Soçidə Şən və Hazırcavablar Klubunun (ŞHK) Beynəlxalq Birliyi və “AMİK” Televiziya Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə “KİVİN-2012” adlı beynəlxalq tədbir keçirilib. Bu barədə Lent.az-a məlumat verən “Bakı yığması” komandasının rəhbəri Anar Sultanov bildirib ki, 12-23 yanvarda keçirilən festivalda 700-dən artıq komanda iştirak edib.
Müsabiqədə Azərbaycanın iki komandası ikinci tura keçib. Ölkəmizi təmsil edən “Qara Qızıl” və “Bakı yığması” komandaları 40 ən yaxşı komandaların sırasına daxil olub. Bir çox ölkələrin qatıldığı festivalda Ermənistan heç bir tura keçə bilməyib.
Komandanın üzvləri öz çıxışlarını "Bakılı oğlanlar" (“Parni iz Baku”) Şən və Hazırcavablar Klubunun mərhum kapitanı Anar Məmmədxanova həsr ediblər.
Anar Sultanov onu da bildirib ki, komandalar ikinci tura keçdikdən sonra birləşərək vahid bir komanda adı altında çıxış etmək qərarına gəliblər. Beləliklə, Azərbaycanı təmsil edən “Qara qızıl" , “Bakinski ekspromt”, BDU, “Oqni Baku” komandaları birləşərək vahid bir komanda - “Bakı yığması” adı altında fəaliyyət göstərəcəklər.
|