-
Qadın hüquqlarının müdafiəsi istiqamətində hansı işlər görülüb?
- Ölkəmizdə qadın hüquqları qanunla qorunur. Lakin əsas problem qadınların hüquqi imkanlardan istifadə etmələridir.
Ədalətli cəmiyyətdə cinsindən asılı olmayaraq bütün insanların təbii hüquqları və onların istedad və bacarığına görə, sosial-mədəni hüquqları təmin olunmalıdır. Qadın hüquqları insan hüquqları kateqoriyalarında Azərbaycanda özünə məxsus olaraq pozulur: şəxsi azadlıqlarda, siyasi hüquqlarda, iqtisadi sferada.
Hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sferada gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə maneə törədir, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə səbəb olur.
-
Münaqişələrin həllində, regionda sülhün bərqərar olmasında qadınları rolunu necə dəyərləndirsiniz?
- Qadınların səsi iki səbəbdən eşidilməlidir: Qadınlar tam və bərabər hüquqlu
vətəndaşdırlar və buna görə də, istənilən sülh quruculuğu bərpa proseslərinə eyni dərəcədə yol tapa bilməli və bu proseslərdə iştirak edə bilməlidirlər. Eyni zamanda, müxtəlif gender rollarının və ənənələrin mövcudluğu nəticəsində müharibə və sonrakı sülh və bərpa prosesləri qadın və gənc qızlara fərqli təsir göstərir. Buna görə də onlardan kişilərdən fərqli ideyalar eşidilə bilər. İstənilən sülh prosesinin davamlı olması, yaxud bərpa və reabilitasiya proqramının yetərli və uzun müddətli təsir göstərə bilməsi üçün qadınların səsi, narahatçılıqları və prioritetləri nəzərə alınmalıdır.
-
Qadınlarımız bu gün qərarların qəbulunda necə iştirak edə bilir?
- Öncə bu sualı cavablandırmaq istəyirəm: Nəyə görə qadınlar kişilərlə bərabər qərar qəbuletmədə iştirak etməlidirlər? Ona görə ki, qadınların kişilərlə bərabər qərar qəbuletmə prosesində iştirak etməsi insan haqlarının və sosial ədalətin ayrılmaz hissəsi olmaqla yanaşı, demokratiyanın yaranmasını təmin edən amillərdəndir. Qeyd etmək lazımdır ki, qadınların kişilərlə bərabər qərar qəbuletmə prosesində iştirak etməsi insan haqlarının və sosial ədalətin ayrılmaz hissəsi olmaqla yanaşı, həmçinin demokratik cəmiyyətin inkişafını təmin edən amillərdən biridir. Lakin bu bərabərhüquqluluq cəmiyyətin bütün həyatında - siyasətdə, dövlət idarəçiliyində, iqtisadi sferada pozulur. Qadınlar çox zaman yerli təşkilatlar və icma səviyyələrində sülh quruculuğu fəaliyyətləri ilə məşğul olurlar. Onlar çox zaman münaqişələrin nəticələrinin ailələrə və icmalara vurduğu təsir barədə məxsusi baxışlarla yanaşı, bu sosial strukturların bərpası üçün tələb olunan addımlar haqqında da biliklərə malikdirlər. Müsahibələr nəticəsində aydın olur ki, hətta fərdi inkişafda irəliləmiş kişilər də gender siyasətinə qarşı çıxırlar, bu siyasətin özlərinə qarşı yönəldiyini və ya onların maraqları ilə üst-üstə düşmədiyini zənn edirlər. Bütün bunlar gender tədrislərinin həm kişilər, həm də qadınlar üçün keçirilməsinə ehtiyac olduğunu göstərir.
-
Qadınlara qarşı stereotiplərin aradan qaldırılması üçün nə etmək olar?
- Ardıcıl və davamlı kampaniyalara ehtiyac var. Yalnız davamlı kampaniyalar və ciddi, həm də aktual media debatlar Azərbaycan mediasında gender stereotiplərini azalda və cəmiyyətin gender həssaslığını artıra bilər. Bu istiqamətdə QHT-lərin rolu böyükdür. İctimai rəy formalaşdıran jurnalistlərin özü də müxtəlif stereotiplərin əsirləridir və gender həssaslıqlarını yüksəltmək qayğısına qalmalıdırlar. Əlbəttə, gender bərabərliyinin cəmiyyətdə bərqərar olması üçün ölçülü-biçili və ardıcıl gerçəkləşdiriləcək Dövlət Proqramının rolu da danılmazdır.
-
“Sülh və Gender təhsili” kitabınızda önə çəkdiyiniz məsələ nədən ibarətdir?
