qhtxeber.az/ Dünya Bankı 2010-cu il üzrə “Vətəndaş Cəmiyyəti Fondu Proqramı” üçün müraciətlərin qəbulu dövrünün başlanmasını elan edib. Dünya Bankının Azərbaycandakı Nümayəndəliyindən qhtxeber.az-a verilən məlumata əsasən, bu ilki proqramın mövzusu “Yol hərəkətinin təhlükəsizliyi” adlanır.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, donor təşkilat Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarını Vətəndaş Cəmiyyəti Fondunun 2010-cu il proqramına öz layihələrini təqdim etməyə dəvət edir.
Layihələr yollarda təhlükəsiz hərəkətin təşviq olunması məqsədilə müasir media vasitələrindən istifadə etməklə bir dəfəlik, böyük əks-sədaya malik olan və kompleks fəaliyyət kampaniyalardan ibarət olmalıdır. Yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları və ya bədən xəsarətləri ayrı-ayrı fərdlərə yönəlir, onların cəmiyyətə ümumi təsiri bir çox hallarda görünmür və nəzərdən qaçırılır. Keçmiş Sovet İttifaqı, Balkan, Baltik və Mərkəzi Avropa ölkələrində və Türkiyədə xüsusilə ötən onillik ərzində yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları epidemiya səviyyəsinə çatıb və yol-nəqliyyat hadisələrinin ölüm halları ilə nəticələnməsi ehtimalı Qərbi Avropa ilə müqayisədə iki-üç dəfə yüksəkdir.
Dünya Bankının “Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi” adlanan son hesabatında qeyd olunur ki, yol-nəqliyyat hadisələri nəticəsində insanların zədələnməsi Avropa və Mərkəzi Asiya ölkələrində ölüm hallarının 10 əsas səbəbinə daxildir. 2010-cu il VCF proqramı yuxarıda göstərilmiş məqsədlərə nail olmağa imkan verən konfransları, geniş iştirakı cəlb edən forum və tədbirləri dəstəkləyir.
Bankın Azərbaycan nümayəndəliyindən bildirilib ki, kiçik qrantlar aşağıdakıları dəstəkləmir: tədqiqat proqramlarını, elmi-təhsil proqramlarını, əməliyyat layihələrini, davam etməkdə olan institusional yardımı, təhsil üçün təqaüdləri, tədris proqramlarını və ya fərdi müraciətləri, o cümlədən səfərləri.
Dünya Bankı bu proqram üçün 40 000 ABŞ dolları həcmində vəsait ayırmışdır. Hər bir qrantın məbləği 3000 – 7000 ABŞ dollar təşkil edir. Qrant layihələri müsabiqə əsasında seçiləcək və ən azı iki illik praktiki və fəal təcrübəyə malik olan yerli qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarına veriləcək. Müraciət edən təşkilatlara layihənin icrasına sadiqliklərini nümayiş etdirmək üçün onun xərclərinin bir qismini nağd və ya natura formasında öz üzərilərinə götürməkləri tövsiyə olunur.
Ərizələr aprelin 25-dək Nizami 90A küçəsi, Landmark III-də yerləşən Dünya Bankının Azərbaycandakı Nümayəndəliyində Azərbaycan və ya ingilis dillərində qəbul olunacaq. Qalib layihələr 2010-cu il may ayının 1-dək elan olunacaq. 2010-cu il Vətəndaş Cəmiyyəti Fondu Proqramı üçün ərizə formasını əlavə olunur. Ərizə formasını yükləyinƏlavə məlumat üçün www.worldbank.org.az internet səhifəsinə baş çəkməyi xahiş edirik. Sualları Vətəndaş Cəmiyyəti Fondu Proqramının əlaqələndiricisi, xanım Nigar Sadıqovaya ünvanlandıra bilərsiniz. Tel: (012) 4921941
|