Bəzi dini mülahizələri əsas götürərək siğə, muta və müvəqqəti kəbin kimi tanınan qondarma "izdivac" təzahürləri, deyəsən, bir əsrlik fəsilədən sonra yenidən boy verir. "Of! Hardasan, ay Sovet hökuməti?". Bu sözləri bir ağsaqqal məscid önünə yığılmış əli təsbehli, nəyi isə kəskin müzakirə edən saqqallı gəncləri süzərək söylədi."Bir neçə il əvvəl dul bir qadınla yaxın münasibətdə idim və qərara gəldim ki, onunla müvəqqəti siğə kəsdirim. Siğənin müddəti bunu edənin istəyindən asılı olduğu üçün mən hər dəfə bu müddəti 1 illik təyin edirdim" - deyə Fariz Məmmədov adlı şəxs indiyəcən baş vurduğu siğə münasibətlərindən danışdı. Özünü imanlı bir şəxs adlandıran Fariz deyir ki, bu günə kimi iki ərsiz qadınla fərqli müddətlərdə belə "müvəqqəti kəbini" olub.
"Sİğənin müddəti bir neçə illik, aylıq, hətta bir günlük və ya bir neçə saatlıq da ola bilər və bu izdivac yalnız hər iki şəxsin özünün iştirakı ilə bağlanmaqla müvəqqəti kəbin sayılır. Yəni
xüsusən namaz qılan kişi və qadınlar üçün zina, günah olmasın deyə, belə yaxın münasibətləri bir növ rəsmiləşdiririk. Mən siğə etdiyim hər bir qadının mehrini lazımınca ödəmişəm" - deyə müsahib hərəkətlərini "əsaslandırır".
Fariz siğə üçün xüsusi dua yazılmasının vacibliyini və belə bir duanı məscidə (Şah Abbas) namaz qılmağa gələn yoldaşlarından aldığını bildirir.
"Belə bir duanı qadınlar da ala bilərmi?" sualına isə müsahibim: "Siz özünüz orada namaz qılan qadınlardan bunu çox rahatlıqla əldə edə bilərsiniz" - deyə cavab verdi, hətta Fariz özünün Qeyd-muta (siğə) duasının əlyazma formasını bizim üçün də gətirdi.
Bir deyir "siğəyə" meyil çoxdur
Sözügedən məsələ haqda şiə və sünni cərəyanlar arasında fikir ayrılığı mövcuddur. Şiələr özlərinin təqlid etdikləri alimlərin fikrinə əsaslanaraq deyirlər ki, muta nikahı islamda qəbul olunandır. Sünniməzhəb müsəlmanlar isə bunu qəti inkar edirlər.
Şahsevənlər Məscidinin imamı Hacı İlham deyir ki, hazırda Gəncə şəhərində müvəqqəti nikah kimi anlaşılan siğəyə meyil edənlər çoxdur:
"Heç kimə sirr deyil ki, "Belə işlər birbaşa şəhərin nüfuzlu dindarlarının əli ilə görülür. Hansı ki, buna "müvəqqəti kəbin" adı qoymaqla qadınları da günaha cəlb edirlər. Şiə alimləri Qurandakı Ən-Nisa (Qadınlar) surəsinin 24-cü ayəsinin sonuncu bəndinə (İstifadə (muta) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!) istinad edərək muta nikahına haqq qazandırırlar. Lakin onlar bu ayənin əvvəlki bəndlərini bir növ diqqətdən yayındırırlar: (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi).
Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Ən-Nisa surəsi, 24-cü ayə".
Bəs görəsən şəhər məscidlərində dindarlar necə, belə siğələrin bağlanması üçün müraciətləri qəbul edirlərmi?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Gəncə şəhərində rəsmi olaraq 6 məscid (Şah Abbas (Cümə), Qazaxlar, Şahsevənlər, Qırıxlı, Həzrəti Zeynəb və Fatimeyi-Zəhra) fəaliyyət göstərir.
Camelərin imamları bildirdilər ki, onların ibadətgahında dini nikah kəsilir, şəhadətnamə verilir, lakin müvəqqəti kəbin (siğə) olunmur. Deyilənlərin səmimiliyinə inanıb üz tutduq şəhərin mərkəzi məscidi sayılan və dini idarəçiliyin yerləşdiyi Şah Abbas (Cümə) Camesinə. Şəhərin axundu Hacı İskəndər onların dini idarəsində heç bir kəsə müvəqqəti kəbinin kəsilmədiyini, ümumiyyətlə, burada belə hallara yol verilmədiyini söylədi.
"Əlbəttə, siğə etmək dində qadağan olunmayıb, sadəcə onun özünün də müəyyən şərtləri var.
Lakin nə mən, nə də burda çalışan digər din xadimləri muta nikahı etmirik. Buraya yüzlərlə adam gəlir, onların nə işlə məşğul olmalarına biz cavabdeh deyilik, yalnız öz gördüyümüz işlərə cavab veririk".
Bu işi "düzüb-qoşanlar" varmış
Amma son illər Gəncə şəhərində gəzən söz-söhbətlər bu eşitdiklərimizin əksini deyirdi. Biz bu məsələləri yoxlamaq üçün "kəşfiyyata" yollanmaq qərarına gəldik.
Öyrəndik ki, şəhərdə bu işləri "düzüb-qoşan" adamlar mövcuddur.
