-
«Xəzər» İntellektual Gənclər Klubu 9 yaşını qeyd etməyə hazırlaşır. Bu müddətdə hədəfə çatmısınızmı?
- Klubumuzun əsas məqsədi anadilli intellektual oyunlar hərəkatının inkişafına yardım etməkdir. Bu 9 il ərzində klub hər il ənənəvi olaraq təşkil olunan “Çağırış Kuboku”,
“Novruz Kuboku” kimi “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarışlar, Breyn-rinq, Fərdi oyun və Erudit-kvartet kimi intellektual oyunlar üzrə müxtəlif turnirlər, İntellektual Çoxnövçülük üzrə Universitetlərarası festivallar təşkil edib, bir çox uğurlu layihələrə imza atıb. Ənənəvi yarışlar sırasına müxtəlif universitetlərdə keçirdiyimiz daxili çempionatlar, Bakıda ölkəmizin bölgələrindən komandaların iştirakı ilə turnirlər, rayon və bölgələrdə keçirdiyimiz yarışları əlavə etmək olar. Klubumuzu təsis etməzdən öncə ölkəmizdə dövlət dilində mütəmadi intellektual oyunlar təşkil olunmurdu. Mütəmadi dedikdə, hər həftə müəyyən bir klubda, müəyyən bir məkanda yarışlar keçirilmirdi. Nə qədər təəccüblü səslənsə də, «Xəzər» İntellektual Klubu 2001-ci ildə yaradılana qədər bu istiqamətdə iş aparılmamışdı. Yəni «Xəzər» anadilli intellektual oyunlar tarixində ilk ixtisaslaşmış təşkilat oldu. O vaxt qarşıya qoyulan ilk məqsəd bu təşkilatı qorumaq və yaşatmaqdan ibarət idi. Bu məqsədin öhdəsindən gələ bildik.
-
«Xəzər» anadilli intellektual oyunlar tarixində ilk ixtisaslaşmış qurumdur. Bəs, indi - 9 il sonra vəziyyət necədir? Bu istiqamətdə rəqabət var?
- Bu sahədə xeyli dəyişiklik var. Təşkilatımızın sonrakı uğurlu fəaliyyəti ölkəmizin bəzi ali təhsil müəssisələrində intellektual klubların yaradılması ilə nəticələndi. Klubunun fəaliyyəti gənclər arasında intellektual oyunların geniş yayılmasına, intellektual hərəkatın genişlənməsinə yol açmaqla yanaşı, ölkəmizin bəzi universitetlərində belə oyunların təşkili ilə məşğul olan oxşar klubların yaramasına stimul verdi. Klubumuzun üzvləri və təşkil etdiyimiz yarışların iştirakçıları onun ənənələrini öz təhsil müəssisələrinə apararaq yeni klubların yaranmasına səbəb oldular. Beləliklə, vaxtilə təkbaşına başladığımız bu ictimai iş ardıcıllarımız tərəfindən davam etdirildi. Həmin klublar bizim vaxtilə hazırladığımız formatı, rusdilli oyunlardan əxz etdiyimiz və tərcüməsini təşkil etdiyimiz qaydalar kodeksini, vaxtilə təcrübədən çıxardığımız forma və metodları öz təşkilatlarına tətbiq etdilər. Ancaq bu klublar hələ də həmin universitetlərin tərkib hissəsidirlər və müstəqil fəaliyyət göstərə bilmirlər. Klubumuz hal-hazırda da intellektual hərəkatın genişlənməsi, onun effektiv forma alması üçün çalışır. Ötən il həyata keçirməyə başladığımız “Mənim Klubum” layihəsi intellektual klubların olmadığı universitetlərdə belə təşkilatların yaradılması, onları maddi-texniki baza ilə təmin edilməsi və ən başlıcası, oyunların eyni zamanda müxtəlif məkanlarda sinxron təşkil edilməsi, daha sonra isə bütün nəticələrin ümumiləşərək ən güclülərin müəyyən edilməsini ehtiva edir. Belə olduqda ayrı-ayrı məkanlarda yarışan iştirakçılar nəticədə öz bilik və bacarıqlarını yarışdıqları məkandan çıxmayaraq sınaya bilirlər. Layihə artıq Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetində uğurla davam etdirilir.
-
Bir çoxları üçün maraqlı olardı, klubun sıralarına necə qoşulmaq olar?
