qhtxeber.az-ın verdiyi məlumata görə, Memarandumu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Şəbəkənin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev imzalayıb. Memoranduma əsasən, tərəflər korrupsiyaya qarşı mübarizə sahəsində sıx əməkdaşlıq edəcəklər. Qarşılıqlı forum, dəyirmi masa və konfransların keçirilməsi, vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin – vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması, yayılması sahəsində birgə fəaliyyət göstərəcəklər.
Həmçinin, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinə daxil olmuş hazırlanan və ya törədilmiş korrupsiya hüquqpozmaları barədə müraciətlərin Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsi, görülmüş tədbirlər barədə müraciət müəllifinin məlumatlandırılması, dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, və sair birgə müəyyən edilmiş hədəf qrupları üçün təlimlərin keçirilməsi də birgə fəaliyyət sferasına daxildir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Şəbəkə həmçinin, kütləvi informasiya vasitələrinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və təhqiqat jurnalistikası ilə məşğul olan nümayəndələri üçün təlimlər keçirilməsini, korrupsiyaya qarşı mübarizə vəziyyətinin birgə təhlili və bu mübarizənin səmərəliliyinin artırılması üzrə konsepsiya və təkliflərin hazırlanmasını planlaşdırırlar.