
- Fərhad müəllim, əlbəttə, Şəkinin sənətkarlıq paytaxtı elan edilməsi sevinclə qarşılandı. Bir qədər Şəki şəhərinin sənət tarixinə nəzər salmaq maraqlı olardı.
- Azərbaycan tarixən qədim “İpək yolu” üzərində yerləşməklə strateji əhəmiyyət daşıyaraq,
onu dünyanın digər ölkələri və regionları ilə birləşdirərək həm ticarətdə, həm də mədəni-iqtisadi əlaqələrdə, sivilizasiyanın dərinləşməsində, beynəlxalq inteqrasiyanın genişlənməsində xüsusi rol oynamışdır. Bu iqtisadi və mədəni əlaqələr zəncirində Şəki rayonu bir həlqəni təşkil etməklə, özünəməxsus yer tutmuşdur. Müntəzəm olaraq kütləvi şəkildə ticarət karvanlarının Şəkiyə gəlməsi, regionda həm ipəkçiliyin inkişafına, həm də ticarətin kütləviləşməsinə, karvansaraların tikintisinə isə milli memarlığın özünəməxsus şəkildə formalaşmasına və sənətkarlığın müxtəlif sahələrinin inkişafına səbəb olmuşdur. Sələflərimizdən miras qalan sənətlər içərisində daha çox sanbalı, faydası olan sahələrdən biri də ipəkçilikdir. Xalqımızın lap qədimdən bu sənətlə tanış olduqları üçün ipəkçiliklə bağlı çox dərin folkloru, etnoqrafiyası, zəngin tarixi yaranmışdır. Odur ki, qədim yurd yerimizdən olan Şəki (Nuxa) bildiyimiz kimi hələ orta əsrlərdən ipək istehsalına görə şöhrətli məkanlardan biri olub, qədim İpək yolu, karvansaraların ipəklə təmin olunmasında əsas rol oynayan şəhərlərdən idi. Ona görə də Şəki Yaxın və Orta Şərqin, Avropanın bir sıra ölkələrinin böyük ticarət mərkəzlərindən birinə çevrilmişdir. İpək xarakterli Şəki əhli ata-babalarının bu sənətinə də yüksək önəm vermişlər. Çünki zaman-zaman qazanclarının əsas hissəsi də istər təsərrüfatda, istər sənayedə, istərsə də ticarətdə əsasən ipəkdən olmuşdur. Şəki kəlağayıları, nəfis ipək parçaları, ipək saplı tikmələri, ipək xalıları həmişə adla tanınmışdır. Azərbaycanda ipəkçiliyin tarixindən yazılanda mənbələrdə əsasən eramızın VII əsrindən burada yer tutduğu göstərilir. Ancaq ipəkçiliyin mürəkkəb bir təsərrüfat sahəsi olduğunu nəzərə alsaq, göstərilən qısa dövrlər ərzində yüksək inkişaf səviyyəsinə çata bilməzdi. Tədqiqatçı arxeoloqların Mingəçevirdə, Şəkidə qazıntılar zamanı tapdıqları toxuculuq nümunələri, naxışlar və digər əsaslar artıq sübuta yetirir ki, ipəkçilik Azərbaycanda VII əsrdə yox, daha qədim dövrlərdə inkişaf etmişdir. Şəkidə aparılan arxeoloji nəticələrə əsaslanaraq bir faktı qeyd etmək istəyirik. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun eyni adlı Şəki qrupunun arxeoloqları Nəsib Muxtarov və İntizar Bədəlovanın 1980-cı ildə Küdürlü kənd ərazisində tədqiqat qazıntılar zamanı dəyərli maddi sübut əldə etmişlər. Qiymətli metaldan 4-cü yuxudan durmuş ipək qurdunun bənzəri olan sırğa ilk tunc dövrünün ortalarına, III minilliyin əvvəllərinə aiddir. Bu maddi dəlil sübut edir ki, əcdadlarımız ipək qurdu və onun toxuduğu ipək sapla hələ o zamandan tanış olmuşlar. Göründüyü ki, ipəkçilik Şəkidə qədim tarixə malik olub, insanların həyat və təsərrüfat fəaliyyətində, eyni zamanda ticarətdə xüsusi rolu olmuşdur.
- “Şəki” Sənətkarlıq Assosiasiyası xalq tətbiqi sənətkarlığı sahəsində hansı işlər görüb?