- Klub öz sıralarında yaşından asılı olmayaraq intellektual oyunlara maraq göstərən şəxsləri birləşdirir. İntellektual oyunlar sahəsində kifayət qədər təcrübəyə, müxtəlif ixtisasa və intellektual səviyyəyə malik olan şəxsləri ətrafına toplayaraq həm ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşmış intellektualların bilik mübadiləsi məkanı rolunu oynayır, həm də istedadlı yeniyetmə və gənclərin daha təcrübəli bilicilərlə ünsiyyət və müsabiqə yolu ilə bilik və təcrübə toplanmasına şərait yaradır. Klub hər həftə təşkil etdiyi oyunlarını Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetində keçirir. Hal-hazırda Klubda hər şənbə və bazar günləri 3 intellektual liqada 52 komandada 312 iştirakçı yarışır. İştirakçılarımızın sayının belə çox olması, təşkilatımızın tarixindən, oyunlarda “fair-play” qaydalarına riayət olunmasından xəbər verir. Yaxınlarda PR xidmətimizin mətbuat üçün də açıqladığı məlumatında fəaliyyətimizin 9 ili ərzində təşkil etdiyimiz yarışlardan və həyata keçirdiyimiz layihələrdən 15000-ə yaxın şəxsin yararlandığını xüsusilə vurğulamaq istərdim.
Bu səbəbdən «Xəzər» Klubunun Azərbaycanın ən böyük və nüfuzlu təşkilatlarından biri hesab edilməsi təsadüfi deyil. Təşkilatımızın səs-küylü adı, 15-20 nəfət üzvü olan digər ictimai birliklərdən əsas fərqi onun ciddi, intellektual və işgüzar nüfuzlu üzvlərə malik olmasıdır. Məhz üzvlərimizin sayəsində «Xəzər» QHT sektorunda öz iddiası ilə çıxış edir. Biz, öz yerimizi çox yaxşı bilir və potensialımızın reallaşdırılması üçün səylə çalışırıq.
-
Klubunuzda təşkil olunan oyunlar iştirakçıların intellektual inkişafına necə təsir göstərir?
- Təşkil etdiyimiz intellektual oyunlar rəqabət mühiti şəraitində iştirakçıların bilik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Malik olduğumuz təcrübə onu deməyə əsas verir ki, keçirdiyimiz oyunlar insanların dünyagörüşünün və maraq dairələrinin genişlənməsinə, müxtəlif hadisə və proseslərlə bağlı şəxsi fikrin formalaşmasına, cəmiyyətdəki proseslərə daha fəal yanaşma tərzinin aşılanmasına, xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mədəni dəyərləri barədə daha dərin informasiya əldə edilməsinə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkinməsinə və onların asudə vaxtının səmərəli təşkilinə mühüm təsir göstərir. Bu baxımdan intellektual oyunların rolu əvəzsizdir.
Təşkilatımızın üzvləri ən müxtəlif maraqların və peşələrin nümayəndələridirlər. Klubumuza yeni qoşulan hər bir şəxs təşkilatımızın nüfuzunu onun üzvlərinin cəmiyyətdə tutduqları mövqeyinin hər bir üzvün öz əməyi və intellektual oyunların vasitəsi ilə formalaşmasını çox yaxşı başa düşür. “Xəzər” Klubunun hər bir üzvü tələbədirsə öz universitetində, hansısa şirkətdə çalışırsa öz müəssisəsində şəksiz liderdir. Klub 9 illik fəaliyyəti ərzində müxtəlif şirkətlərdə qərar qəbuledici pozisiyalarda və dövlət qulluğunda çalışan yüzlərlə kadr hazırlayıb. Onlar arasında məşhur jurnalistlər və hüquqşünaslar, uğurlu menecerlər və mühəndislər üstünlük təşkil edir.
-
Hansı təşkilatlarla əməkdaşlıq edirsiniz?
- Fəaliyyətimiz ərzində təşkilatımız bir çox dövlət müəssisələri, özəl şirkətlər və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edib. Son dövrlər təşkilatımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə uğurla iş birliyi həyata keçirir. Dövlətin gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyininin dəstəyi ilə «Mənim klubum» layihəsini reallaşdırırıq. Digər bir önəmli tərəfdaşımız “İrəli” İctimai Birliyidir. Bu təşkilatla birgə hazırladığımız konsepsiyaya uyğun olaraq ötən il “Payız Kuboku”, bu il isə “Qış Kuboku”nu təşkil etmişik. “Xəzər” Klubu onunla əməkdaşlıq etmək istəyən hər bir təşkilatla iş birliyinə daxil olmağa hazırdır.
