qhtxeber.az// Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirdi.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri sədr Azay Quliyev açaraq, Şuranın ötən ildəki fəaliyyəti haqqında danışdı. Bütövlükdə Azərbaycan QHT sektorunun ölkənin sürətli iqtisadi inkişaf tempinə uyğun irəlilədiyini deyən A.Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin ictimai aktuallığını, icra keyfiyyətindəki və hesabatlığındakı müsbət təzahürləri qeyd etməklə bərabər bu sahədəki çatışmazlıqları da vurğuladı.
qhtxeber.az Şura sədri Azay Quliyevin çıxışının tam mətnini təqdim edir.
- Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən ilin yekunlarına dair hesabat konfransı keçirir. Bu konfransda QHT liderləri, mətbuat nümayəndlələri, o cümlədən beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Bildiyiniz kimi, biz ənənəvi olaraq hər il gördüyümüz işlərlə bağlı QHT üzvlərinə, mətbuata məlumat veririk. Hesab edirik ki, bu, həm əsasnamənin tələbidir, həm də uzun zamandır QHT sektorunda formalaşmış aşkarlıq və demokratik prisnpiplərə uyğun olaraq həyata keçirilən təşəbbüsdür. Düşünürəm ki, bu təşəbbüs bundan sonra da davam etdirilməlidir. Istər mətbuat nümayəndələri, istər QHT sektorunun təmsilçiləri, istər ayrı-ayrı vətəndaşlar Şuranın fəaliyyəti haqqında müfəssəl məlumat əldə etməlidir. Baxmayaq ki, biz hər tədbirdə, hər fürsətdə çalışırıq ki, hamını məlumatlandıraq, amma hesab edirəm ki, yekun olraq belə bir tədbirin keçirilməsinə ciddi ehtiyac var.
Əziz dostlar!
Yəqin ki, siz Şuranın fəaliyyəti haqqında müfəssəl məlumat almaq bizim təqdimata diqqət yetirəcəksiniz. Təqdimat Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov aparacaq. 2011-ci il Şura üçün həqiqətən də çox uğurlu il olub. Ona görə ki, Şuranın müəyyənləşdirdiyi 5 əsas istiqamət üzrə fəaliyyət davam etdirilib. Ilk növbədə maliyyə dəstəyi olub. Keçən hesabat dövründə 338 layihə Şura tərəfindən maliyyələşdirilib. Hesab edirəm ki, bu çox böyük rəqəmdir. 338 layihəyə təxminən 2 045 000 manat vəsait xərclənib. Düzdür, biz keçən il maksimum çalışdıq ki, daha yaxşı layihələrə, daha əhəmiyyətli təşəbbüslərlə dəstək verək. Amma bildiyiniz kimi, vəsaitin azlığı baxımından qrantların maksumum məbləğini təmin edə bilmədik. Bəzən 2, bəzən 3-5, maksimum isə 10-12 minlə kifayətlənməli olduq. Buna baxmayaraq, hesab edirəm ki, 338 QHT-nin Şuranın imkalanlarından faydalanması çox müsbət haldır. Ümid edirəm ki, gələcəkdə bu vəsait artdıqca, QHT-lərin də sayı artacaq və bütövlükdə həyata keçirilən layihələrin effektivliyi də yüksələcək.
Ötən il ən çox sosial sahəyə vəsiat ayırmışıq. Təxminən 57 layihəyə 724 000 manat vəsait ayrılıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın təcavüzkarlığının ifşa olunması, Azərbaycanın ərazi bütövlüyünün inkişafında vətəndaş cəmiyyətinin imkanlarının səfərbər olması işi keçən il də davam etdirilib. Çox maraqlı layihələrimiz olub. Artıq Şuranın maliyyələşdirdiyi layihələrin bir çoxu Avropanın önəmli mərkəzlərində təşkil olunub. Düşünürəm ki, bu il də biz bu təşəbbüsü davam etdirəcəyik.
Bildiyiniz kimi, 2011-ci ildə QHT-lərin Məsuliyyət Xartiyasını təqdim etdik. Bu sənəd QHT-lərin geniş mazakirəsinə təqdim edildi. Məndə olan məlumata görə, artıq yüzlərlə QHT bu Xartiyaya qoşulub. Xartiyanın məqsədi, məramı sizə bəllidir. Xartiya bütövlükdə QHT-lərin fəaliyyətində şəffaflığı, aşkarlığı, qanunun aliliyini, ən əsası isə QHT-lər arasında əməkdaşlığı, şəbəkələşməni təşkil edir. Ən vacibi isə QHT-lərin potensialının ümumi maraqlar naminə səfərbər olmasında Xartiyanın müəyyən rolu var. Bu sənədin könüllü olmasına baxmayaraq, mən o təşkilatlara təşəkkür etmək istəyirəm ki, onlar könüllü olaraq bu Xartiyaya qoşuldular. Ümid edirəm ki, QHT-lər həmin Xartiyanın tələblərindən irəli gələrək gələcəkdə fəaliyyətlərini qura biləcəklər.