- Öncə məlumat üçün deyim ki, “Şəki” Sənətkarlıq Assosiasiyası Dünya Bakı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış kredit sazişinə uyğun olaraq, Azərbaycanda həyata keçirilmiş “Mədəni İrsin Qorunması” layihəsi çərçivəsində yaradılmışdır. Məqsəd Şəkidə sənətkarlığın və turizmin prioritet sahələr olduğunu nəzərə alaraq, bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi, xalq-tətbiqi sənətkarlığının inkişafı, sənətkarlar üçün biznes-inkubatorun yaradılması olmuşdur. Bunun üçün Şəkinin tarixi Qoruq ərazisində, Qala kompleksində uçulub- dağılmaqda, yararsız vəziyyətdə olan üçmərtəbəli keçmiş təcridxana binası tamamilə yenidən tikilmiş, bərpa və təmir olunaraq sənətkarların istifadəsinə verilmişdir. Hazırda burada, “Sənətkarlar evi”ndə çox müxtəlif sahələr üzrə sənətkarlar fəaliyyət göstərirlər. Dünya Bankı ekspertlərinin tövsiyəsi ilə “Sənətkarlar evi”ndə sənətkarlıq və turizm məhsulları hazırlayır, sənətkarların vahid icma şəklində və peşə kurslarının təşkili prinsipi əsasında işləyirik. Burada eyni zamanda, sənətkarların normal fəaliyyət göstərməsi və istirahəti üçün hər cür şərait yaradılmışdır ki, bu da sənətkarlığın inkişafı üçün stimul yaradır. Sənətkarlar üçün bütün lazım olan alət, avadanlıqlar və yardımçı vasitələr əldə olunmuş, xüsusi otaqlarda quraşdırılmışdır. 2005-ci ildə birliyimiz və Orta Asiya Sənətkarlar Assosiasiyası ilə birgə Beynəlxalq “Xalq tətbiqi sənətkarlığının inkişafı və regional əməkdaşlıq” layihəsi həyata keçirilmişdir. Layihənin əsas məqsədi həmin Assosiasiyanın təcrübəsini öyrənmək və tətbiq etmək, təcrübə mübadiləsi aparmaq və regional əməkdaşlığı qurmaqdan ibarət olmuşdur. Layihə çərçivəsində Bakıda və Şəkidə tədbirlər keçirilmiş, orta Asiya Respublikaları-Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dəvət edilmiş xalq-tətbiqi sənət ustaları öz sənət işləri ilə Şəki sənətkarlarını tanış etmiş, iş üsulları və işləmə texnologiyası və texnikalarını əyani nümayiş etdirmişlər. Həmçinin onlar Şəki sənətkarları və onların əl işləri, iş üsulları ilə tanış olmuş və müvafiq tövsiyələrini vermişlər. Nəticə etibarilə həm Şəki sənətkarları, həm də Orta Asiya sənətkarları təcrübə mübadiləsi etmiş, sənətkarlıq sahələrinin gələcək inkişafı istiqamətində fikirlərini bildirmiş, tövsiyələrini etmişlər. Sənətkarlığın inkişafı və regional əməkdaşlığa təkan verən amillərdən biri də son illərdə təşkil edilən və geniş vüsət alan sərgilər, yarmarkalar və festivallar olmuşdur. 2007-2009-cu illərdə “Sənətkarlar Evi”ndə təşkil edilən sərgilər regionda fəaliyyət göstərən sənətkarları daha da yaxınlaşdırmış, regional əməkdaşlığın inkişafına səbəb olmuşdur. Şəki Sənətkarlar Assosiasiyası fəaliyyət göstərdiyi son 6 ildə 30 yerli, Respublika və Beynəlxalq sərgi, yarmarka və tədbirlərdə iştirak etmiş, yüksək keyfiyyətə malik sənətkarlıq məhsulları və əsərləri nümayiş etdirmiş, mükafatlar və şəhadətnamələr almışdır. 2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyev Bakı Biznes mərkəzində təşkil etdiyimiz sərgidə təqdim etdiyimiz sənətkarlıq məhsullarını yüksək qiymətləndirmiş, 2005-ci ildə isə “Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramı” icrasının I illiyinə həsr edilmiş tədbirdə “Sənətkarlar Assosiasiyası” “Fəxri lövhə” ilə təltif edilmişdir. Bütün bunlar Şəki sənətkarlarını daha da ruhlandırmış, onları daha yaradıcı işlər və sənət nümunələri yaratmağa sövq etmişdir. “Şəki” Sənətkarlar Assosiasiyası üzvləri 2010-cu ildə Şəkinin “Sənətkarlar paytaxtı” elan edilməsindən xeyli məmnun oldu. Biz hesab edirik ki, Prezidentin bizi təltif etdiyi 11 fevral 2005-ci ildən Şəki artıq “Sənətkarlar Paytaxtı” statusunu qazanmışdır.