-
Nə? Harada? Nə zaman? oyununun TV versiyasında ilk anadilli komandanın kapitanısınız. Komanda üzvləriniz barədə oxucularımızı məlumat verin.
- “Xəzər” Klubunun ölkənin ilk anadilli intellektual mərkəzi olmasını və üzvlərinin ciddi uğurlarını nəzərə alan TV versiyanın müəllifləri təşkilatımızın altı üzvünü belə şərəfə layiq görüblər. Komandamızın üzvləri hüquqşünas Oqtay Məhərrəmov, tərcüməçi-şair Cavid Abbasov, iqtisadçı Orxan Cəfərov, bloger Əli Novruzov və tele-aparıcı Tural Dadaşovdur. Mən isə iqtisadi-analitik nəşrin redaktoruyam. Elitar Klubda iki oyun keçirən komandamız ilk oyunda televiziya tamaşaçılarını məğlub etməklə finala vəsiqə qazanmış, finalda qalib gələrək 2009-cu ilin ən yaxşı komandası adına layiq görülüb. Bu il də uğurlarımızın davamlı olacağına ümid edirik.
-
Beynəlxalq yarışlarda ölkəmizin qazandığı nailiyyətlər barədə nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi “Nə? Harada? Nə zaman?” oyununun vətəni Sovet İttifaqıdır və bu oyun əsasən rus dili ilə bağlı olan ölkələrdə yayılıb.
Bu səbəbdən “Nə? Harada? Nə zaman?” oyunu üzrə beynəlxalq turnirlərin rus dilində təşkil olunması təsadüfi deyil. Azərbaycan bir çox beynəlxalq intellektual çemponatlara ev sahibliyi etməklə postsovet məkanında intellektual mərkəzlərdən biri olduğunu sübut edib və yerli komandalarımız həmin turnirlərdə uğurla çıxış ediblər. Sevindirici haldır ki, Rusiyanın ORT kanalında yayımlanan “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarışlarda həmyerlimiz, Azərbaycan millisinin kapitanı Balaş Qasımovun kapitanlıq etdiyi komanda son zamanlar Moskva Elitar klubunun ən güclü komandalarından biri hesab olunur. Digər həmyerlilərimiz Rövşən Əsgərov, Dmitri Avdeenko və Adnan Axundov da Moskva Elitar Klubununda çıxış edirlər. Bu ilin əvvəlində Moskvada, STS kanalında yayımlanan «Breyn-rinq» tele-layihəsində Tahir Musayevin komandası rəqib tanımayıb.
-
Klubun yaxın gələcək üçün planları nədən ibarətdir?
- Bu il “Xəzər” İntellektual Gənclər Klubu rebrendinq siyasətini həyata keçirməyə başlayacaqdır. Belə ki, təşkilatımızın adının nisbətən uzun olması onun bir brend kimi yadda qalmasında bəzi çətinliklər yaradır. Rebrendinq nəticəsində təşkilatımızın adı Xəzər İntellektual Klubu olacaqdır. Rebrendinq bizə yalnız gənclərlə işləməyimiz stereotipini qırmağa, daha çevik və iddialı ada malik olmağa imkan yaradacaqdır. Biz yeni brend altında yalnız gəncləri deyil, daha yüksək sosial statusa malik insanlar qrupunu öz layihələrimizin iştirakçısına çevirə bilərik. Əsas planımız instutisional inkişafdır. Hər bir üzvümüzün potensialından istifadə etmək çox önəmlidir. İştirakçıların sayı artdıqca təşkilatın struktur bölmələrinin işinin də çoxalması bəzi çətinliklər yaşadır. Təşkilati strukturun yeni təkmil formasını qurmaq, çevik və lazımi qərarların qəbulunu asanlaşdıran mükəmməl idarəetmə sisteminin yaradılması əsas hədəflərimizdən biridir.
Konkret fəaliyyətə gəldikdə isə «Mənim Klubum» layihəsinin icrasını davam etdiririk. Layihə çərçivəsində bir sıra ali məktəblərdə vahid intellektual liqa yaradılması prosesi başa çatmaq üzrədir. Tezliklə, Nə? Harada? Nə zaman? oyunu üzrə «Yaz kuboku» və Breyn-rinq oyunu üzrə “Xəzər Kuboku” turnirinə hazırlıq prosesi gedir. Təşkilatımız məktəbliləri də unutmayıb. Bir zamanlar mövcud olan «Məktəb liqası»-nın yenidən bərpası istiqamətində addımlar atılır.
Hazırladı: xüsusi olaraq qhtxeber.az üçün Səbinə Mövsümova