- Aparılan tədqiqatlar ən savadlı respondentlərin qadın hüquqları, gender, qadın və kişi münasibətləri, dövlət gender siyasəti sahələrindəki bilik səviyyəsinin səthi xarakter daşımasını göstərir. Müsahibələr nəticəsindən aydın olur ki, hətta fərdi inkişafda irəliləmiş kişilər də gender siyasətinə qarşı çıxırlar, bu siyasətin özlərinə qarşı yönəldiyini, və ya onların maraqları ilə üst-üstə düşmədiyini zənn edirlər. Bütün bunlar gender tədrislərinin həm kişilər, həm gənclər və həm də qadınlar üçün keçirilməsinə ehtiyac olduğunu göstərir. BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsini, «Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Haqqında» Konvensiyanı (CEDAW) əsas tutaraq «Sülh və Gender təhsili» treninq vəsaiti trenerlər üçün metodoloji baza və gənclərlə işləyənlər üçün bir vəsaitdir. Vəsaitdə tədris üsulu interaktiv olub, yəni iştirakçıları öyrətmə prosesində fəal iştiraklarına və problemə müdaxilə etmələrinin vacibliyini başa düşməyə imkan verir. 14-18 yaşlı gənclər üçün nəzərdə tutulmuş vəsait elə tərtib edilmişdir ki, ondan eyni dərəcədə həm qeyri-hökumət təşkilatları və həm də formal məktəb sistemi istifadə edə bilər.
Bundan başqa təşkilatımız tərəfindən “Jurnalistlər üçün Sülh və Gender təhsili” kitabı hazırlanmışdır. Kitab gender bərabərliyinin əsas məğzini başa salmaq, onun hansısa cinsin əksinə yönəlmədiyini, qadınlarla kişilər arasında qarışılıqlı-sərfəli münasibətlərin qurulmasına çalışdığını sübut etməyi, cəmiyyətin sosial həyatının bütün səviyyələrində, xüsusən kişi və qadınların münaqişələrin qarşısının alınması və həllindəki rollarını, münaqişələrin təhlil və həllinin ümumi nəzəriyyələrini əhatə edir. Məqsəd nəzəriyyələri təkcə öyrənmək deyil, onların praktikada işləyib-işləməməsini yoxlamaqdan da ibarətdir. Bu isə, öz növbəsində, jurnalistləri müstəqil tənqidi düşünmə və öyrənmə qabiliyyət və bacarıqlarını tərbiyə edir, münaqişənin təhlili və həllinə onların öz münasibətlərini formalaşdırır. Nəticədə, jurnalistlər müxtəlif amillərin törətdiyi münaqişələrlə bağlı faktları yığmaq, təhlil etmək və ümumiləşdirmək, real münaqişələrə müdaxilə etmə bacarıqlarını əldə edəcəklər. Danışıq və vasitəçilik prosesini hazırlamaq, sülh quruculuğu üçün müşahidə, müsahibə, dialoq, güzəşt (konsensus), mövqe, maraq, razılaşma, müqavilə və s. sahələrdə praktik vərdişlər qazanacaqlar.
-
Vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu barədə nə deyə bilərsiniz?
- Qeyd edildiyi kimi qadınların hökumət səviyyəsində, dövlət müəssisələrində, siyasətdə və biznesdə nailiyyət qazanmaq imkanı aşağıdır. Bu gün qadınların beynəlxalq münasibətlərdə, diplomatiyada, siyasətdə uğur qazanması nümunələri vardır ki, bu da reallıqdan kənar istisnalardır. Adətən yüksək fəallığı və bacarığı olan qadınlar özlərinə ictimai sektorda –QHT-də yer tapırlar. QHT– də qadınlar öz problemlərinin və bütünlükdə cəmiyyətin problemlərinin həllinin metodologiyasını, yollarını öyrənirlər. Lakin bütün başqa sferalarda olduğu kimi burada da qadınlar kifayət qədər fəal deyillər.
-
Birliyiniz tərəfindən hansı layihələr həyata keçirilib və nəticəsi nədən ibarət olub?
- Təşkilatımız “Qadın Problemlərinin Tədqiqat Birliyi-Qadın İnstitutu” 1998-ci ildən başlayaraq mütəmadi olaraq bir sıra layihələr həyata keçirib: qadın liderliyi və siyasi biliklər; qadınlar ədalətli seçkilər uğrunda; qadınlar biznes fəaliyyətində; qadınlar üçün sülh və gender təhsili; qadın jurnalistlər üçün sülh təhsili; jurnalistlər üçün sülh və gender təhsili; QHT-lərin dövlət strukturları ilə əlaqələrinin gücləndirilməsi; Azərbaycan qadınlarının qadın problemləri haqda biliklərinin və sülhquruculuğu üzrə bacarıqlarının gücləndirilməsi; Gənclər üçün sülh və gender təhsili və s. Bir sıra regional layihələrdə tərəf müqabilləriyik. Apardığımız işlər bir çox qadınların öz QHT-lərinin təşkilinə səbəb olmuşdur. Cəlb etdiyimiz qadınlar nəinki öz hüquqlarını bilmişlər, onu necə müdafiə etmək barəsində biliklər almışlar, bələdiyyə seçkilərində qalib gəlmişlər.
Hazırladı: xüsusi olaraq qhtxeber.az üçün Səbinə Mövsümova