- Necə düşünürsünüz, sənətkar sənəti yüksəldir, yoxsa sənət sənətkarı?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Həm sənətkar sənəti yüksəldir, həm də sənət sənətkarı.
Belə ki, əgər sənətkar öz sənətinə yaradıcı münasibət bəsləyərsə, onu öz həyat kredosuna çevirə bilərsə, onda o, bu sənəti inkişaf etdirə, yüksəldə bilər. Eyni zamanda da müvafiq olaraq sənət sənətkarı yüksəldə bilər. Çünki sənət daimidir, əbədidir. Sənətkar isə müvəqqəti olub, Tanrı tərəfindən verilən ömrü yaşayır. Ona görə də hər bir sənətkar sənət fədaisi olaraq qısa zaman kəsiyində ona verilən ömrü layiqincə başa vuraraq həm sənəti yüksəltməyə çalışmalı, həm də sənətdə elə iz qoyub getməlidir ki, özü də yüksələ bilsin. Burada bir anı nəzərə almaq lazımdır. Elə sənət sahələri vardır ki, onlar daimidir, əbədidir. Lakin elə sahələr də vardır ki, zamana uyğun olaraq yaranmış və sonralar öz əhəmiyyətini itirərək sıradan çıxmışlar. Təbii ki, mənim dediklərim belə sənət sahələrinə aid olmayıb, onlarla məşğul olan sənətləri əhatə etmir. Sənətə yalnız adi dolanışıq mənbəyi kimi baxan sənətkar heç vaxt yüksələ bilməz. Yalnız öz varlığını, mənəviyyatını və istedadını sənətə həsr edən sənətkar yüksələ bilər.
- Azərbaycanda qeyri-maddi irsin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatların gedişi qənaətbəxşdirmi?
- Azərbaycanda 2002-ci ildən Dünya Bankının maliyyə dəstəyi ilə “Mədəni İrsin Qorunması” layihəsi həyata keçirilmiş və bu layihə çərçivəsində Şəki şəhərində dünya sənətkarlığının incisi olan Şəki Xan sarayı bərpa olmuş, turistlərin və qonaqların istifadəsinə verilmişdir. Bu layihə çərçivəsində həm də ərazidə yerləşən təcridxana binası da bərpa və təmir olunaraq sənətkarların istifadəsinə verilmiş, Sənətkarlar Assosiasiyası və Şəki Ailə Turizm Assosiasiyası təsis edilmiş, fəaliyyətə başlamışdır. Hazırda həmin bina “Sənətkarlar evi” kimi fəaliyyət göstərir və sənətkarlar burada birgə çalışırlar. Ölkə rəhbərimiz cənab İlham Əliyev daim öz çıxışlarında qeyd edərək göstərir ki, biz daim mədəni irsimizi qoruyub-saxlamağa, inkişaf etdirməyə çalışırıq. Bu yaxınlarda etdiyi çıxışlarının birində isə demişdir ki, “Biz mədəni irsimizi bazar iqtisadiyyatı prinsiplərinə qurban verə bilmərik”. Bütün bunlar isə onu göstərir ki, bizim qeyri-maddi irsimizin qorunması dövlət səviyyəsində həyata keçirilir və dəstəklənir. Hazırda Şəki sənətkarlarının əsas problemlərindən biri sənətkarlıq məhsullarımızı xarici bazara çıxara bilinməməkdir. Eyni zamanda, xaricdə təşkil edilən sərgi və yarmarkalarda iştirak etmək çətindir. Hazırda birliyimiz sənətkarlıq məhsullarının dizaynı və keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır. Bundan başqa xarici bazar konyukturunun araşdırılması və ona uyğun sənətkarlıq məhsullarının hazırlanması, sənətkarlıq məhsullarının reyestrinin hazırlanması və sayta yerləşdirilməsi, “Elektron ticarət” xidmətinin təşkili və məhsulların reklam kompaniyasının intensivləşdirilməsi də nəzərdə tutulub.
Hazırladı: qhtxeber.az-a xüsisi olaraq Səbinə Mövsümova