Əvvəlcədən tanıdığımız, Ruziyyə (ad dəyişdirilib) adlı qadınla görüşdük. Söhbətdən bəlli oldu ki, onun həyat yoldaşı bir neçə il olar dünyasını dəyişib, bir övladla dul qalıb. Bir müddət sonra subay bir şəxslə yaxınlığı olub və bu şəxslə əvvəlcə siğə kəsdirmək istəsə də, sonra bu fikirdən vaz keçib:
"Mən hətta siğə haqda məlumat almaq üçün məscidə gedib ora gələn qadınlarla görüşdüm. Onlar da mənə əvvələn məscidin həyətində dini ədəbiyyat və ləvazimat satılan köşkdən bir "siğə duası" almağımı məsləhət vermişdilər. Lakin yaxın qohumlarımdan biri mənə bu hərəkətin nə demək olduğunu, onun müvəqqəti və qeyri-ciddi münasibət olduğunu başa saldı. Əslində belə şeylər münasibətlərin müvəqqəti olacağına eyham vurur. Belə anlaşılır ki, kiminsə xoşuna gələcəm və məni bir neçə günlük siğə edəcək, sonra lazım olmayan vaxt çıxıb gedəcək. Belə qeyri-ciddi yaxınlığı mən qəbul etmirəm. Bundan sonra mən belə şeylərə nifrət etdim. Və heç vaxt nə muta nikahına, nə də dini kəbin kəsdirməyə meyilli oldum. İndiyəcən də biz həmin şəxslə çox mehriban, xoşbəxtik" - deyə müsahibim qeyd etdi.
Ruziyyə deyir ki, siğə edənlər və bunu islamda doğru yol kimi qələmə verib digər şəxslərə də məsləhət görənlər Şah Abbas məscidinə tez-tez gəlirlər. Bizi maraqlandıran suallara cavab ala bilməyimiz üçün o, bizə belə şəxslərdən birinin telefon nömrəsini verdi.
Obraza girməli olduq
Sevda xanım (ad şərtidir) deyilən həmin qadınla görüşməyə çox asan müvəffəq olduq. Ondan deyilənlərin nə dərəcədə həqiqətə uyğun olmasını öyrənmək üçün, necə deyərlər, obraza girməli olduq. Onunla söhbətimizdə bizi həm təəccübləndirən, həm də bizdə ikrah doğuran hisslər yaşadıq. Əvvəl mənimlə bu barədə söhbət etməyə ehtiyat edən müsahibim sonradan obrazımın "təbiiliyini" görüb, ürəyini açdı.
Mən ona guya dul olduğumu və həyatımda subay bir oğlanla yaxın münasibətdə olduğumu, həmin oğlanın isə namaz əhli olduğundan bu münasibəti qanuni şəklə salmaq üçün mənə siğə nikahı təklif etdiyini dedim. Bu addımın nə dərəcədə doğru olduğunu və nə etməli olduğumu soruşdum.
Sevda dedi ki, 4 ildir namaz qılır, məscidə gedir və islam qaydalarından az-çox xəbərdardır və bu "əsasla" da məsləhət verməyə girişdi:
"Sənin onunla birlikdə olmağın günah sayılmır, bəli, doğrudan da onunla siğə etdirməlisən. Hətta arzu olunandır ki, mutanı onunla yaxınlıq etdiyin gündən oxutdurasız. Bunun üçün siz birlikdə və ya oğlan özü məscidin imamına müraciət etsin (şəxsiyyət vəsiqələrinizi aparmaqla) və desin ki, "bu qadın mənim halalımdır, bizim siğəmizi oxuyun". Qiymətini dəqiq bilmirəm, hər halda çox baha deyil, amma bunu etdirməyiniz məqsədəuyğundur. Mən belə hallarla çox qarşılaşmışam, evli kişilər yaxınlıq etdikləri qadınların hamısı ilə siğə etdiriblər".
- Bəs valideynləri onu başqası ilə evləndirsə necə, bizim siğəmiz pozulmayacaqmı?
- Yox, mən özüm oxumuşam ki, islamda hər kişiyə 4 qadın düşür.
Suallarıma mənə lazım olan "qeneedici" cavabları aldıqdan sonra "bir rəfiqəmin taleyi" haqda "maraqlı" bir sual verdim.
- Mənim bir rəfiqəmin ailəsi, övladı var, lakin həyat yoldaşı bir neçə ildir Rusiyadadır. Ora getdiyi müddətdən ailəsini axtarmır, gəlmir. Hazırda həmin qadının həyatında bir şəxs var. Onların da siğə etdirməsi mümkündürmü, yəni günah sayılmaz ki?
- Yox, günah deyil, mən özüm dini kitablardan oxumuşam ki, əgər kişi 4 aydan artıq öz qadınına yaxın getmirsə, həmin qadın başqa kişi ilə siğə kəsdirə bilər. Bu "dəyərli məsləhət"i də aldıqdan sonra Sevda xanımla sağollaşıb ayrıldıq. Onunla söhbətimizdə bizi əndişələndirən məsələ, evli qadının ailəli ola-ola başqa kişi ilə siğə etdirməyinin "mümkün olması" və bunun islam qanunlarına uyğun olduğunun iddia edilməsi oldu.
Bu məsələ haqda da Şahsevənlər məscidinin imamı Hacı İlhamdan bilgi əldə etmək istədik.
Aytən ƏLƏKBƏROVA, Ayna qəzeti