi?
İlqar Ağasıyev: Sənan müəllim, sualınızı tam səmimi qəbul edirəm. Mən özüm də beynəlxalq təşkilatın nümayəndəsiyəm və sualınızda hallandırdığınız məsələlərin müəyyən zaman çərçivəsində gündəmə gəlməsi məni də narahat etməyə bilməz. Bilirsiniz, mənim subyektiv fikrimcə "monopoliya" deyəndə bir məsələni gərək biz yaddan çıxarmayaq. Beynəlxalq təşkilat hər hansı bir yerli QHT-nin inkişafına sərmayə qoyursa, sonradan həmin sərmayənin təsirinin itməməsini istəyir və ola bilsin həmin təşkilata ikinci, yaxud üçüncü dəfə qrant verəndə bu artıq kimdəsə müəyyən qədər "monopoliya" məsələsini xatırladır. Bu mənim subyektiv fikrimdir. Soros Fondunun Azərbaycan nümayəndəliyi ilə bizim hər zaman məhsuldar, işgüzar münasibətlərimiz olub. Əlbəttə ki, beynəlxalq təşkilatlar haqqında yaranan qeyri-pozitiv fikirlər nüfuzun aşağı düşməsinə səbəb ola bilər, amma güman edirəm biz hər zaman öz fikirlərimizi söyləyərkən bunu balanslaşdırılmış tərzdə etməliyik. Konkret olaraq bizim təşkilat öz fəaliyyətini şəffaflıq prinsipləri üzərində qurmağa çalışır. Bizim qrant komitələrimizdə həm beynəlxalq təşkilatları, həm donor təşkilatları, həm hökümət strukturlarını təmsil edən nümayəndələrin, həm də tanınmış ictimai xadimlərin iştirakı hər zaman nəzərdə tutulur. Qərar məhz onların qiymətləndirilməsi əsasında verilir. Bizim təşkilat heç vaxt bu məsələlərə müdaxilə etmir. Bizim bu sahədə hər hansı bir çətinliyimiz yoxdur, Sənan müəllim.
Sənan Nəcəfov, qhtxeber.az: “East-West Management Institute yaxud Sibley International kimi təşkilatların layihələrini göstərmək olar. Zənnimcə, belə şəbəkədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da olması çox vacibdir” deməyiniz maraqlı fikirdir. Belə şəbəkənin mövcudluğu təcrübəsi varmı? Şura burada hansı statusda çıxış edəcək?
İlqar Ağasıyev: Mən East-West Management Institute yaxud Sibley International kimi təşkilatların layihələrini məhz ona görə xatırlatdım ki, onlar Azərbaycan Hökuməti tərəfindən həmmaliyyələşdirilir. Bu, çox gözəl göstəricidir. Mənim fikrim ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən donorların işgüzar şəbəkəsi yaradılmalı və Şura bir milli donor kimi mütləq həmin şəbəkənin aparıcı üzvlərindən biri olmalıdır. Belə şəbəkənin təcrübəsinin açığı əvvəllər şahidi olmasam da (İnter-Agency meetings deyilən yığıncaqlar istisna olmaqla) bunu Azərbaycanda görmək istərdim.
Mahirə Əmirhüseynova: Salam İlqar müəllim, qrupumuza xoş gəldiniz. Etiraf etmək lazımdır ki, qadın QHT-ləri az olsa da cəmiyyətdəki proseslərə daha aktiv qoşulurlar. Amma nədənsə üstünlük rəhbəri kişi olan QHT-lərə verilir. Siz qadın QHT-lərinin icmitai prosesdə aktivliyini necə dəyərləndirirsiniz?
İlqar Ağasıyev: Mən qadın məsələləri və problemləri ilə məşğul olan QHT-nin işini çox dəyərli və məhsuldar bir fəaliyyət kimi qiymətləndirirəm. Mən hesab edirəm ki, onlar kifayət qədər fəaldırlar, çünki hər zaman dövrü mətbuatı izləyəndə qadın problemləri ilə bağlı layihələrin icrasına dair xəbərləri oxuyuram. Sadəcə təşkilatların adlarını çəkmək hazırda düzgün olmazdı. Əlbəttə, mən sizin narahatçılığınızı bölüşürəm və hesab edirəm ki, daha da fəal olmaq üçün həmin QHT-nin təşkilati baxımdan daha da inkişaf etməyə ehtiyacı var.
Davud Rəhimli: Beynəlxalq təşkilatın rəhbəri kimi əlilliyi olan insanların təşkilatlarının Sizinlə əməkdaşlığını və bacarıqlarını necə qiymətləndirərdiniz?
İlqar Ağasıyev: Bizim üçün əsas meyar keyfiyyətli layihələrin yazılması və həmin layihələrin peşəkar şəkildə icra edilməsidir. Yaxın keçmişdə biz əlil insanların problemləri ilə məşğul olan təşkilatla çox məhsuldar əməkdaşlıq etmişik. Bu ictimai vəkillik kampaniyasının keçirilməsi ilə bağlı olan bir layihə idi. Əlil insanların problemlərinin həllinin hər zaman cəmiyyət üçün çox vacib olduğunu hamımız bilirik və buna görə də həmin istiqamətdə çalışan QHT-ni dəstəkləmək hamımızın marağındadır.