Daha sonra 2011-ci ildə biz çox önəmli qanun layihələri hazırladıq. Bu müddət ərzində 4 qanun layihəsi hazırlandı. Baxmayaraq ki, onlardan biri sonradan qanun layihəsindən daha çox normativ hüquqi sənəd statusuna uyğun oldu və onu başqa bir formata keçirdik. Söhbət Korporativ Sosial Məsuliyyət haqqında qanun layihəsindən gedir. Sonradan belə qərara gəldik ki, bunu Korporativ Sosial Məsuliyyət haqqında qanun deyil, ya Xartiya, ya başqa formada müəyyənləşdirək. Səbəb də bu idi ki, bununla bağlı beynəlxalq təcrübəyə rast gəlmədik. Amma mahiyyət qalmaqdadır. Digər qanun layihələri haqqında sizin məlumatınız var. Bunlar “Sosial Sifariş Haqqında” qanun layihəsidir. Yeri gəlmişkən, artıq Milli Məclisdə bu qanun layihəsinin ilkin müzakirəsini təşkil etmişik və ümumi rəy müsbətdir. Baxmayaraq ki, bu böyük vaxt və səy tələb edir ki, sonrakı mərhələlərdə Milli Məclisin qanunvericilik işləri planına daxil edilsin. Daha sonra Peşə Birlikləri Haqqında qanun layihəsi və İctimai İştirakçılıq Haqqında qanun layihəsi hazırlandı. Bu sənədlər hamınızın iştirakı ilə müzakirələrdə cilalanıbdır. Detallar geniş müzakirə olunubdur. Qanunun Milli Məclisdə müzakirəsində də sizlərin iştirakını təmin edəcəyik.
2011-ci ildə biz bir çox tədbirləri də keçirməyə çalışdıq. Ilk növbədə QHT-lərin bilik və bacarıqlarının artırılması, QHT-lərin hesabatlığının təmin edilməsi ilə bağlı, xüsusilə maliyyə hesabatlığının vaxtlı-vaxtında verilməsi ilə bağlı çox əhəmiyyətli tədbirlər həyata keçirildi. Xatırlayırsınızsa, ilk illərdə QHT-lərin çox az qismi sərbəst şəkildə maliyyə hesabatını hazırlayıb təqdim edirdisə, son 2 ildə Şuranın həyata keçirdiyi layihə nəticəsində təkmilləşdirmə prosesi bəlli bir mərhələyə çatıbdır. Artıq QHT-lər sərbəst şəkildə bu hesabatı təqdim edirlər. Bu da bütövlükdə QHT-lərin maraqlarına uyğundur. Çünki əgər hesabat vaxtında təqdim olunmasa, birincisi dövlət tərəfindən cərimə sanksiyası tətbiq olunur, ikincisi isə Şura həmin QHT-yə maliyyə ayırmır. QHT üçün bu, arzuolunmaz haldır. Bir daha bildirmək istəyirəm ki, aprelin 1-ə qədər vaxtımız var. Çalışaq ki, hesabatlarımızı vaxtında verək.
2011-ci ildə bildiyiniz kimi, auditlə bağlı kiçik bir sıxıntı yaşandı. Milli Məclisin qəbul etdiyi əlavə və dəyişikliklərə əsasən, əgər hüquqi şəxslər vaxtında auditdən keçməsələr, təxminən 500 manatdan 2500 manata qədər cərimə sanksiyasına məruz qalmalı idilər. Bilirsiniz ki, Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli qərarında məhz QHT-lər də məcburi auditə cəlb olunanlar sırasında idi. Həmin siyahıda təsərrüfat subyektlərinin adları gedirdi. QHT-lər də orda yer almışdı. QHT-lərin bu narahatçılığını biz nəzərə aldıq. Həm Prezident Administrasiyasına, həm Nzirlər Kabinetinə, həm Auditorlar palatasına müraciətlərimiz oldu. Müraciətlərimiz nəzərə alındı və Nazirlər Kabinetinin 14 iyun tarixli qərarı ilə QHT-lər məcburi auditə cəlb olunanlar sırasından çıxarıldı. Bir daha vurğulamaq istəyirəm ki, bu bizim dövlətimizin QHT-lərlə göstərdiyi diqqət və qayğının təzahürüdür. Həqiqətən də bu gün heç bir sərbəst maliyyə qaynağı olmayan QHT-lər üçün bu, xüsusi bir əhəmiyyət daşıyırdı. Biz hesab edirik ki, könüllülük prinsipi qorunmalıdır. əgər QHT-nin imkanı varsa, audit edə, auditə cəlb oluna bilər.
