qhtxeber.az// Yaxın vaxtlarda QHT-lərin keyfiyyət kateqoriyalarına bölünməsinə başlanıla bilər. qhtxeber.az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın 2011-ci ildəki fəaliyyəti ilə bağlı keçirilən hesabat xarakterli tədbir zamanı mətbuata verdiyi aşıqlamada deyib.
Şura sədri bildirib ki, bəzi Avropa ölkələrində belə təcrübə var və bu status “İctimai faydalı təşkilat” adlanır: “Təşkilat ictimaiyyətdə və QHT sektorunda tanındıqdan, konkret əməli, fəaliyyəti, təcrübəsi və həyata keçirdiyi layihələri ilə nəzərdə tutulan standartlara cavab verdikdən sonra ona müəyyən status verilə bilər. Bu status bəzi vergi güzəştlərini, əlavə maliyyə yardımlarını özündə ehtiva edə, digər donorlarla əməkdaşlıqda müəyyən üstünlük verə bilər”. Şura sədri bildirib ki, ictimai faydalılıq əmsalı da qruplara bölünəcək: “Amma bunun üçün həm qanunvericilikdə, həm də müvafiq normativ hüquqi sənədlərdə müəyyyən dəyişikliklər edilməlidir. Standartları Şura da müəyyənləşdirə bilər. Çünki Şura bu istiqamətdə yeganə ixtisaslaşmış orqandır. Məntiqi cəhətdən standartların Şura tərəfindən müəyyənləşdirilməsi mümkündür. Yaxud da ayrı qurum yaradıla bilər. Məncə, əlavə xərc tələb etdiyindən ayrıca qurumun yaradılmasına ehtiyac yoxdur. Hesab edirəm ki, Şurada QHT nümayəndələrinin iştirakı ilə müvafiq komissiya yaradıla bilər”.
|