Mübariz Aslanov
Ötən gün Milli Məclisdə hörmətli deputat Fəzail İbrahimlinin soyad sonluqları ilə bağlı təəssübkeş çıxışı zamanı ermənilərlə müqayisəli təhlili ibrətamiz bir əhvalatı yadıma saldı. Əhvalat xoşagəlməz olsa da, itiyini tapmış kimi rahatlandım...
Bu əhvalatı təxminən 10 il əvvəl, tələbə ikən mənə Moskvada ali məktəblərin birində dərs deyən tarixçi qohumum danışmışdı. O vaxt qohumum bu əhvalatı sonradan onda oyanan təəssüf hissi ilə danışırdı.
Deyir, Sovet İttifaqının “mənəm-mənəm” deyən vaxtı idi (həmin vaxt artıq 35 il idi ki, o Moskvada dərs deyirdi). O da daxil olmaqla, bir qrup sovet alimi Parisə beynəlxalq elmi konfransa göndərilir: “Təbii ki, konfrans ərəfəsində müxtəlif ölkələrdən yığışan qonaqlarla tanışlıq imkanı olurdu. Bir dəfə də nahar vaxtı Saabekyan soy adlı bir nəfərlə tanış oldum. O da tarixçi idi. Maraqlandım, erməni olduğunu dedi. Onu da dedi ki, vaxtı ilə ata babası sovet hökumətindən qaçıb ABŞ-da məskunlaşıb, elə özü də ora vətəndaşı kimi gəlmişdi. Eşidəndə Qafqazdanam, mənimlə nahara əyləşdi. İngiliscə danışırdıq. Söhbət Qafqazdan, vətəndən düşən kimi yanğı ilə danışmağa başladı. Qanıma hopmuş kommunist təəssübkeşliyi ilə ona dedim ki, sən heç Qafqazı görməmisən, ABŞ-da yaşayırsan, ora vətəndaşı və ora alimisən, nədi səni belə narazı salan? O, mənə sadə və maraqlı bir cavab verdi:
- Axı biz erməniyik... Orada olmasam da, bizdə - ailədə hər gün Ermənistan xatırlanır...
- Necə?
- Bilirsiniz, biz ermənilər tarixən yerindən-yurdundan qovulan xalq olmuşuq, amma küt xalq deyilik. Biz elə ABŞ-da da, Avropada da hər kəsə bunu izah edirik ki, yeganə çatışmayan yerimiz bizə tarixən olan təcavüzdür. Çalışırıq bunu dünyaya agah edək...
Mən bir tarixçi kimi onun sözünü kəsdim:
- Siz heç erməni dilini bilmirsiniz, özünüz də Ermənistanda olmamısınız... Hətta dediyiniz kimi ata-babanız da Türkiyədən Çar Rusiyasına, sonradan da ABŞ-a qaçıb. Demək olar ki, sırf amerikan kimi yaşayırsınız. Erməniliyiniz bilinməyə-bilinməyə...
O da mənim sözümü kəsdi:
- Soyadımın sonundakı “yan” şəkilçisi kifayətdir ki, mən erməni olduğumu heç vaxt unutmayım. Bir tarixçi kimi unutmayım ki, bizə daim təcavüz ediblər. Əgər Ermənistan adlı dövlət varsa, mənə qismət olmasa da övladlarım qoy öz dövlətlərində yaşasınlar. Bu gün bütün ABŞ-da yaşayan ermənilərin ən başlıca istəyi budur...
Bir sözlə, onunla o vaxtkı baxışlarımla mənə gülməli və qəribə gələn bu söhbətimiz bir az davam etdi. Onu boşboğaz olmasını hesab edib nə baş qoşdum, nə də nəyisə izah etməyə çalışdım...
Həmin söhbətdən səkkiz il keçdi, Bakıda 20 yanvar baş verdi, ardınca Qarabağımız getdi, azərbaycanlılar qırıldı... Yavaş-yavaş xaricdən Moskvaya erməni alimlər, iş adamları toplaşdılar... Diaspora yaratdılar, vaxtı ilə əhəmiyyət vermədiyim Saabekyanın boşboğazlığını real işə çevirdilər... Bir də onda ayıldım Moskvada biz və digər xalqlardan olan ziyalılar az qala gəlmə ermənilərin kölgəsində qalmışıq... Sovet İttifaqı dağılsa da biz azərbaycanlılar hələ də ya dərs deyirik, ya da alver edirik... Bir neçə dəfə azərbaycanlıların yığıncağında Saabekyan əhvalatını danışıb Qarabağı nəyə görə uduzmağımızı izah etməyə çalışsam da məni məsxərəyə qoydular - “müəllim, bu siyasi məsələdir, siz Allah şişirtməyin”... Daha danışmıram da... İndi mən Moskvada çox narahat yaşayıram, çox...”
İndi bu əhvalatı danışan adam həyatda yoxdu. Daim sağlam yaşayan alim qohumum qəfil infarktdan öldü...
Yenə o ölməmişdən əvvəl TƏƏSSÜFLƏNƏ bildi...
İndi də Fransa Senatı uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza qanunu qəbul edəndən sonra elə bil dünya müsəlmanları, türklər qəfil ayıldı... Şübhə yoxdur ki, bu qanun birbaşa müsəlmanlara, xüsusilə də türklərə qarşı yönəlib. Amma niyə biz “təpik” dəyəndən sonra düşməni hiss edirik?
Qanun qəbul olunan kimi Əlcəzairdən tutmuş Türkiyəyə qədər neçə-neçə müsəlman iş adamları gah bir milyon Avro, gah iki milyon dollar, nə bilim nə qədər vəsait ayırır ki, kim nə qədər istəyir “erməni soyqırımı”nı inkar etsin, cəriməsini ödəməyə hazırdır. Hansı ki, ödənilən cərimənin də elə Fransa büdcəsinə yığıldığını, şübhəsiz ki, oradan da ermənilərin maddi fayda götürməsini unutmuş olurlar...
Yəqin ki, “Molla Nəsrəddin” ində də olsaydı dil açıb, fəryad edib deyərdi ki, “ey müsəlman, türk qardaşlarım, olmazdı ki, indi cərimə kimi ödədiyiniz milyonları vaxtında, elə beşikdəcə indi başa bəla olan bu erməni yalanını boğmağa sərf edəydiniz?”
Sayımız da çoxdu, pulumuz da. Amma yenə nəsə çatmır. Əgər bu hadisədən sonra nəyin çatmadığını hiss etmiriksə, onda çəkiləsi dərd də çox olacaq...
Bəlkə də indi, biz cərimə ödəməyə hazırlaşdığımız bu günlərdə ermənilər ikinci yalanda uğur qazanmağa hazırlaşırlar... Nə olsun ki biz “fil qulağında” yatmışıq... Ürəklərində də bizə “bu müsəlmanın sonrakı ağlı bizdə ola...” deyib gülürlər.