Bu gün biz həm də çox vacib bir məsələyə toxunmalıyıq. Bu da Fransa senatı tərəfindən yanvarın 23-də qəbul olunmuş üzdəniraq qanunla bağlıdır. Bilirsiniz ki, uydurma erməni soyqırımını inkara görə, çox ciddi və haqsız, ədalətsiz olaraq cəza nəzərdə tutulub. Bu cəza ya bir il həbslə, ya da 45 min avro cərimə ilə nəticələnə bilər. Təsadüfən, yaxud da hər hansı bir səbəbdən Fransada uydurma soyqırımının mübahisələndirilməsini təklif etsəniz, yaxud da bu barədə məlumatsız olduğunuzu desəniz, sizi məhkəməyə verib həbs edə bilərlər, yaxud da 45 min avro cərimələyə bilərlər. Bununla bağlı QHT-lərdən çoxlu sayda təkliflər gəldi. Hesab etdik ki, bir halda ki, toplaşırıq, QHT-lər burda buna münasibət bildirsin və bir bəyanat qəbul edilsin. Bəyanat sizə təqdim olunacaq. Yəqin ki, hamı buna qoşulacaq. Ən azı ona görə, ki, bu bizim hamımızın maraqlarına zidd olan bir təşəbbüsdür. Bu, təkcə Azərbaycanın, Türkiyənin deyil, eyni zamanda Fransanın, bütövlükdə Avropanın, insan hüquqlarına, söz və fikir azadlığına önəm verən hər bir şəxsin problemidir. Düşünürəm ki, biz burda bu mövqeyi açıqlamalıyıq. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir, həmsədr ölkə olaraq belə bir yanlışlığa getməməli idi. Açıq şəkildə bir tərəfi tutmamalı idi. Belə olan halda Fransanın həmsədrlik mandatını daşıma məsələsi sual altındadır. Hesab edirəm ki, Fransanın buna mənəvi haqqı yoxdur. Bu baxımdan düşünürük ki, Fransa bundan sonra Azərbaycanı inandıra bilməz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli olacaq, Ermənistanı dəstəkləməyəcək. İndiyə qədər onsuz da bununla bağlı şübhələrimiz var idi. Onların mövqeyi birmənalı deyildi. Istənilən halda Azərbaycan ictimaiyyəti çox ciddi etiraz etməlidir. Bilirsiniz ki, son vaxtlar Azərbaycanın rəsmiləri, yüksək səviyyəli dövlət qurumları, Milli Məclis dekabrın 30-da Fransa senatına müraciət qəbul etdi. Bir faydası olmadı. Amma hələ də imkanların yekunlaşdığını düşünmürəm. Bizim hələ 2 hüquqi rıçaqımız var. Biri hamımızın aparacağı iş nəticəsində Fransa QHT-lərinin, hüquq-müdafiə təşkilatlarının bu işə cəlb olunması nəticəsində senatorların bu qanunu Konstitusiya Məhkəməsinə təqdim etmək imkanı var. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi istənilən qanunun Konstitusiyaya uyğun olub-olmaması haqqında rəy verə bilər. Birmənalı şəkildə obyektiv yanaşılsa, rəy mənfi olmalıdır. Türkiyə dövləti də Azərbaycan dövləti də bu istiqamətdə işlərini səfərbər etməlidir. Əgər belə olmasa, ikinci bir hüquqi müstəvi Avropa İnsan Haqları Məhkəməsidir. Bilirsiniz ki, hər hansı bir qanunun subyekti olmursa, hər bir şəxs qısa müddət ərzində Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər və bu qanunun aradan qaldırılmasına çalışa bilər. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, bu qanun işləməyəcək. Düşünürəm ki, biz də burda aktivliyimizi nümayiş etdirməliyik.
İndi isə hesabatı təqdim etmək üçün sözü Fərasət müəllimə verirəm.
İcraçı direktorun hesabat xarakterli çıxışından (hesabat tam şəkildə qhtxeber.az-ın "Hesabat" bölümündə yerləşdiriləcək) sonra Məhərrəm Zülfüqarlı, Çingiz Vəliyev, Rauf Zeyni, Mahirə Əmiraslanova, Aydınxan Əbilov, Qafar Çaxmaqlı, Vüqar Qədirov çıxış edərək Şuranın bir illik fəaliyyətini müsbət qiymətləndirdilər, müxtəlif təkliflər irəli sürdülər.
Sonra Ləman Cavadzadə Fransa Senatında qəbul olunan qanunu pisləyən bəyanatın mətnini səsləndirdi. Müraciət QHT nümayəndələrinin müzakirəsindən sonra qəbul edildi.
Tədbirdə həmçinin, Şuranın 2011-ci ildə maliyyələşdirdiyi layihələrin toplusu və sorğu məlumat kitabının təqdimatı da oldu.