Mahirə Əmirhüseynova: Bildiyimiz kimi, Azərbaycan bu gün sürətlə inkişaf etməsinə baxmayaraq QHT-lərin maliyyə mənbəyi çox zəifdir. Bir çox donorlar bunu əsas tutaraq Azərbaycanı tərk edir. Sizin qurum bu donorların siyasətini necə dəyərləndirir və bu siyasəti təkrarlamaq fikrində deyil ki? Siz necə hesab edirsiniz bu gün QHT-lərin donora ehtiyacı var yoxsa yox?
İlqar Ağasıyev: Mənim fikrimcə, Azərbaycan sürətlə inkişaf etdikcə, hökumət özü QHT sektorunun ən iri donorlarından birinə çevrilməlidir. Bir misal çəkim, biz Xorvatiyada tanışlıq turunda olanda orada müəyyən iri donorların artıq ölkəni tərk etməsinin şahidi olduq. Səbəbini bizə həm QHT nümayəndələri, həm vətəndaş cəmiyyətinin nümayəndələri belə izah etdilər ki, bu iki sektor arasında artıq qarşılıqlı anlaşma o dərəcədə yüksək səviyyədədir ki, hökumət artıq ən iri donorlardan birinə çevrilib. QHT-ın donora ehtiyacı var, çünki bizim üçüncü sektor hələ də bir çox aparıcı beynəlxalq təcrübələri öz işində ehtiva etməyi bacarmalıdır.
Razi Nurullayev: “Counterpart İnternational” Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda izi və yeri olan bir təşkilatdır. Amma hərdən mənə elə gəlir ki, Counterpart İnternational bütün imkanlarından tam istifadə eə bilmir. Hətta bəzən Azərbaycan QHT-ləri ilə tam inteqrasiya olunmaqda çətinlik çəkir. Bunun bir sıra obyektiv səbəblərini bilirəm. Mənim gözləntim budur ki, Counterpart İnternational öndə gedən və arxasınca vətəndaş cəmiyyətini apara biləcək bir gücə sahib olsun. Axı sizin işiniz praktikdir. QHT-lərin bir sıra problemlərinin çözülməsində təşəbbüskar da ola bilərsiniz. QHT-lərlə birlikdə tez-tez tədbirlər də edə bilərsiniz. Ola bilər ki, mənim bilmədiyim məqamlar da var, yaxud da mən tam informasiyalı deyiləm. Bunları bilmək istərdim. Sizə və təşkilatınıza qarşı gözəl münasibətimin olduğundan xəbərdarsınız. İlqar müəllim, sizə uğurlar arzulayıram və işlərinizdə dəstəyimizə ümid edə bilərsiniz.
İlqar Ağasıyev: Razi müəllim, dəyərli fikirlərinizə və dəstəyinizə görə Sizə öz səmimi təşəkkürümü bildirirəm! Biz öz işimizdə çalışırıq ki, bizimlə əməkdaşlıq etməyə çalışan bütün QHT-lərlə sıx təmasda olaq. Ola bilsin ki, heç də hər zaman buna müvəffəq olmaq asan deyil. Bilirsiniz, layihə icrası hər zaman konkret iş planı və zaman çərçivələri ilə bağlıdır. Buna görə də güman edirəm Sizdə sualınızda hallandırdığınız fikir formalaşa bilər. Amma təklifləriniz çox qiymətlidir və nəinki bizim, digər beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınmalıdır. Hər zaman xoş münasibətnizə görə bir daha minnətdarlığımı bildirirəm!
Mehriban Zeynalova: İlqar müəllimə bir sualım da var. Siz dincəlmək hüququnuzu necə reallaşdırırsınız? Bu məndə alınmır.
İlqar Ağasıyev: Mənim üçün avqust ayında işləmək çox müşkül bir məsələdir, Mehriban xanım. Ona görə də əvvəlcədən avqust ayında məzuniyyətə gedəcəyimi bütün lazımı qurumlara çatdırıram. Hələlik, yalnız qarşılıqlı anlaşma ilə rastlaşmışam.
Sənan Nəcəfov: Vaxtımız bitdi. Artıq 2 saatdır ki, debat davam edir. Hörmətli həmkarlar, hesab edirik ki, kifayət qədər səmimi bir söhbət alındı. Bu cür söhbətin alınmasına görə, təbii ki, İlqar müəllimə təşəkkür düşür. Dəyərli vaxtını debatada sual-cavaba ayırdığına görə minnətdaram. Qaldı sonuncu sual: Növbəti debatda kimin qonaq olmasını görmək istəyirsiniz?
İlqar Ağasıyev: Sənan müəllim, bir neçə gün bundan əvvəl III-cü sektor qrupunda sorğu keçirilmişdi və mən orada iştirak edən dostlarımızın fikrinə tam şərik çıxaraq, növbəti qonaq kimi Mehriban xanım Zeynalovanı təklif etmək istərdim.
Sənan Nəcəfov: Təşəkkür edirik. Mehriban xanım, hazırlaşın!!!!
Mehriban Zeynalova: İlqar müəllim çox böyük şərəf verdiniz mənə. Sizə minnətdarlığımı bidlirirəm. Sizdən sonra danışmaq düşünrəm ki, çox çətin olacaq. Amma çalışacam. Belə gözəl insandan estafeti almaq özü böyük qürurdur.
İlqar Ağasıyev: Dostlar, bir daha maraqlı suallarınıza və dəvətə görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Sənan Nəcəfov: Sağ olun.
Mehriban Zeynalova: İlqar müəllim, Sizə də təşəkkürlər.
İlqar Qasımov: Çox məhsuldar və gözəl alındı. Bütün zəhməti olanlara təşkilatımız adından sağ olun deyirəm.